Söyüdlü hadisələrini işıqlandıran jurnalist polis bölməsində işgəncə gördüyünü açıqlayıb
Söyüdlü hadisələri – polis zorakılığı
Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kədində 20-21 iyunda baş vermiş etirazları işıqlandıran, daha sonra polis tərəfindən saxlanılan jurnalist Elməddin Şamilzadə işgəncəyə məruz qaldığını açıqlayıb. “Mənə dedilər ki, burada baş verənləri heç yerdə danışmayacağına kişi sözü ver. Şokdan ayılandan sonra anladım ki, onların heç öz əməlləri dediklərinə uyğun deyil, buna görə də, hər şeyi danışmaq qərarına gəldim”, – jurnalist deyib.
- Hakimiyyət mediasında Söyüdlü aksiyalarının “təşkilatçısı” kimi adı keçən sabiq deputat həbs edilib
- İlham Əliyev: “Bölgədəki erməni hərbi elementləri tərksilah edilməlidir”
- Eko-aktivistlər Söyüdlü üzrə xüsusi komissiyanın işinin nəticələrinin açıqlanmasını tələb edirlər
“Polislərin üzünü çəkmişdim”
“Biz Söyüdlüdə çəkiliş elədik. Mən zorakılıqda iştirak etmiş polis dəstəsinin bəzi üzvlərini üzləri açıq şəkildə yaxaladım və onların üzlərini çəkdim. Bakıya gələn kimi gecə saatlarında materialı paylaşdım və növbəti gün “Mikroskop Media” məndən bu materialları götürərək, həmin şəxslərin üzlərini aşkar şəkildə paylaşdı, həmin şəxslərin adlarını axtardığını bildirdi və müəllif olaraq da məni qeyd etmişdi”, – Elməddin Şamilzadə “Amerikanın Səsi”nə danışıb.
Jurnalist iyunun 23-də gündüz saatlarında yoxa çıxmışdı. O, “Facebook” hesabında “İşgəncə” deyə son xəbərdarlıq postu paylaşmış, bir müddət sonra həmin post silinmişdi. Daha sonra özü ilə əlaqə saxlamaq mümkün olmamışdı. Həmçinin Söyüdlü hadisələri ilə bağlı polisin tənqid olunduğu başqa bir neçə post da onun hesabından silinmişdi.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev jurnalistin saxlanıldığını təsdiqləsə də, səbəbini və harada aparıldığını açıqlamamışdı.
Jurnalist həmin gün axşam saat 10 radələrində sərbəst buraxılmışdı.
“Əvvəlcə hərbi komissarlıqdan zəng vurdular”
Elməddin Şamilzadənin sözlərinə görə, onun çəkdiyi fotoşəkillər sosial mediada paylaşıldıqdan sonra qeydiyyatda olduğu Lənkəran rayon Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən zəng gəlib.
“Mənə dedilər ki, hər il sonunda növbəti semestrə keçdiyin haqda bizə sənəd təqdim etməlisən. Amma bu qanunsuzdur. Çünki mən 2021-ci ildə doktoranturaya qəbul olunmuşam, Türkiyə universitetlərindən birində təhsil alıram və dörd illik möhlətim var”.
Daha sonra isə yaşadığı məhəllədən çıxarkən mülki geyimli iki şəxs ona yaxınlaşıb, onlarla getməsini istəyiblər. Yaxınlarına zəng vurmaq istəyəndə telefonunu zohakılıqla əlindən alıblar, jurnalist onların tələbinə əməl etmək məcburiyyətində qalıb.
“Dedi ki, şifrəni verməsən, səni zorlayacağıq”
Elməddin Şamilzadənin sözlərinə görə, həmin şəxslər onu maşına mindirib, 29 saylı polis bölməsinə aparıblar. Orada ondan telefonunun şifrəsi tələb olunub. Verməyəcəyini deyəndə isə işgəncəyə məruz qalıb.
