SOCAR və British Petroleum yeni neft müqaviləsi imzalayıb
Sentyabrın 14-də Azərbaycanın SOCAR neft şirkəti və Britaniyanın BP şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının istismarı ilə bağlı yeni müqavilə imzalayıb.
Müqabvilə 2050-ci ilə qədər imzalanıb. AÇG Xəzərdə istismar olunan ən iri neft yatağıdır. Bu yataq 432 kvadrat kilometr ərazini əhatə edir. Azərbaycan tərəfinin proqnozuna görə, yataqda 500 milyon ton xam neft var.
Yataqda altı hasilat platforması çalışır. AÇG-də hasil olunan neft əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri dünya bazarlarına və Qərb ixracat boru-kəməri ilə Gürcüstanın Supsa limanına çıxarılır.
İmzalama mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. “Bu gün Azərbaycan tarixində əlamətdar gündür, AÇG yatağının istismarında yeni era başlayır”, – Əliyev deyib.
Onun sözlərinə görə, müqavilə Azərbaycan üçün daha əlverişli şərtlərlə imzalanıb.
“SOCAR şirkətinin yeni layihədəki payı 25 faiz təşkil edir (qüvvədə olan müqavilədə 11,65 faizdir). Bundan başqa, müqavilə imzalanandan sonra xarici investorlar tərəfindən Azərbaycana müxtəlif bonuslar şəklində 3,6 milyard dollar ödəniləcək, gəlirli neft payı 75 faiz təşkil edəcək”, – “İnterfaks” agentliyi prezidentə istinadən yazır.
Böyük Britaniyanın baş naziri Tereza Mey müqaviləni imzalama mərasimi iştirakçılarına təbrik məktubu göndərib.
Məktubu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan səsləndirib.
“Bakıda mərasimdə ola bilmədiyim üçün sizlərə öz üzrlərimi satdırıram Amma mən əminəm ki, bu müqavilə Birləşmiş Krallıq və Azərbaycan arasında əməkdaşlığı daha da möhkəmləndirəcək”, – məktubda deyilir.
İqtisadçı ekspert, “Respublikaçı Alternativ” müxalif siyasi hərəkatının icra katibi Natiq Cəfərli imzalanmış yeni neft müqaviləsini “ölkə üçün çox müsbət hal” adlandırıb. “BP Azərbaycana yeni texnologiyalar, yeni idarə metodları gətirib. İş yerləri açılıb, yerli mütəxəssislər hazırlanıb”. Amma eyni zamanda Cəfərli müqavilənin ətrafındakı gizlilik ab-havasını tənqid edib.
“Heç kim müqavilənin mətnini görməyib. Heç kimin şərtlərdən xəbəri yoxdur. Normal, demokratik yolla seçilən parlamentləri olan ölkələrdə BP müqavilə şərtlərini hər bir parlament fraksiyası ilə razılaşdırmağa məcbur olardı. Bizdə isə parlament yekdilliklə müqaviləni təsdiqləyəcək və konstitusion status verəcək. Şübhəsiz, bu, BP-nin özünə də sərfəlidir, bir adamın maraqlarını təmin eləmək daha asan və yəqin ki, daha ucuz başa gəlir”, – Cəfərli deyir.