Söyüdlü sakinlərinin etirazlarına hakimiyyət repressiyalarla cavab verir
Söyüdlü hadisələri
Gədəbəyin Söyüdlü kənd sakinlərinin etiraz aksiyası zorakılıqla yatırıldıqdan sonra ciddi repressiylar başlayıb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb, hadisəni işıqlandıran jurnalistlər döyülüb və saxlanılıb, sosial şəbəkələrdə etirazını bildirən aktivistlər həbs edilib.
- Silahlı təxribatlarla bağlı press-relizlərlə atışma nəyə gətirib çıxaracaq? Bakıdan şərh
- İkinci Qarabağ müharibəsi Nikol Paşinyanın gözü ilə
- Saakaşvili Gürcüstanda siyasətə qayıdır və “bütün səviyyələrdə xainlərlə mübarizə aparmaq” niyyətindədir
Nə baş verib?
22 iyun səhərdən Gədəbəy rayonunun Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb. Son iki gündə burada yerli sakinlərin etiraz aksiyası keçirilib. Onlar yaxınlıqda yerləşən “Gədəbəy” qızıl yatağından çirkab suların axıdılması üçün yeni süni gölün salınmasına etiraz edirlər.
Söyudlu Bakıdan 450 kilometr qərbdə dağlıq ərazidə yerləşir. “Gədəbəy” yatağı 2009-cu ildən Britaniyanın “Anglo Asian Mining” şirkəti tərəfindən işlənilir. İlk qızıl hasilatına 2009-cu ildə başlanılıb.
Kənd sakinlərinin bildirdiklərinə görə, uzun illərdir qızıl mədəninin istismarı nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Hava sionid qazı ilə çirklənib və bu da əhalinin sağlamlığına ziyan vurur. Kəndlilər deyirlər ki, indi də kəndlilərin örüş sahələrində zəhərli tullantılar üçün nəzərdə tutulmuş ikinci süni gölün salınması vəziyyəti daha da ağırlaşdıracaq.
İyunun 20-də buna etiraz edən Söyüdlü kənd sakinlərinin aksiyasını dağıtmaq məqsədilə polis əməkdaşları rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın kəndli xəsarət alıb.
İyunun 21-də sakinlər etiraz aksiyasını davam etdiriblər və Gədəbəy rayonunun icra başçısı onların nümayəndələrini qəbul edib.
Kəndə giriş-çıxış məhdudlaşdırılıb
İyunun 22-də kəndin girişində polis postu quraşdırılıb və Söyüdlüyə yalnız yerli qeydiyyatı olan şəxslər buraxılır. Bu barədə Turan-a yerli sakin Sürəyya Əliyeva bildirib.
Onun sözlərinə görə, kəndin ərazisində “çoxlu polis” var, onlar etirazları davam etdirmək üçün adamların bir araya gəlməsinə imkan vermirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti kəndə girişin məhdudlaşdırılmasını təsdiqləyib.
“İctimai asayişin təmin edilməsi məqsədilə kəndə kənar şəxslərin girişi məhdudlaşdırılıb”, – nazirlikdən bildiriblər.
Hüquqşünas Səməd Rəhimli isə bildirir ki, polis tərəfindən Söyüdlü kəndində post qurulub, giriş-çıxışa məhdudiyyət qoyulması qanuna ziddir.
“Giriş-çıxış məhdudiyyətinin tətbiq edilməsi üçün həmin ərazidə prezidentin fərmanı ilə fövqəladə vəziyyət elan edilməli və 24 saat ərzində Milli Məclis bu fərmanı təsdiq etməlidir. Fövqəladə vəziyyət Konstitusiyaya (maddə 112) və “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanuna (II-III fəsillər) əsasən tətbiq edilir. Vətəndaşların hərəkət sərbəstliyinə məhdudiyyət qoyulması və gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi fövqəladə vəziyyət tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlərdən biridir (yuxarıdakı Qanun, maddə 8.0.2). İndi edilən qanuna ziddir”, – hüquqşünas Facebook səhifəsində yazıb.
Hökumətin yaratdığı komissiya Söyüdlüdədir
Sürəyya Əliyeva həmçinin qeyd edib ki, yerli sakinlər Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlovla dünənki görüşdən razı qalmayıblar.
“O, bizi dinləmədi, ancaq özü danışdı. Hazırda hökumət komissiyası yaradılıb. Biz istəyirik ki, komissiya üzvləri bizimlə görüşsünlər, şikayətlərimizi dinləsinlər, yerli sakinlərin iştirakı ilə monitorinq aparsınlar. Gəlib zavodun həyətinə baş çəkib gedəcəklərsə, gəlməsələr daha yaxşıdır”, – Əliyeva qeyd edib.
Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Lakin Komissiyanın tərkibində heç bir müstəqil ekspert yer almayıb. Komissiyanın sədri nazir Muxtar Babayev artıq Gədəbəyə gedib. Bu barədə Real TV məlumat yayıb. Nazir açıqlamasında bunları deyib:
“Planımız ilk olaraq komissiya üzvlərinin icra hakimiyyətində görüş, iclas keçirmələri, sonra da birbaşa əraziyə getmək və orda vəziyyətlə tanış olmaqdır. Gədəbəydə ekoloji problem və insanların sağlamlığı üçün təhlükənin olub-olmamasını daha dəqiq öyrənmək, ondan sonra da hər hansı təklifləri hazırlamaq üçün gəlmişik. Hələ ki bir şey demək üçün tezdir. İkinci gölün tikintisinə hələ ki icazə verilməyib. Amma yenə də bizim Gədəbəyə gəlişimizin əsas məqsədi bunların hamısına birlikdə baxıb, ondan sonra təklifləri verməkdir”.
Hadisələri işıqlandıran jurnalistlərə qarşı zorakılıq
Kənddə baş verənləri işıqlandıran jurnalistlər polis zorakılığına məruz qalıblar. “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova və “Amerikanın Səsi”nin jurnalisti Nigar Mübarizi polis əməkdaşları saxlayıb.
Bu barədə məlumatı jurnalist Nərgiz Absalamova verib:
“Polislər bizi saxlayanda çox pis davrandılar. Mənim qolumu burub, zorakılıq etdilər. Jurnalist Nigar Mübarizin ağzını tutdular, boğdular. İndi də zorla Gədəbəyin çıxışına gətiriblər, maşınla Bakıya yola salırlar”.
“Amerikanın Səsi” saytının əməkdaşı Nigar Mübariz deyir ki, biri mülki, ikisi polis nəfəri olmaqla üç nəfər ona yaxınlaşaraq telefonunu əlindən alıblar.
“Camaat yalvar-yaxar etdi ki, bizi buraxsınlar. Həmin şəxs dedi ki, sən post paylaşırsan, burdan Amerikaya, erməniyə göndərirsən. Camaata dedi ki, sizi pis günə qoyan elə bunlardır. Mənimlə kobud davranan polis Nərgizin qolunu tutmuşdu. Dərhal səsimi qaldırdım ki, onu buraxsın. Bu zaman mənim üstümə gəldi ki, telefonunu ümumiyyətlə vermirəm. Aramızda mübahisə düşdü. Bu zaman həmin polis yenidən üzərimə gələndə, mülki geyimli şəxs ağzımı tutub zorla maşına mindirdi” – Nigar Mübariz deyir.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev “Abzas Media”ya deyib ki, jurnalistlər qanundan kənar davranıblar: “Orada sakinlərin problemlərinin həlli ilə bağlı müvafiq komissiya işləyir, ona görə əraziyə kənar şəxslər buraxılmır. Jurnalistlər ora niyə daxil olublar? Qanunsuz necə daxil olublar? Elan olunub ki, daxil olmayın. Biz təlimatla hərəkət edirik”.
Həbslər davam edir
Son üç gün müddətində Söyüdlü kəndində on nəfərə qədər etirazçı inzibati qaydada həbs edilib, aksiyanın daha bir iştirakçısı böyük məbləğdə cərimələnib.
Həbslər Söyüdlü sakinləri ilə yekunlaşmayıb. Sosial şəbəkələrdə kənd sakinlərinə qarşı amansız davranan polisi tənqid edən aktivistlər arasında da həbs edilənlər var.
NİDA ictimai-siyasi hərəkatının üzvü Elmir Abbasov iyunun 21-də axşam saatlarında yoxa çıxıb. İyunun 22-də günortaya doğru onun polis tərəfindən saxlanıldığı məlum olub. Məhkəmə qarşısına çıxarına fəal ictimai asayişi pozmaq ittihamı ilə 20 sutka inzibati həbslə cəzalandırılıb.
Məhkəmə qarşısında olan jurnalistlərin və fəalların bildirdiyinə görə Abbasovun boğazında və qollarında xəsarət izləri olub. O, polis tərəfindən saxlanılarkən zorakılığa məruz qaldığını bildirib.
İyunun 22-də keçmiş siyasi məhbus Qiyas İbrahimov da baş verənlərlə bağlı polis və hakimiyyətə qarşı yazdığı tənqidi statusuna görə saxlanılıb. Fəalın anasının verdiyi məlumata görə, polislər onun evinə gəlib, statusu silməsini tələb ediblər, razılaşmadıqda isə onu polis bölməsinə aparıblar.
Saxlanıldıqdan bir neçə saat sonra məhkəmə qarşısına çıxarılan Qiyas İbrahimova İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verilib.
Hazırda polis hadisələri işıqlandıran jurnalist Elməddin Şamilzadəni və “İşçi Masası”nın sədri Afiəddin Məmmədovu axtarır. Onlar hər ikisi polis idarəsinə çağırılıblar.