Sotkun “qızıl” havası
Qeqarkunik regionunun Sotk kəndi Ermənistan ərazisində ən iri qızıl mədənləri ilə məşhurdur, mədənlər kəndin on kilometrliyində yerləşir. Bu mədənlərin ehtiyatıtəxminən 120 ton qızıl olaraq dəyərləndirilir və GeoProMining şirkəti tərəfindən istismar edilir. Kənd sakinləri Azərbaycandan olan qaçqınlardır və onlar bu mədənləri eyni zamanda öz xilasları və ən böyük problemləri hesab edirlər.
Ermənistanın Qeqarkunik regionunun Sotk kəndində miqrasiya uzun illər ən böyük problemlərdən biri olub. Cəmi beş il ərzində – 2008-ci ildən 2012-ci ilə qədər kənd sakinlərinin sayı 1135 nəfərdən 811 nəfərə qədər azalıb. 1992-ci ildə Sotk kəndinin əhalisi üç min nəfərə yaxın olub, onların əksəriyyəti Azərbaycanın Xanlar (Göygöl) rayonundan, əsasən də Mirzik (Şəhriyar) və Zurnabad kəndlərindən gələn qaçqınlardan ibarət olub.
Sərhədyanı kəndlərin sakinləri 1980-ci illərin sonlarında ermənilərlə azərbaycanlılar arasında başlanan və 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda tammiqyaslı müharibəyə keçən etnik münaqişə nəticəsində evlərini dəyişməli olublar.
“Burada azı iki dəfə artıq – altı mın azərbaycanlı yaşayırdı. Zod (köhnə adı) kəndi bütünlüklə azərbaycanlılardan ibarət idi. Əhalinin əksəriyyəti evini dəyişib, əşyalarını gətirə bildi. Amma buna imkanı olmayanlar, vaxt çatdırmayanlar da oldu”, – Sotk kəndinin icma başçısı, əslən Zurnabad kəndindən olan Nikolay Şahsuvaryan deyir.
Sotka kənd icmasının başçısı Nikolay Şahsuvaryan
Onun sözlərinə görə, erməni qaçqınlar Sotkdan sadəcə sosial şərtlər üzündən deyil, həm də qış fəslinin ağır keçməsilə bağlıdır. “Sot” sözü Sünik regionunun dialektində “güclü külək” mənasını verir. Bu yerlərin “aramsız çovğunu və soyuq havası” haqda məlumatlar 13 əsr erməni tarixçisi Stepanos Orbelyanın əsərlərində də yer alıb.
“ Soy-kökümün gəldiyi Mirzik kəndində iqlim bizim İcevandakı qədər yumşaq idi. Burada isə iqlim bir qədər başqadı, amma alışılmayacaq qədər də deyil”, – kənd sakini 42 yaşlı iş adamı Akop Avetyan deyir.
Doğma kəndində o, on üç yaşına qədər yaşayıb, sonra isə Yerevandakı fizika-riyaziyyat məktəbində oxumaq üçün bu şəhərə köçüb. Bir il sonra, 1989-cu ildə Qarabağ münaqişəsi alovlanıb və Avetyanlar ailəsi Ermənistana, Sotk kəndinə qaçmalı olub.
Ermənistan paytaxtında iqdisadiyyat üzrə ali təhsil alandan sonra Akop doğmalarının yanına yerləşib və qısa müddətdə şəxsi biznesini qurmağa başlayıb. 19 illik fəaliyyəti ərzində Akop Avetyan kartof yetoşdirməklə kəndin ən uğurlu adamına çevrilib. Bundan başqa Akop haqda ehtiyacı olan həmkəndlilərinə həmişə yardım edən bir insan kimi danışmağa başladılar.
Biznesmen Akop Avetyan ailəsi ilə birlikdə
“Birmənalı şəkildə mənə iqtisadiyyat üzrə təhsil almağım kömək oldu. Mənim kartof biznesim hətta respublika miqyasında böyükdür: Sotkda 140 hektar və Eçmiadzində 20 hektar”, – Akop Avetyan deyir.
Bu il Akop, nəhayət, xəyallarını qurduğu evin tikintisini bitirib. Burada o, həyat yoldaşı Narine və iki övladı ilə birlikdə yaşayır. Narinenin və Akopun sözlərinə görə, kənd sakinləri çoxlu sınaqlardan keçməli olub. Yaşlı nəslin keçmişlə bağlı nostalgiyası bu günə qədər davam edir. Amma Akop hesab edir ki, çıxış yolu həmişə var.
