Su müharibəsi. Qırğızıstan və Tacikistan arasındakı sərhəddə ən azı 13 nəfər həlak olub
Aprelin 29-da Qırğızıstan və Tacikistan arasındakı sərhəddə münaqişə qızışıb. İki ölkənin hərbçiləri arasında əsl hərbi əməliyyatlar yaşanıb. Tərəflər atəşkəs haqda razılaşma əldə edə biliblər. Münaqişə suya görə baş verib – bu, sərhəddə vaxtaşırı olaraq münaqişəyə səbəb olan kəskin problemdir.
Aprelin 30-a olan məlumata əsasən, münaqişədə Qırğızıstan tərəfindən 12 yaşlı qız da daxil olmaqla 13 nəfər həlak olub. Ziyan çəkənlərin sayı 134 nəfərdir. Yerli Kloop nəşri Qırğızıstan Səhiyyə Nazirliyinin bu məlumatlarını təqdim edib.
Yüzlərlə insan münaqişə zonasından evakuasiya edilib.
Radio Ozodi Tacikistan tərəfinin rəsmi məlumatları təqdim edib – Qırğızıstanla sərhəddə baş verən atəşma nəticəsində iki nəfər dinc sakin yaralanıb, onlardan biri ağır vəziyyətdədir.
- Seçki nəticələrinə etiraz edən Qırğızıstan müxalifəti hökumət binasını ələ keçirib
- Qarabağ üzrə razılaşmanı kim pozur? – Azərbaycan və Ermənistanda rəylər fərqlidir
Daha öncə bildirilmişdi ki, silahlı münaqişədən əvvəl iki ölkə vətəndaşları arasında baş verən toqquşma zamanı atılan daşlardan 7 nəfər Tacikistan vətəndaşı zədələnib.
Qırğızıstan-Tacikistan sərhədində münaqişə aprelin 28-də iki ölkə arasındakı su anbarı və su çəpəri məntəqəsi ətrafında yaşanıb. Razılaşmaya əsasən su anbarından hər iki ölkə müəyyən edilmiş kvota əsasında istifadə edir.
Su çəpəri Qırğızıstanın nəzarətindədir, amma Tacikistan bildirir ki, bura onun ərazisidir və qonşu ölkə tərəfindən qanunsuz işğal edilib.
Hər şey Tacikistan tərəfinin su çəpərini nəzarətdə saxlamaq üçün orada video-kamera quraşdırmaq cəhdi ilə başlayıb. Bu, münaqişəyə səbəb olub və nəticədə iki ölkədən 100-150 nəfərə yaxın insan bir-birini daşlayıb.
Aprelin 29-da münaqişə güclənib – sərhədyanı ərazilərdə hər iki tərəfin hərbçiləri tərəfindən silah – avtomatlar, pulemyotlar və minaatanlar tətbiq edilib. Atışma nəticəsində Qırğızıstan sərhəd zastavası dağıdılıb, cavabında isə Qırğızıstan xüsusi təyinatlıları Tacikistanın sərhəd məntəqəsini ələ keçirib. Hər iki tərəf sərhədə qoşun toplamağa başlayıb.
Tərəflər silah tətbiqinin dayandırılması və aprelin 29-u axşama qədər qoşunları geri çəkmək haqda razılığa gəliblər. Həmçinin tərəflər vəziyyətin deeskalasiyası ilə bağlı danışıqlara başlamaq niyyətindədirlər.
Suya çıxış iki ölkə sərhədində suvarma mövsümündə kəskin problemə çevrilir və dəfələrlə münaqişəyə səbəb olur. Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 900 kilometrdən çoxdur və bunun yarısına yaxını demarkasiya edilməyib.