Siyasi baxışlarına görə işsiz qalanlar
Azərbaycanda siyasi fəallıq
“Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmağın, müxalif olmağın, hökuməti tənqid etməyin cəzası belə olur”
Azərbaycanda bəzi müxalif partiya üzvləri müxtəlif vaxtlarda məhz siyasi fəaliyyətlərinə görə, ayrıseçkiliyə məruz qaldıqlarını söyləyirlər. Tələbələr universitet rəhbərliyinin xəbərdarlıqlarından, işləyən insanlar isə ixtisarlardan danışırlar.
JAMnews-un tərəfdaşı “Meydan TV”nin materialı:
“Müdir dedi ki, əlavə problem istəmir“
Siyasi fəaliyyətlə məşğul olan tələbə gənclər universitet rəhbərliyi tərəfindən xəbərdarlıq eşitdiklərini, işçilər isə işdən çıxarıldıqlarını və ya bununla hədələndiklərini söyləyirlər.
Əziz Məmiyev səkkiz ildən çoxdur Müsavat Partiyasının üzvüdür.
Dediyinə görə, 2022-ci ilin əvvəlləri restoran səhəsində çalışırmış. O, həmin vaxtlar sosial şəbəkə hesablarından davamlı təhdidlər aldığını, polisə etdiyi müraciətlərin də nəticəsiz qaldığını söyləyir. Buna görə də siyasi fəal Daxili İşlər Nazirliyi önündə təkadamlıq etiraz aksiyası keçirir. Elə həmin günün axşamı ona zəng edib, işdən çıxarıldığını deyirlər.
“Evə gəldim, işlədiyim müəssisədən müdir mənə yazdı ki, sən sabahdan daha işə çıxma. Bununla əsaslandırdı ki, mən siyasi fəaliyyətlə məşğulam, bu yolu tutmuşam və onlar əlavə problemlər istəmirlər”.
Ə.Məmiyev bir neçə ay işsiz qalsa da, sonradan şəhərdən kənarda başqa bir iş tapa bilib. Bu dəfə də “Quru sərhədləri açın!” tələbiylə Nazirlər Kabineti qarşısında keçirilən aksiyada iştirak edib. Siyasi fəal aksiya zamanı saxlanılaraq, həbs olunub. Əziz Məmiyev həbsdən çıxdıqdan sonra yenə işindən olub.
“Əməkhaqqım qalmışdı işlədiyim müəssisədə. Onu almağa gedəcəkdim, iş yoldaşlarım dedi ki, sənin bura gəlməməyin məsləhətdir, şəkillərini çıxarıb, divara vurublar, mühafizəçilərə də tapşırıblar ki, o adamı bura gələn kimi dərhal saxlayın”, – Məmiyev Meydan TV-yə danışır və əlavə edir: “Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmağın, müxalif olmağın, hökuməti tənqid etməyin cəzası belə olur, insan işdən qovulur, həyatının düzəni pozulur, maddi çətinliklər içərisində yaşayır, həbs olunur…”.
Qanun nə deyir?
Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik qoyulmadan işləmək hüququ var.
Həmçinin Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində siyasi baxışlarına görə, işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Vəkil Fariz Namazlı deyir, işçi məruz qaldığı məhdudiyyətlərə əsasən hüquqi addım ata bilər:
“Məsələn, əgər işçi siyasi baxışlarına görə işdən çıxarıldığını düşünürsə, bu halda o, 1 ay müddətində işdən çıxma əmrinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməlidir. O, əmrin ləğv edilməsi ilə yanaşı, işdən çıxarılmasının siyasi əsaslarla baş verdiyini də sübut etməlidir. Bundan başqa, iş şəraitində ona digər işçilərdən fərqli olaraq normal əmək şəraiti yaradılmırsa, Dövlət Əməl Müfəttişliyinə müraciət edə bilər”.
F.Namazlı onu da qeyd edir ki, işçi, ona maddi və mənəvi ziyan vurulduğunu düşünürsə, əvəzinin ödənilməsini tələb etmək hüququna da malikdir.
“İcra başçısı çağırırdı ki, siz Allah, mitinqə getməyin, başımıza oyun açırlar”
52 yaşlı Mehriban Hüseynli də eyni problemlə üzləşib. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Xəzər rayon şöbəsinin sədridir.
Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olan qadın, 2013-cü ilədək Zirə kəndində “Azərpoçtda” poçtalyon işləyirmiş. O, həmin il AXCP sıralarına qoşulur, elə bundan sonra yavaş-yavaş işdə ona təzyiqlər başlayır.
“Mitinqlər ki başladı, MTK-dan nümayəndələrin biri gedir, biri gəlirdi. Polis düzülürdü poçtun qabağına, biri İcra hakimiyyətinə girib-çıxır, biri bələdiyyəyə girib-çıxırdı ki, mən mitinqə gedəndə tutub saxlasınlar. İcra başçısı çağırırdı ki, siz Allah, mitinqə getməyin, başımıza oyun açırlar, vacibdir? İşdir, tapmısan. Mən də deyirdim ki, mənim getməyimin işlə nə əlaqəsi var? İşimi dürüst görürəm? Məndən bir şikayətçi var? Yoxdur”.
M.Hüseynli deyir, təzyiqlər get-gedə artırdı. Artıq əmin idi ki, onu işdən çıxaracaqlar.