“Çətinliklər həmişə var, müharibələrdə asan olmur. Amma o vaxtdan bəri demək olar ki, 30 il keçir. Əlbəttə, bəziləri öz uğursuzluqlarını həmin zamanla bağlayır, amma üç onillik ərzində adam öz həyatında nələrisə düzəldə bilərdi”, – Akop əmindir.
O hesab edir ki, nə olursa olsun, ümidini üzməyən, öz məqsədinə doğru getməyə davam edən insanların taleyi öz əlindədir. Məyusluğa qapılanlar, işini davam etdirə bilməyənlər də olur, təslim olmayanlar da.
Akop Avetyanın həyat yoldaşı Narine qızı ilə birlikdə evin inşası zamanı tapılan qədim küpün yanında
Akopun plantasiyası iş yerlərinin sayına görə Sotk qızıl hasilatı mədəni ilə rəqabət aparır. Biznesmenin sözlərinə görə, hər il onun müəssisəsində mövsümi işlərdə 600 nəfərə yaxın insan çalışır və iyirmi-otuz kənd sakininin işlədiyi qızıl mədənindən azı üç dəfə çox maaş alırlar.
Kənd büdcəsinin yarısı şirkətin 2010-cu ildən etibarən marzpetarana (rayon administrasiyasına) deyil, Sotk kənd icmasına ödədiyi torpaq vergilərindən ibarətdir. Bu kəndin büdcəsi altı-yeddi erməni kəndinin büdcəsinə bərabərdir və 110 milyon dram (230 min dollar) təşkil edir ki, bunun da 66 milyon dramı (138 min dolları) GeoProMining şirkətinin torpağa görə ödədiyi vergi hesabına formalaşır. Kənd dövlət büdcəsindən ekoloji dotasiyalar da alır.
Sotk qızıl mədəni
“2011-ci ildən etibarən torpaq vergisi dəfələrlə artıb. Büdcəmiz böyükdür – bu vəsaitlər hesabına biz su xətti çəkmişik, müxtəlif proqramlar hıyata keçirə bilirik, kənd sakinlərinə kömək edirik. Bunun sayəsində son yeddi ildə kənddən köçənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu gün gedənlər olursa da, qonşu kəndlərdən köçənlərsayəsində kəndin sakinləri yenə də artır”, – Nikolay şahsuvaryan deyir.
Kəndin icma başçısının sözlərinə görə, kənddəki 180 ailədən 150-i işlə təmin olunub. “İnsanlar mədəndə, hərbi hissədə, kənd icmasında və məktəbdə işləyir”.
Amma kənd sakinləri etiraf edirlər ki, külək çox vaxt mədəndən toz burulğanı gətirir, bu da kənd təsərrüfatına təsirsiz ötüşmür. Avetyanın fikrincə isə kənd təsərrüfatının inkişafı kənd sakinləri üçün mədəndə işləməkdən daha gəlirli ola bilər.
“Əgər mədən havaya təsir edirsə, o zaman əlbəttə ki, torpağa, suya da təsir edir, məhsula da təsir etməyə bilməz. Biz cücərtilərdən anlayırıq kartofun qaydasında olub-olmadığını. Mədən vergiləri ödəyir və bir neçə kənd sakininin orada işi var. Vəssalam. Üç ay müddətində mədəndə 400 min dram (836 dollar) qazanmaq olar, mənim yanımda isə eyni məbləği bir aza qazanmaq mümkündür”, – Akop deyir.
Sotkun qızıl mədəni yatağı
Bununla belə kəndin büdcəsinin yaxın zamanda əhəmiyyətli dərəcədə azalması mümkündür. Ermənistanda icmaların möhkəmləndirilməsi proqramı Sotkdan da yan keçməyəcək. Sotk digər 17 kəndlə birlikdə bir icmada birləşəcək, noyabrın 5-də isə icma başçısı seçiləcək.
“Hələlik büdcənin necə paylaşdırılacağı ilə bağlı heç bir təsəvvürümüz yoxdur, amma düşünürəm ki, maliyyə digər kəndlər arasında bölüşdürülərsə, bizim kəndimiz ziyan çəkə bilər. Kəndimiz çirklənmiş hava ilə nəfəs alır və bizi bu vəsaitdən məhrum etmək ədalətsizlikdir”, – Nikolay Şahsuvaryan deyir.