Stalin dünən olmayıb
Oktyabrda “Açıq siyahı saytının – SSRİ-də siyasi terror qurbanlarının məlumatlar bazasının gürcü versiyası yaradılıb, bura hər bir istifadəçi öz yaxınlarının adlarını əlavə edə bilər. Layihənin yaradıcılarından biri olan Sergey Bondarenko JAMnews-a onun niyə məhz indi aktual olması barədə danışdı.
– “Açıq siyahının digər oxşar layihələrdən əsas fərqi istifadəçilərin bilavasitə iştirakı ilə bağlıdır, onlar qeydiyyatdan keçib, anket doldura və Wikipedia prinsipi ilə məqalə yarada bilərlər. Amma belə bir sual da yaranır: sizə göndərilən məlumatların hansısa yoxlama sistemi mövcuddur?
– Bizimlə misal üçün, “Memorial arasında prinsipial fərq məhz məlumatların yoxlanmasına yanaşmadadır. “Memorialın etibar etdiyi mənbə siyahısı var, misal üçün həmişə istinad edə biləcəyi arxiv məlumatları. Bizim elədiklərimiz isə həqiqətən də daha çox Wikipedia-nın texnologiyasına oxşayır. Bizə gələn demək olar ki, bütün məlumatları dərc edirik və onları mənbələrin etibarlılıq dərəcəsində asılı olaraq sıralayırıq. Yəni bizə daxil olan məlumat yoxlanmayıbsa və heç cür yoxlana bilməzsə, onda məqaləyə nişan qoyulur ki, bu məlumatlar dəqiq olmaya bilər. Eyni zamanda istifadəçi hər dəfə hansısa əhəmiyyətli informasiyanı əlavə edəndə, mən bir redaktor kimi ona məktub yazıb xahiş edirəm ki, bu informasiyanı təsdiq edən sənədlər, şəkillər, nəsə göndərsin və demək olar ki, həmişə insanlar cavab verib, nəsə göndərirlər. Nəticədə yoxlama baş verir, sadəcə bu bir qədər başqa cür işləyir.
– Siz layihəni “Memorialın məlumatlar bazası əsasında işə saldız və hazırda “Açıq siyahıda olan həmin o 2,5 milyon yazı əsasən əvvəllər toplanmış məlumatlardır. Bu 2,5 milyon yazıdan neçəsi istifadəçilərə məxsusdur? Başqa sözlə, cəmiyyətdə layihənizə tələbat varmı?
– Dəqiq cavab vermək çətindir, çünki biz ancaq qeydiyyatdan keçmiş istifadəçilərin sayını hesablaya bilərik. Onların sayı təxminən dörd mindir. Amma onların bəziləri saytımıza öz məqaləsini yerləşdirmək üçün deyil, sadəcə siyahıya girişi olmaq üçün daxil olur. Fikrimcə, bu istifadəçilər siyahıya yeni adlar daxil edən istifadəçilərdən daha az qiymətli deyil. Ay ərzində bizə onlarla məqalə göndərirlər. Bunun az olduğunu da düşünmək olardı, əslində isə kifayət qədər böyük rəqəmdir. Axı “böyük terror vaxtlarından səksən il keçib və hər bir konkret yazı insanların hələ də bunu unutmamasının göstəricisidir, məncə bu çox vacibdir. Bizə məqalə göndərirlərsə, deməli cəmiyyətdə tələbat var. Biz sadəcə “Açıq siyahıya təkan vermək istəyirik, sonra isə ümid edirik ki, o bizim müdaxiləmiz olmadan fəaliyyət göstərəcək.
– Bu layihəylə məşğul olmaq qərarına necə gəldiz?
– “Memorial cəmiyyətində işləyirdim, indi də işləyirəm, ixtisasca sovet dövrü tarixçisiyəm. Terror mənim ixtisasım olmasa da, “Memorialda bir neçə il işləyəndən sonra çox yaxşı başa düşdüm ki, yaxın keçmişimizdə olan hər şey bu və ya digər mənada bu mövzuyla bağlıdır. Layihəmizi insanların maarifləndirilməsinin bir hissəsi kimi görürəm. İş orasındadır ki, SSRİ-də siyasi repressiyalar keçmiş deyil, kifayət qədər yaxşı hiss olunan indidir.
– Hazırda “Açıq siyahı rus dilindən başqa həm də gürcü və Ukrayna dilində də var, özü də hər ölkənin öz məlumatlar bazası var. Ölkə seçimi nə ilə motivasiya olunur?
