Söyüdlü kəndinin blokadası on gündür davam edir
Söyüdlü hadisələri
Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyası zorakılıqla dağıdılandan sonra on gün keçib. Kəndin giriş-çıxışı hələ də bağlı qalır, polislər kənd sakinlərindən başqa heç kimi, xüsusən də media nümayəndələrini Söyüdlüyə buraxmırlar. Sakinlərə də yalnız sənədlərini yoxlayandan sonra kənddən çıxmağa və geri qayıtmağa icazə verirlər. Mediaya gizli danışan söyüdlülülər polisin insanları qorxu içində saxladığını deyirlər.
- Azərbaycan 100 min nəfərə düşən məhbusların sayına görə Avropa Şurası ölkələri arasında ilk sıralardadır
- Azərbaycanda üzümçülük və şərabçılıq məmur kölgəsində inkişaf edir
- Qarabağda “Qəzəb” əməliyyatı: dörd nəfər həlak olub, bir nəfər yaralanıb. Bakıda nə deyirlər?
“İnsanlar danışmağa qorxurlar”
Adının açıqlanmasını istəməyən kənd sakini M.N. “BBC News Azərbaycanca” ilə söhbətində söyləyib ki, “münasib adamları qabağa salıb camaatı susdururlar, onlara öz sözlərini dedizdirirlər, hamı da qorxusundan susub ki, uşağımızı narkotik ittihamı ilə böhtan atıb tutacaqlar, qorxumuzdan susmuşuq”.
“Telefonla danışmaq mümkün deyil, kənddən çıxmağa da qoymurlar. İmkanımız olsa, gedib Bakıda etirazımızı çatdırarıq, dərdimizi deyərik. Biz dövlət çevrilişi etmirik, biz haqqımızı tələb edirik. Nə iş tutmuşuq ki, bizi bağlı halda saxlayıblar, hər 100 metrdən bir iki polis yerləşdiriblər kəndə”, – Söyüdlü sakini telefon vasitəsilə deyib.
Başqa bir sakin bildirib ki, kəndə kənar şəxslərin gəlib-getməsi müşkül məsələdir, amma kəndin içində sakinlər bir-birinin evinə sərbəst gedib-gələ bilirlər.
Sakinlər qeyd ediblər ki, kəndin problemləri olduğu kimi qalır və inzibati həbs olunanlar da buraxılmayıb. Kənddəki aksiyalarda iştirak edən və saxlanılan bir sakin də deyib ki, onu elə həmin gün buraxıblar, amma indi bu hadisələr barədə danışmaq istəmir.
Söyüdlü sakinlərinin iddiaları ilə Daxili İşlər Nazirliyindən hələ ki, cavab almaq mümkün olmayıb.
Nə baş verib?
20-21 iyunda Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası keçirilib. Onlar yaxınlıqda yerləşən “Gədəbəy” qızıl yatağından çirkab suların axıdılması üçün yeni süni gölün salınmasına etiraz edirlər.
Söyüdlü Bakıdan 450 kilometr qərbdə dağlıq ərazidə yerləşir. “Gədəbəy” qızıl yatağını Britaniyanın “Anglo Asian Mining” şirkəti işlədir. Burada qızıl hasilatına 2009-cu ildən başlanılıb.
Kənd sakinlərinin bildirdiklərinə görə, uzun illərdir qızıl mədəninin istismarı nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Hava sionid qazı ilə çirklənib və bu da əhalinin sağlamlığına ziyan vurur. Kəndlilər deyirlər ki, indi də kəndlilərin örüş sahələrində zəhərli tullantılar üçün nəzərdə tutulmuş ikinci süni gölün salınması vəziyyəti daha da ağırlaşdıracaq.
İyunun 20-də buna etiraz edən Söyüdlü kənd sakinlərinin aksiyasını dağıtmaq məqsədilə polis əməkdaşları rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın kəndli xəsarət alıb.
İyunun 21-də sakinlər etiraz aksiyasını davam etdiriblər və Gədəbəy rayonunun icra başçısı onların nümayəndələrini qəbul edib. Daha sonra Nazirlər Kabineti yanında yaradılan xüsusi komissiya vəziyyəti araşdırmaq üçün kəndə gəlib və kənd polis tərəfindən mühasirəyə alınıb.
“Kəndin blokadası davam edir”
Söyüdlü İşçi Qrupunun koordinatoru Afiyəddin Məmmədov kənddə vəziyyətin gərgin olaraq qaldığını deyir:
“Sakinlər hələ də əlaqə saxlaya bilmirlər. Görünür, yerli əhalini qorxudublar ki, Bakı ilə əlaqə saxlayanda bilinir və onlar cəzalanacaq. Ona görə də məlumat verməyə çəkinirlər və biz məlumatı çətinliklə alırıq. Amma buna baxmayaraq, inzibati qaydada həbs olunanlar üçün apellyasiya şikayətlərini artıq hazırlamışıq və göndərmişik”.
“Postu qanunsuz silahlı birləşmələr qoymayıb ki”
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa “Turan”a bildirib ki, “əməliyyat xarakterli məsələlər olanda kəndə post qoyulub, o da müvəqqəti bir postdur”.
“Ola bilsin, 7-10 günə götürüləcək. Özü də postu qanunsuz silahlı birləşmələr qoymayıb ki… Dövlətin polisi qoyub. Ona görə burada təəccüblü heç nə yoxdur. Biz axı bilmirik, bəlkə, orada əməliyyat şəraiti ilə bağlı hansısa bir problem var?”.
Deputatın sözlərinə görə, Söyüdlü kəndində heç bir repressiyadan söhbət gedə bilməz: “Orada hadisə baş verib, hadisəyə dövlət müdaxilə etməlidir. Komissiya yaradılıb, işləyir və işini yekunlaşdıran kimi məsələ ilə bağlı açıqlama veriləcək, postlar da götürüləcək”.
“Hakimiyyətin zora söykənən ənənəvi siyasəti…”
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov “Azadlıq Radiosu”na bildirib ki, hakimiyyət zora söykənən ənənəvi siyasətini Söyüdlü kəndində də sürdürür:
“Şəksiz, burada insanların siyasi-ekoloji müstəvidə irəli sürdüyü tələblər tam haqlıdır. Kəndlilər nə deyirlər? Ərazidə süni göl yarandıqdan sonra əhali arasında xəstəliklərin, ölüm sayının artığını bildirirlər. Müstəqil ekspertlər də bunu təsdiqləyir”.
Hüquq müdafiəçisi deyir ki, bütün bunlara rəsmi reaksiya adekvat deyil: “Kənd blokadaya alınır, faktiki fövqəladə vəziyyət elan edilir, giriş-çıxış məhdudlaşdırılır, inzibati qaydada həbslər həyata keçirilir… Konstitusion və konvensional hüquq olan azadlıq hüququ kobud surətdə pozulur. Müdafiəsiz kəndlilərlə ünsiyyətimizə əngəllər yaradılır, danışanları təhdid edirlər”.
R.Səfərovun sözlərinə görə, üstəlik, kəndə əlavə hökumət qüvvələrinin yeridilməsi onsuz da ağır olan duruma vahimə qatır.