“Məni əməliyyat müvəkkilinin otağına saldılar, orada yenə onların təbirincə desək profilaktik söhbət getdi. Yenə şifrəmi verməyəcəyimi deyəndə polislərdən biri üzümə yumruqla vurdu. Üzümü tutandan sonra hər ikisi qarnıma, ayaqlarıma zərbələr endirməyə başladılar. Dedim ki, üzümə vurmayın, başladılar nalayiq ifadələr işlətməyə. Zərbələrin təsirindən yerə yıxıldım və üçüncü polis nəfəri dəyənəklə qoşuldu onlara. Bu dəyənəklə vurur, digərləri təpkləyirdi, biri oturub yumruqlayırdı, qarnıma zərbələr endirirdi. Digər polis nəfəri də bütün bu prosesi videoya qeydə alırdı”.
İşgəncələrə artıq dözmədiyini görən jurnalist şifrəsini verməsə də, polislərin istədikləri postları silməyə razılaşıb. Polislər postları silmək üçün telefonunu ona verəndə isə o, “Facebook”da “İşgəncə” yazıb, paylaşmağa imkan tapıb. Bundan sonra polislər məsələnin ictimailəşdiyini, artıq həmkarlarının və yaxınlarının Elməddin Şamilzadəni axtarmağa başladığını bilərək işgəncəni səngidiblər.
“Yenə mənimlə profilaktik söhbət etməyə başladılar. Dedilər ki, özün öz postlarını silə bilərsən. Daha sonra səni sərbəst buraxacağıq. Mən də düşündüm ki, həqiqətən də belə ola bilər və aldım telefonumu, “İşgəncə” yazılan postu və polislərlə bağlı digər postları sildim.
Sonra məni bölmənin saxlama yerinə göndərdilər. Ora qaranlıq, pis qoxulu, dar, natəmiz bir yer idi. Sadəcə barmaqlıqlar arasından işıq düşürdü. Orada mən təxminən bir saata yaxın saxlanıldım. Sonra məni yenidən əməliyyat müvəkkilinin otağına apardılar. Düşündüm ki, artıq sərbəst buraxılıram, amma belə deyildi. Əməliyyat müvəkkili bacısı oğlu ilə birlikdə otağa daxil oldu, soyunmağa başladı ki, səni zorlayacağam. Əgər şifrəni verməsən”.
Şamilzadə bildirir ki bu təhdiddən sonra şifrəni vermək məcburiyyətində qalıb. İki saat telefonu polislərin əlində olub.
“İki saat ərzində telefonun başına nələr gəlib, hamısından xəbərsizəm”.
“Kişi kimi söz ver…”
Bundan sonra Bakı şəhəri Baş Polis İdarəsindən gələn iki polis nəfəri jurnalisti ora aparıb.
“Orada Tərxan adlı polis polkovnikinin qəbuluna apardılar. Xeyli söhbətdən sonra o, məni çölə çıxardı, təxminən beş dəqiqə sonra yenidən dəvət etdi ki, gəl səninlə kişi kimi söhbət edək, sən bizə kişi sözü ver ki, çıxandan sonra başına gələn işgəncələrlə bağlı heç yerdə danışmayacaqsan və biz sənə 30 sutka həbs verməyəcəyik”.
Şamilzadə onu da qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsində onun haqqında cərimə və inzibati həbs nəzərdə tutmayan maddə ilə protokol hazırlanıb və ona iltizam imzaladıblar.
“Məndən iltizamnamədə üzr istədiyimi, əməlimdən peşman olduğumu, bir də belə əməl törətməyəcəyimi yazmağımı istədilər və mən bunları yazdım, imzaladım. Tərxan adlı polis mənə öz nömrəsini verdi ki, hansısa problemin olsa, bu nömrə ilə əlaqə saxla, bundan sonra sən də bizim bir qardaşımızsan, dostumuzsan və s.
Mən pis rəftarın şokunda bunların bütün dediklərini qəbul eləmişdim. Oradan çıxıb özümə gələndən sonra anladım ki, bunların elədikləri rəftar, dedikləri “kişi kimi” sözləri ilə uyğun gəlmir. Qərara gəldim ki, bunları media ilə bölüşəcəyəm”, – jurnalist bildirib.
Daha sonra təhkim olunduğu polis nəfəri Elməddin Şamilzadəni gedəcəyi yerə aparıb qoyub və telefonunu geri qaytarıb.