– Sadəcə bu ölkələr daha çatımlı idi. Bu cür məlumatlar bazasının yaradılması imkanı əlbəttə ki, dövlətin repressiyalara necə yanaşmasından və öz tarixini necə şərh etməsindən asılıdır. “Açıq siyahını Gürcüstan və Ukraynanın məlumatlar bazası ilə işə salmağı bacarmağımız təbii ki, təsadüfi deyil. Həm Ukrayna, həm də Gürcüstan hər halda özlərinin post-sovet həyatlarının müəyyən məqamında digər ölkələrdən daha liberal oldular. Onlar sadəcə özlərinin sovet keçmişindən daha tez aralandılar. Bu ölkələrdə repressiyalar mövzusuna ciddi dövlət marağı olub və var. Buna görə də xüsusən də Ukraynada bu mövzu fəal müzakirə olunur və bu istiqamətdə işləyirlər: siyahılar hazırlanır, arxivlər qaldırılır, bununla məşğul olan dövlət institutu fəaliyyət göstərir. Bu ölkələrdə daha çox açıq material var və onlarla işləmək olar. Gürcüstanda baza xeyli daha azdır, amma keçmiş SSRİ-nin bir çox ölkələri ilə müqayisədə vəziyyət demək olar ki, idealdır. Biz düşündük ki, Ukrayna və Gürcüstanda “Açıq siyahı yaratmağın mənası var. Repressiya mövzusu dillərdədirsə, deməli bölüşmək istəyən adamlar da tapılacaq.
– Qalan post-sovet ölkələrində “Açıq siyahı yaratmaq fikriniz var?
– Əslində biz “Açıq siyahının olduğu ölkələrin sayını artırmaq istəyirik, axı texniki cəhətdən bu çətin deyil. Artıq istənilən yerdə işə sala biləcəyimiz hazır sayt var, sadəcə yerli adamlar və təşkilatlarla həmin saytın idarə olunması ilə bağlı razılığa gəlmək lazımdır. Yəni biz istəyirik ki, “Açıq siyahı müxtəlif ölkələrdə və müxtəlif dillərdə istifadə oluna bilsin. Texniki nöqteyi-nəzərdə bu, elementar bir məsələdir. Problem məqsədəuyğunluqdadır. Hələlik qalan ölkələrdə vəziyyət bir az daha çətindir. Bütün materiallar qapalıdırsa, “Açıq siyahı yaratmağın mənası olmayacaq, çünki o boş qalacaq.
– Bəs Rusiyada dövlət bu problemlə məşğul olur? Misal üçün, arxiv aşmağa kömək edir?
– O, iki yolla kömək edə bilərdi: hər şeyi öz əlinə alıb, arxivləri aça və Böyük Vətən Müharibəsi qurbanlarının siyahılarında olduğu kimi, milli məlumatlar bazası yarada və ya ən azı hansısa özəl təşkilatlara və fəallara bununla məşğul olmağa mane olmaya bilərdi. Təəssüf ki, Rusiya dövləti bu işdə heç bir kömək göstərmir. Son 10-15 il ərzində arxivlərə giriş çox çətinləşdirilib. Yaradılan qanunlar əsasında işlər bağlanır, onların məxfilik müddəti uzadılır. Şəxsi məlumatlar haqqında qanun var və bu qanuna görə, kimsə kiminsə şəxsi işi ilə tanış olmaq istəyirsə, bu işin hətta səksən il əvvələ aid olduğu halda mütləq həmin adamın qohumlarının razılığı lazımdır.
– Sizcə niyə bu baş verir?
– Əsasən ona görə ki, bu siyasətlə çox bağlı olan bir mövzudur. Bizim dövlətimiz istənilən halda sovet dövründə qoyulan bünövrənin üstündə durur. Və o əsla inkar olunmur, əksinə Sovet İttifaqında baş verən bütün şeylər müsbət sayılır. Dövlət də bu irsi qaralamaq istəmir, axı o, bu irs üzərində bu günkü günümüzü qurur.
– Səhvlərin etiraf edilməməsi?
– “Səhvlər çox zəif ifadədir. Axı repressiyalar sovet cəmiyyətinin tərkib hissəsidir, bu cəmiyyət onlarsız mövcud olmayıb. Repressiv sistemin necə qurulduğu barədə danışmadan həmin cəmiyyət haqqında danışmaq mümkün deyil. Deməli, bu məsələ hətta ona heç bir qiymət verilməsə belə, ən azı araşdırılmalıdır. Araşdırma prosesində isə adətən aşağıdakı suallar yaranır: “niyə bunlar baş verib, “kim günahkardır və s. Bu mənada Almaniya bizim üçün nümunə ola bilər. Onların bu cür materialla böyük iş təcrübəsi var, onlarda bu, məktəb proqramına daxil edilib, hətta ayrıca termin də mövcuddur – “keçmişin yenidən işlənməsi.
Dərc olunub: 31.10.2016