Siyasi serial: Moldova prezidenti ilə hökumət arasında münaqişə
Moldovada Rusiyayönlü prezidentlə Avropayönlü parlament çoxluğu arasında qarşıdurma siyasi həyatın əsas süjetinə çevrildi. Prezident İqor Dodon vaxtaşırı olaraq parlament və hökumətin qanunlarını və qərarlarını imzalamaqdan imtina edir. Konstitusiya Məhkəməsi hakim demokratik partiyanın sorğusu əsasında prezidenti siyasi prosesdən “xaric edir”, dövlət başçısı vəzifələrini isə lazımi anlarda spiker yerinə yetirir. Moldovanın siyasi serialının üç mövsümü bir il ərzində xalq tərəfindən seçilmiş ölkə prezidentinin yavaş-yavaş dekorativ fiqura necə çevrilməsindən bəhs edir.
Birinci mövsüm. Daş vermə oyunu
Bütün sosial sorğular göstərir ki, prezident İqor Dodon Moldovada ən populyar siyasətçidir. Amma prezident kürsüsünə keçəndən sonra Dodon elə də “oliqarxlarla mübarizə aparmaq” və “sərt tədbirlər” görmək vədlərindən real hərəkətlərə keçmədi.
Eyni zamanda prezidentyönlü sosialistlər partiyasının deputatları (Dodon prezidentliyə namizədliyini Moldova Respublikasının Sosialistlər Partiyasından irəli sürüb) qarışıq seçki sisteminin tətbiqinin lehinə səs veriblər, bunun sayəsində də parlamentdə çoxluq təşkil edən demokratik partiya böyük ehtimalla 2018-ci il parlament seçkilərindən sonra da hakimiyyəti öz əlində saxlaya biləcək.
Bundan sonra prezident tədricən dekorativ fiqur olmağa başladı. Parlament çoxluğu və dempartiyanın idarə etdiyi hökumət, dövlət başçısı olmadan ölkəni idarə etməyi bacardı.
Siyasi böhranın aradan qaldırılmasının zərurətindən danışan demokratlar mütəmadi olaraq kömək üçün Konstitusiya Məhkəməsinə (KM) müraciət edirdilər. Prezident də KM-ə müraciət edirdi, amma nəticəsi olmurdu.
İkinci mövsüm. Ordusuz Ali baş komandan
Konstitusiyaya görə, Moldova prezidentinin dövlət qərarlarının qəbuluna təsir imkanları o qədər də çox deyil. Amma dövlət başçısı hətta olanları də hər zaman istifadə etmir və ya istifadəsinə imkan verilmir.
Məsələn, konstitusiyaya əsasən ölkənin silahlı qüvvələrinin ali baş komandanı olan prezidentin qadağasına rəğmən Moldova hərbçiləri keçən ilin sentyabrında Ukraynada keçirilən Rapid-Trident-2017 beynəlxalq təlimində iştirak edib.
Dodon öz mövqeyini belə əsaslandırıb ki, konstitusiyaya əsasən, Moldova neytral ölkədir və Moldova hərbçiləri “heç bir hərbi blokun himayəsi altında təlimlərdə iştirak etməməlidir”. Buna baxmayaraq, hərbçilər hökumətin qərarını icra edərək, Ukraynaya yollanıblar.
Bu təlim və ali baş komandanın əmrlərinə zidd olaraq hərəkət edən ordu ilə bağlı məsələ prezidenti gülünc vəziyyətə qoydu. Bundan sonra Dodonun imzaladığı fərmana görə, hərbçilərin öncədən ölkə başçısının razılığını almadan beynəlxalq təlimlərdə iştirak etmək hüququ yoxdur. Buna cavab olaraq isə dempartiyanın lideri Vladimir Plaxotnyuk bildirib ki, hakim çoxluq hərbi təlimlərlə bağlı mübahisələrdə nöqtə qoyacaq və elə edəcək ki, ordunun təlimlərdə iştirakı prezidentin istəyindən asılı olmasın. Və bu həqiqətən də real perspektivdir, çünki dempartiya parlamentdə çoxluğa nəzarət edir.
Üçüncü mövsüm. Ardıcıl söndürmələr
2017-ci ilin sonunda prezident və hakim çoxluq arasında qarşıdurma ölkə başçısının misli görülməmiş müvəqqəti “söndürülməsi” praktikasına gətirib çıxardı.
Konstitusiya Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qərarına əsasən, zərurət yarandığı halda parlament spikeri və ya baş nazir prezident səlahiyyətlərini müvəqqəti icra edə və təyinatlar haqqında sərəncam imzalaya bilər. KM-nin bu qərarının sayəsində parlament spikeri Andrian Kandu 24 oktyabr tarixində prezidentin imzası olmadan namizədliyi Dodon tərəfindən iki dəfə rədd edilmiş Eucena Struzu müdafiə naziri təyin etdi.
KM növbəti dəfə prezidenti 2018-ci ilin yanvar ayında söndürdü ki, spiker dövlət başçısının başının üstündən nazirlər kabinetinə yeddi üzv, o cümlədən reinteqrasiya üzrə baş nazirin müavini və hökumətin Avropa inteqrasiyası üzrə sədr müavinini təyin etsin. Söhbət hökumətin tərkibinin az qala yarısının dəyişməsindən gedir. Prezident təkrar olaraq bütün namizədləri rədd etdi, amma bu da demokratlara yerdəyişməni həyata keçirməyə mane olmadı.
Bununla da süjet yekunlaşmadı – yanvarın beşində KM yenə də Dodonu siyasi meydandan kənarlaşdırdı. Məhkəmə prezidentin vəzifəsindən müvəqqəti uzaqlaşdırılmasına icazə verdi, çünki dövlət başçısı Moldovada Rusiya xəbərləri və informativ-analitik verilişlərinin yayım qadağası haqqında qanunun qəbulundan imtina edirdi. İndi parlamentin qəbul etdiyi qanunları da dövlət başçısının iştirakı olmadan qüvvəyə mindirmək olar.
Epiloq
Görünən odur ki, prezidentin “yandırılıb/söndürülməsi” süjeti təkcə tamaşaçıları bezdirməyib. Konstitusiya məhkəməsi özünün son, beş yanvar tarixli qərarında parlamentə konstitusiya öhdəliklərinin və KM qərarlarının icra edilməməsinə görə cinayət məsuliyyətinin tətbiq edilməsini tövsiyə edib.
Demokrat deputat Sergey Sırbu qeyd edib ki, parlamentdə artıq belə qanun layihəsi qeydə alınıb.
Təşəbbüs demokratların tərəfdaşları olan Avropa Xalq Qrupunun deputatları Valeri Qiletski və Yurie Lyankeyə məxsusdur. Onların layihəsinə əsasən, “məhkəmə instansiyası və ya konstitusiya məhkəməsinin qərarının yüksək rütbəli məmur tərəfindən qəsdən icra edilməməsi və ya icrasından boyun qaçırması” böyük cərimə və ya üç ilə qədər azadlıqdan məhrum etmə, bütün hallarda üç ilə qədər müddət ərzində müəyyən vəzifələri tutmaq hüququndan məhrum etmə cəzası nəzərdə tutur.
Qanun qəbul olunsa prezident Dodonu zərurət yarananda siyasi proseslərdən müvəqqəti “söndürməkdən” başqa, oyundan tamamilə çıxarmaq da mümkün olacaq.