Sülhməramlılar Laçın dəhlizini tərk edir. Azərbaycan onların qanunsuz əməlləri haqda bildirir
Sülhməramlılar Laçın dəhlizindən gedir
Rəsmi Bakı Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolun 2022-ci il yayın sonunda istismara veriləcəyini bildirib. Bu yol 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ inşa edilir. Azərbaycan tərəfi Qarabağda Rusiya sülhməramlılarının qanunsuz əməllərinin artdığı haqda da bildirib.
- Qarabağda vəziyyət dəyişməyib, qaz təminatı bərpa ediləcək
- Azərbaycan Ermənistandan yan ötməklə Naxçıvana yol çəkəcək
- “Bizi Rusiya ilə üz-üzə qoymaq istəyirlər” – Azərbaycanın keçmiş XİN rəhbəri
Sülhməramlılar Laçın dəhlizini təhvil verməyə hazırlaşır
Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq üç il müddətində Ermənistanı Qarabağın ermənilərin yaşadığı hissəsi ilə birləşdirən Laçın dəhlizinə alternativ yol inşa edilməli idi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu ərazi RF sülhməramlı kontingentinin nəzarəti altındadır.
Amma rəsmi Bakı bildirib ki, yeni yol bu yay istismara təhvil verilməlidir və bu zaman strateji Laçın-Şuşa yolu və Laçın şəhərinin özü tam olaraq Azərbaycanın nəzarəti altına keçəcək. Rusiya sülhməramlıları da artıq yeni yolun mühafizəsi üçün yerdəyişmə edəcək.
Sülhməramlıların qanunsuz əməlləri
Azərbaycanın rəsmi çevrələrinə yaxın olması ilə tanınan caliber.az saytı 2022-ci il iyulun 20-də Laçın dəhlizindəki Rusiya sülhməramlı kontingentinin hərbçilərinin Laçın rayonunun Qarakaxa kəndində birmərtəbəli yaşayış binasının damını sökdüklərini əks etdirən eksklüziv video-görüntülər yayıb.
Nəşrin bildirdiyinə görə, “qarətçilərin binanın şifersizləşdirilməsi üzrə həyasız xüsusi əməliyyatının təhlükəsizliyini onların silahlanmasında olan BTR-82A təmin edib”.
Rusiya sülhməramlılarının iştirakı ilə başqa bir insident Ağdamda nəzarət-buraxılış məntəqəsində baş verib. Caliber.az bildirir ki, Azərbaycan hərbçiləri Əsgəran-Ağdərə istiqamətində hərəkət edən Rusiya sülhməramlılarının kolonunu – BTR-82A və üç “Ural” – yoxlanış üçün saxlayıb.
“Avtomobillərin yoxlanışı zamanı onlardan birinin yük yerində sənədlərdə göstərilməyən beş Kalaşnikov avtomatı aşkarlanıb”, – məlumatda deyilir.
Laçın dəhlizində fəallıq
2022-ci ilin may ayının son günlərindən başlayaraq Azərbaycan SQ-nin kolonları Şuşadan Laçın istiqamətində və geriyə Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət etməyə başlayıb. Bu haqda sülhməramlıların RF Müdafiə Nazirliyinin gündəlik bülletenlərində dərc olunan hesabatlar da xəbər verir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan kolonlarının bu istiqamətdə hərəkəti olmaylb. Görünən odur ki, bu, Ermənistandan Qarabağa yeni yolun inşası ilə əlaqədardır və Azərbaycan kolonlarında yalnız hərbçilər deyil, həm də inşaatçılar və texnika da olur. Bu haqda “Turan” xəbər verib.
Nəşrin məlumatına əsasən bu hərəkətliliyin intensivliyi və coğrafiyası tədricən genişlənir. İyunda Azərbaycan kolonları Zarıslı, Laçın şəhəri və Kiçik Qaladərəsi kəndinə mütəmadi gedib-gəlməyə başlayıblar.
Həmçinin iyunda Azərbaycan kolonları Laçın rayonunun Pircahan, Qarakaha (Laçının kənarı) kəndlərinə, Qızıldaş dağına (Şuşa və Laçın arasındakı yolda ən hündür yüksəklik), o cümlədən də eyni yolun üstündə Zarıslı və Turşsu qəsəbələrinə tez-tez gedib-gəliblər.
İyulda Azərbaycan kolonlarının səfərləri demək olar ki, gündəlik hal alıb və Laçın rayonunun Sus və Zabux kəndlərini əhatə edib. Qeyd etmək lazımdır ki, son kənddə ermənilər yaşayır.
“Kolonların ən intensiv hərəkəti son iki həftədə müşahidə olunur – 3-4 kolon ora və geri. İyulun 19-da Şuşa-Zabux və Şuşa-Zarıslı marşrutu üzrə 4 kolon, 20-də isə artıq 8 kolon keçib”, – mənbə yazıb.
Bu yol Azərbaycanın nəyinə lazımdır?
Azərbaycanlı ekspertlərin sözlərinə görə, Laçın dəhlizi Laçın şəhərinin içindən keçdiyi üçün Rusiya sülhməramlılarının bir hissəsi məhz rayon mərkəzində yerləşib.
Alternativ yolun inşasının məqsədlərindən biri onun Laçından keçməməsindən ibarətdir. Bununla da Azərbaycan Rusiya sülhməramlılarını şəhərdən çıxara biləcək. Amma bu qətiyyən sülhməramlı kontingentin ərazidən çıxarılması demək deyil, Rusiya hərbçiləri sadəcə yeni yola doğru yerlərini dəyişəcəklər.
İstənilən halda alternativ yol sülhməramlıların hərəkət arealının məhdudlaşdırılması və gələcəkdə regiondan tam çıxarılması elementlərini özündə əks etdirə bilər.