Qarabağdan üç qadının hekayəsi - müharibə və sülh haqda
1988-1994-cü illərdə Qarabağ müharibəsində Ermənistan tərəfindən 200 qadın iştirak edib, onlardan 42 nəfəri döyüş meydanında həlak olub. Müharibənin ikinci qaynar dövrü – 2016-cı ilin 4 günlük aprel müharibəsi haqda məlumat yoxdur. Amma başqa statistika var: aprel gərginliyindən sonra hərbi təhsil almaq istəyən qızların sayı demək olar ki, iki dəfə artıb.
Birinci müharibə: Kukla Babo
Yerevandan Qarabağın Şuşa şəhərinə altı saatlıq yoldur. Sürücü cibindən mavi gül şəklində olan balaca sırğa çıxarır:
“10 gün əvvəl Qarabağa bir ailə aparmışam. Onlarla bir qız uşağı da varıydı. Bu da onun sırğasıdır, düşüb. Valideynlərini tapıb qaytarmaq üçün cibimdə saxlamışam”, – mavi gül şəklində olan balaca sırğanı göstərən orta yaşlı sürücü deyir.
Bilmirəm, o, sırğanın sahibini tapdımı. Biz Şuşada başqa gözəli axtarırdıq – Yevgeniya Arustamyanı.
Qırışlı üz və qısa ağaran saçlar – bu, odur, bir vaxtlar şəhərin birinci gözəli olan, indiyə qədər də Kukla adlandırılan Babo [nənə].
Ev böyük və işıqlıdır. Ev elə təmizdir ki, sanki qonaq gözləyirdi.
Televizorun yanında iki şəkil var, biri özünün 16 yaşındakı şəkli, digərində isə oğludur.
“Bu mənim Armenimdir. Kiçik oğlum. Bax, gör gözlərinin rəngi necə gözəldir. İki il əvvəl ölüb”, – Babo deyir.
O, oğlunun itkisini ağır keçirir, istintaqın bütün halları araşdırmadığını hesab edir. Heç cür qəbul edə bilmir ki, müharibənin belə ona yazığı gəldi, oğlunu əlindən almadı, bədbəxt hadisə isə ona aman vermədi. Mövzunu dəyişmək üçün soruşuram: “Babo, sənə tez-tez aşiq olurdular?”
“Yox məndən qorxurdular. Çox sərtiydim. Sevdiyim oğlan varıydı… Amma mən də, o da sevmədiklərimizlə ailə qurduq. Həyat belə gətirdi”, – qadın danışır.
“O vaxt demokratiya yoxuydu. Ərim mənim “sahibim”iydi. Anam artıq yoxuydu, kömək edəsi adamım qalmamışdı. Mən işləyirdim, uşaqlar isə başlı başına böyüyürdü. Böyük övladlarım müharibə əlilləridir, ikisinin də döyüş yaraları var. Biri Leninqrada getdi, qayıtmadı, digəri isə indiyədək xidmət edir. Ərimin ölümündən sonra Armenlə tək qaldıq. Bu evdə gördüyün hər şeyi o yaradıb, amma özü yaşamağa çatdırmadı”, – paltaryuyan maşının qapısını quru əski ilə silən Babo deyir.
O hər dəfə paltar yuyandan sonra belə edir. Paltaryuyan maşın Armenin hədiyyəsidir, xarab olmasına yol vermək olmaz.
1992-ci ildə dörd qardaşı kimi iki oğlu da cəbhəyə könüllü yollanır. Babo danışır ki, elə həmin ildə də “qadın dəstəsi” formalaşır.
“12 nəfəriydik, hamısı da qadın. Bütün dəstənin bir snayper tüfəngi varıydı, qalanlarında avtomat. Mən snayperiydim. 23-24 avqust 1992-ci il tarixində Kubatluda əməliyyatımız varıydı. Həmin gün qızlardan birini itirdik, iki nəfər yaralandı, onlardan biri məniydim”, – Babo danışır və paltarının ətəyini qaldırır.