“Başladılar gündə 70-80 dənə eyni məktubları göndərməyə. Eyni məktubları da evlərə aparanda narazılıq edirdilər. Mən də aparmadım. Onda şöbə rəisinə dedim ki, bu plan mənim üçün qurulub. Yoxlama gəldi ki, nə qədər məktub qalıb? Göstərdim qalan məktubları. Dedilər, niyə bu qədər qalıb? Dedim, bu məktublar hər gün gəlib və çatdırılıb, artıq adamlar narazılıq edirlər. Mən bu adamları niyə təngə gətirim? Deyirlər “gəlmə qapıma”. Heç nə demədilər, çıxıb getdilər. Heç olmasa, üstündən bir gün keçərdi. Bir gün keçmədi, xəbər gəldi ki, məni işdən çıxarıblar. Həm də ki, əmək funksiyasını kobud şəkildə pozduğuma görə. O vaxt cəbhəçilərin əksəriyyətini o maddə ilə işdən azad edirdilər”.
Yeri gəlmişkən, keçmiş siyasi məhbuslar da zaman-zaman eyni problemdən əziyyət çəkdiklərini dilə gətirirlər.
Məsələn, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan AXCP üzvü Fuad Əhmədli 3 ildir işsiz olduğunu deyir. O, həbs olunmazdan əvvəl “Azərfon” mobil rabitə şəbəkəsində çalışıb. İndi isə yerli və beynəlxalq şirkətlərə öz ixtisasıyla əlaqəli müraciətlər etsə də, geridönüş olmur. Onun sözlərinə görə, işsizliyinə əsas səbəb, məhz siyasi fəaliyyətinə görə həbs olunmasıdır.
Bundan 2 il öncə, o vaxtkı “Demokratiya 1918” Hərəkatının üzvü Cəlil Zabidov da Elm və Təhsil Nazirliyi qarşısında eyni səbəblərə görə etiraz aksiyası keçirmişdi. Siyasi məhbus kimi tanınan C.Zabidov azadlığa çıxdıqdan sonra nə əvvəlki iş yerinə bərpa edildiyini, nə də 13 illik müəllimlik təcrübəsinə baxmayaraq məktəblərin ona iş verdiyini deyirdi.
Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, cəzaçəkmə yerlərindən azad edilənlər üçün kvota əsasında iş yerləri ayrıldığını və onların işlə təmin olunmalarına kömək etdiklərini bildirir.
“Ailəm vasitəsilə də mənə təzyiq edirdilər”
Siyasi fəallar təkcə iş yerlərində basqıya məruz qalmırlar. Gənc fəallar universitetlərdə də bu hallarla üzləşirlər.
Fərid İmanov Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsidir.
Vaxtilə Tələbə Güc Mərkəzinin sədri olub, siyasi-ictimai fəaldır.
Dediyinə görə, siyasi fəaliyyətinə görə, özünə və ailəsinə universitet rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq olunub.
“Dekanlıq çağırarkən deyirdi ki, biz səni yaxşı tələbə kimi tanıyırıq. Biz düşünürük ki, sənin kimi fəal, potensiallı tələbələr universitet daxilindəki təşkilatlara xeyir verə bilər, nəinki kənarda sənin başını aldadan, fikirlərilə səni manipuliyasiya edən insanlara fayda vermək. “Onlar səni aldadırlar”, “Onlar sənin arxanda durmayacaqlar” kimi fikirlərlə məni bir növ fəaliyyətdən çəkindirməyə çalışırdılar. Ailəmi də bir neçə dəfə universitetə çağırıblar ki, övladınız bu işlə məşğuldur, bu işin axırı həbsdir, bu işin axırı işgəncədir. Yəni ailəm vasitəsilə də mənə təzyiq edirdilər”.
O vaxtlar tələbə, aktivist Rüstəm İsmayılbəyli də tələbələrin problemlərindən yazdığı üçün universitetdən qovulma təhlükəsilə üzləşmişdi. O, özünə və eyni siyasi düşüncədə olan yoldaşlarına, dərslərdə, imtahanlarda əlavə çətinliklər yaradıldığını, kamerasız otaqlara buraxılmadıqlarını, daim nəzarətdə saxlanıldıqlarını deyirdi.
Əziz Məmiyev hazırda rəsmi olaraq işsizdir. Bəzən “frilans” işlər götürərək, özünü dolandırmağa çalışır. Mehriban Hüseynli isə günəmuzd işçi kimi istixanalarda işləyir.
Onlar məhrumiyyətlərlə üzləşsələr də, siyasi seçimlərinə görə əsla peşman olmadıqlarını bildirirlər.
“Ölkədə hakimiyyətin siyasətini tənqid edənlər sistematik şəkildə diskriminasiyaya məruz qalırlar. Hakimiyyət insanları da özlərinə oxşadıb. Ona görə də insanlardan da küsmürəm, mən artıq bununla barışmışam. Qətiyyən də siyasi fəaliyyətimə görə peşman olmamışam. Həmişə hər kəsə demişəm, harda işləyirəmsə, işləyim, mən həmişə etiraz səsimi ucaltmaq üçün meydanlarda olacam”, – Əziz Məmiyev belə deyir.
Mehriban Hüseynli də bu düşüncədədir.
“El ilə gələn yas, toy-bayram olar, deyiblər. Bir insan kimi özümə sığışdıra bilmərəm ki, hakimiyyət bu qədər ağrını-acını xalqa yaşada, amma onun mübarizəsində, onun xilasında mən heç olmasa, barmağımı daşın altına qoymayam”.
“Mediaşəbəkə”nin dəstəyi ilə