Noyabrın 8-də axşam saatlarında ultrasağçı fəallar “Sonra isə biz rəqs etdik” yeni İsveç-Gürcüstan filminin premyerası vaxtı Tbilisidə kütləvi etirazlar təşkil ediblər. Film iki kişinin münasibətlərindən bəhs edir və LGBT mövzusuna toxunur.
Premyera birdən-birə beş zalda keçirilib, lakin əsas hadisələr “Amirani” kinoteatrının yaxınlığında baş verib. Ultrasağçılar bildiriblər ki, bu film homoseksualizmi təbliğ edir və onlar istənilən vasitələrlə premyeranı əngəlləyəcəklər.
Ultrasağçı fəallar kinoteatrın qarşısında LGBT bayrağını yandırıblar, tamaşaçıları lənətləyiblər və onlara daş atmağa çalışıblar. Foto: Patrik Salat, JAMnews
Buna görə də, səhərdən etibarən kinoteatrların qarşısına polis və xüsusi təyinatlılar cəlb edilib. Premyera baş tutsa da, o, irimiqyaslı iğtişaşlarla müşayiət olunub.
Bir neçə yüz aksiya iştirakçısı “Amirani” kinoteatrına daxil olmağa çalışıb. Onlar partlayıcı vasitələrdən və yanan məşəllərdən istifadə ediblər.
Etirazın ultrasağçı iştirakçılarının qarşısını polis və xüsusi təyinatlılardan ibarət sədlər alıb. Foto: Patrik Salat, JAMnews
Filmə tamaşa etməyə gəlmiş ictimai fəal Ani Subeliani bilavasitə hücuma məruz qalıb. Onu tanıyıblar, təhqir ediblər və atılan daş Aninin üzünə dəyib. Qadın təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Gürcüstan telekanalları hadisə yerindən canlı yayım veriblər və bütün ölkə qızın qana bulaşmış sifətini görüb. O deyib ki, az qala gözünü itirəcəkdi.
Fəallar həmçinin tamaşaçı kimi filmə baxmağa gəlmiş müxalif Respublikaçılar partiyasının lideri David Berdzenişviliyə hücum ediblər. O kinoteatrın binasına daxil ola bilməyib, polis onu ərazidən uzaqlaşdırıb.
Kinoteatra əlində bilet olan bir çox tamaşaçılar daxil ola bilməyiblər. Ultrasağçılar partlayıcı maddələr atmağa başlayandan sonra polis insanları kinozala buraxmayıb.
Aksiyada çoxlu sayda ruhani olub. Onlardan bəziləri özünü aqressiv aparıb və filmə tamaşa edənlərə qarşı söyüşlərdən istifadə ediblər.
Bir çox aksiya iştirakçıları ayaq üstdə durub ucadan dua ediblər ki, “tanrı Gürcüstanı sodom günahından hifz etsin”.
Ruhanilərdən biri polis səddini keçə bilib və kinoteatra daxil olub, lakin polis əməkdaşları güc tətbiq edərək, onu binadan çıxarıblar.
DİN-dən bildirildiyinə görə, təxminən 11 asayiş pozucusu saxlanılıb.
Film kinoteatrların yaxın həftə üçün proqramına daxil edilib.