Dizindən sinəsinə qədər bütün bədəni boyu səliqəsiz tikiş uzanır.
“Üç gün “qadın dəstəsi” hərbi əməliyyatlarda iştirak edir, növbəti üç gün evdə olurdu. Evə gəlirdim, yemək bişirirdim, paltar yuyurdum. Yaralılara qulluq edirdim. Nə etməliydim? Özümün müharibədə iki əsgərim varıydı”, – Babo deyir.
Bilir ki, hərbi hissəyə getməyə hazırlaşırıq və bizə çay dəmləmək üçün topladığı bitkilərlə dolu böyük paket, peçenye və konfet dolu torba verir – əsgərlərə çatdırmaq üçün.
İkinci müharibə: Narine
Mən Narineyə – artıq cəbhədə olan miniatur, gülümsəyən tələbə qıza baxıram. Onunla birlikdə evinə – Ermənistanın Tavuş əyalətinə, Nerkin Karmiraxpür kəndinə gedirik. Burada Narine Vardanyan yaşayır. Bu kənddən Azərbaycanın mövqelərini asanca görmək olur.
“Bax, bu, unikal maşındır. Onun iki damı var, biri daimidir, o biri müvəqqəti. Əsas damda mərmi deşiyi var. Müvəqqətini biz kabinanı qardan və yağışdan qorumaq üçün bağlayırıq. Atam bu maşınla üzümlüyə məhsulu yığmağa gedir. Bağımız Azərbaycan mövqelərinin düz altındadır. Yəqin ki, bütün snayperlər qırmızı damında böyük dəlik olan bizim bu maşını tanıyır”, – kəndə çatanda Narine deyir.
2016-cı il aprel müharibəsi başlayan gün qız yaxınlarına Qarabağa, cəbhəyə könüllü getdiyini deyir.
“Bu müharibə pis bağlanmış kran kimidir: kap-kap-kap. Biz yoruluruq. Müharibə pisdir, doğru deyil”, – Narine deyir.
“Sərhədin o tayında və bu tayında bir-birimiz haqda ancaq kitablardan bilirik. Yadımdadır ki, uşaq vaxtı türklərin qorxunc məxluq, insan olmadıqlarını düşünürdüm. Əminəm ki, sərhədin o biri tayında da eyni şeyləri düşünürlər. Biz qarşımızda eyni arzular, qorxularla yaşayan bizim kimi insanların olduğunu anladığımız zaman ola bilsin, nə isə dəyişdi”, – cəbhədən qayıdan qız deyir.
Yataq otağının pəncərəsinə demək olar ki, işıq düşmür, atası onu yarıya qədər böyük daş və taxta ilə örtüb. Bu pəncərə Azərbaycan mövqelərindən aydın görünür. Snayperlər bir neçə dəfə ora atəş açıb. Güllənin biri hələ də pəncərə taxtasındadır. Narine öz yatağının yerini dəyişmir.
“İki il əvvəl avqust ayında sərhəddə gərginlik olanda insanlar heç olmasa öz uşaqlarını təhlükədən qorumağa çalışırdı. Dayanmadan, gecə də, gündüz də atəş açırdılar. Valideynlərim məni evdən çıxara bilmədi. Bilirdim ki, evdən indi çıxıb getsəm, sonra geri dönə bilməyəcəm, utanacam”.
“Nar, sülhü necə təsəvvür edirsən?”, – deyə ondan soruşuram.
“Sülh? Bu gün atəş açmayıblarsa, deməli sülhdür. Atəşsiz, qurbansız bir gün bizim yaşadığımız yarımçıq sülhdür”, – o deyir. – “İstərdim ki, məsələ danışıqlar yolu ilə həll olunsun. Problem ondadır ki, insanlar orada hansı razılıqların əldə olunduğundan xəbərsizdir. Sərhəd kəndləri isə danışıqları yalnız bir səbəbdən izləyir: bilirlər ki, həmin günlər evləri dəqiq atəş altında olacaq. Ancaq onu bilirəm ki, sülh istəyirəm. Bir gün nəyisə itirmək qorxusunu yaşamadan oyanmaq istəyirəm”.
Sonuncu müharibə və ya sülh: Yeva
Yeva Stepanakertdəki hərbi liseyə qəbul olunan birinci qızıydı. Bu, iki il əvvəl olub. İndi o, bölüyün fəxridir.
“Hərbi hüquqşünas olmaq istədiyimə əminiydim. Sonra da məlum oldu ki, hələlik bu ixtisas üzrə ali hərbi təhsil ala bilmərəm – nə Rusiyada, nə də Ermənistanda hələ ki, qızlar üçün qəbul yoxdur. Ona görə hava hücumundan müdafiəni seçməyə məcbur oldum”, – Yeva deyir.
Liseydə indi artıq başqa qızlar da təhsil alır, amma Yeva liseydə yeganə qızdır ki, valideynləri onun seçiminə qarşı çıxmayıb. Atası, əmiləri – hamısı hərbçidir.
“Mən sülh görməmişəm. Biz sərhəddə yaşayırıq: bir gün yaxşıdır, bir gün pis. Bizdə hərbi hazırlıq həmişə yüksək səviyyədə saxlanılır.
Aprel müharibəsi zamanı biz hər gün ölən və yarananlar haqda xəbər tuturduq. Mənim yaşıdlarım, məndən bir və ya iki yaş böyük olan uşaqlar. Bu, dəhşətdir. Sonra liseyimizin həlak olmuş məzunlarının xatirəsinə həsr olunmuş tədbir təşkil etdik. Onlardan birinin fotosu mənim əlimdə idi. Tədbirdən sonra onun anası mənə yaxınlaşıb, qucaqladı və ağladı. Ona nə deyəcəyimi bilmirdim”, – Yeva danışır.
İstirahət vaxtı kiçik otaqda, ikiyaruslu çarpayılar arasında qeyri-hərbi çaxnaşma hökm sürür. Qızlardan biri rəfiqəsinin saçlarını hörür, başqası telefonda mahnı qurur.
Yeva səliqəylə öz fəxri fərmanlarını qalın qovluğa qoyur. Biri yaxşı mahnı oxuduğu üçün, digəri idman nailiyyətləri üçün verilib. Şinelini geyinib, liseydən çıxır. Avtobus dayanacağı düz liseyin qarşısındadır. Hərbi formalı balaca qıza artıq hamı öyrəşib, ancaq ilk vaxtlar hamı ona heyrətlə baxırdı. Bir neçə dəqiqə keçdikdən sonra qız evinə çatır.
Evdə onu anası və bacısı gözləyir. Atası sərhəddədir. Ailə albomunun köhnə şəkillərində də onlar anası və bacısı ilə bir yerdədir. Atasının kiçik pasport fotosu şəkillərdən birinə yapışdırılıb.
“Atam evdə nadir hallarda olurdu, işləyirdi. Onun üçün çox darıxırdım”, – mənim sualımı qabaqlayan Yeva deyir.
Qapı açılır – atası mövqelərdən bir günlük gəlib. Hamıyla quru salamlaşır, ancaq Yevanı bərk-bərk qucaqlayır.
“Yeva, nə üçün oxuyursan, müharibə etmək üçün?” – mən soruşuram.
“Hazır olmaq üçün”, – deyə cavab verir. Sonra da əlavə edir:
“Həm də ümid edirəm ki, biliklərim mənə həyatda lazım olmayacaq. Amma siyasi və hüquqi müstəvidə bu məsələ artıq iki onillikdən çoxdur ki, həll olunmur. Bu müharibə yaşca məndən böyükdür”.
Qapı şüşəsindən atasının silueti görünür. Bu gün onların evində atəşkəsdir, səhər saat 6:00-ya, müharibə atasını mövqelərə, onu isə sülh naminə oxumaq üçün hərbi liseyə aparana qədər.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır.