Siqaret çəkməyin
Gürcüstanda restoranlarda və ya otel otağında siqaret çəkmək qadağası bir qayda olaraq yoxdur. Siqaret çəkməyən müştərilər üçün isə ümumiyyətlə yer tapılmaya bilər. Siqaretlər baha deyil, səhər yeməyinə qənaət edən məktəbli rahatlıqla siqaret ala bilər.
Görünür, elə bu səbəbdən də burada siqaret çəkənlərin sayı bu qədər çox (müxtəlif məlumatlara görə, əhalinin 40 faizi) və bu qədər müxtəlifdir (kişilər, qadınlar, yeniyetmələr, hətta hamilə qadınlar da siqaret çəkir).
Bu yay yenidən “tütün üzərində nəzarət haqqında yeni qanun layihəsi ətrafında müzakirələr başlandı. Gürcüstan KİV-nin bir hissəsi hətta ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın qüvvəyə minəcəyi tarixi də yazdı: 1 yanvar 2018-ci il. Bu həqiqətən də belədirmi və qanunun aqibəti nə yerdədi?
“Tütün üzərində nəzarət haqqında qanun layihəsinin təşəbbüskarı Ququli Maqradze hesab edir ki, Avropa dəyərlərinə can atan ölkədə vəziyyət birinci abzasda göstərildiyi kimi olmamalıdır.
“Qapalı məkanlarda və ümumiyyətlə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun 2003-cü ildən mövcuddur. Burada hətta cərimələr də göstərilib, amma qanun işləmir. Hələ ki, Gürcüstanda kiminsə siqaret çəkməyə görə cərimələnməsi kimi bir hal olmayıb – nə mexanizmlər, nə də bununla məşğul olan bir orqan var. 2013-cü ildə yaradılan xüsusi dövlət komissiyası tütünün zərərinin azaldılması üzərində işləməliydi. Fəaliyyət planı işlənib hazırlandı. Amma heç nə dəyişmədi, – Maqradze danışır.
Köhnədən fərqli olaraq, yeni qanun layihəsi qanun pozucularını cərimələyəcək orqanı konkret göstərir – 2018-ci ildən isə siqaret çəkilən bütün kafe, bar və restoranlar qanun pozucusu elan olunacaq. Yeri gəlmişkən, siqaret çəkən deyil, siqaret çəkilən müəssisələr cərimələnəcək. Cərimələrin həcmi xeyli artacaq (köhnə qanunda 5 lari, yəni 2,5 dollar göstərilir).
Yeni qanun layihəsi tütün satıldığı yerlərlə tərbiyə və təhsil müəssisələri arasındakı məsafəni də yenidən nəzərdən keçirir: əvvəl minimal məsafə 50 metr idisə, indi 100 metr olacaq. Bundan əlavə, reklama məhdudiyyətlər qoyulacaq. Bu məsələdə isə Maqradzenin sözlərinə görə, təşəbbüskarlar tütün sənayesinin ciddi müqaviməti ilə üzləşiblər:
“[İstehsalçılar və ixracatçılar] qanunun qeyri-müəyyən vaxta təxirə salınmasına nail olmaq istəyir. Onlar deyirlər: “Niyə belə tələsirsiz? Axı Aİ ilə Assosiasiya haqqında müqavilədə konkret müddət göstərilməyib. Onda da mən cavab verirəm: “Biz qanunları bunu bizdən Aİ tələb etdiyi üçün qəbul etməməliyik! – Maqradze deyir.
Həkimlər hesab edirlər ki, bu qanun çox sayda insanın sağlamlığını xilas edə bilər. “Gürcüstan onkoloqları assosiasiyasının prezidenti, professor Rezo Qaqua hesab edir ki, bu cür məhdudiyyətlər hələ uzun illər əvvəl qoyulmalıydı, amma indi də hələ gec deyil.
Qaqua Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasını göstərir: dünyada 2020-ci ilə qədər xərçəngin müxtəlif formalarından əziyyət çəkən insanların sayı 8 milyon artacaq. Şübhəsiz ki, bu artım Gürcüstanda da müşahidə olunacaq.
“Gürcüstanda 10 minə qədər onkoloji xəstə qeydə alınıb. Rəqəm hər il artır və 2020-ci ilə qədər 16-18 minə çatacaq. Siqaret çəkmək bu rəqəmlə ona görə bağlıdır ki, tütün tüstüsünün 60 faizindən çoxu kanserogendir, – deyə Qaqua bildirib.
“Gürcüstanın onkoloqlar assosiasiyası bu yaxınlarda yaydığı xüsusi bəyanatda qanunverici hakimiyyəti təcili olaraq tütünün satışı və istifadəsi üzərində nəzarəti sərtləşdirən qanun qəbul etməyə çağırdı.
Gürcüstanda tütün üzərində nəzarətin sərtləşdirilməsi uğrunda mübarizə aparan ən fəal təşkilat “Tütünə nəzarət alyansıdır.
Alyansın rəhbəri Giorgi Baxturidze “Sosial tədqiqat və təhlil institutunun bu yaxınlarda keçirdiyi sorğunun nəticələrini bölüşür. Məlum olur ki, Gürcüstan əhalisinin 92%-i ictimai yerlərdə siqaret çəkməyə qadağanın tətbiqini, 82% isə kafe, bar, restoranlarda tam qadağanın qoyulmasını dəstəkləyir. Sorğu iştirakçılarının yarısından çoxu, yəni 60 faizi özləri siqaret çəkən adamlardır.
Gürcüstanda tütünə qarşı qanunvericiliyi işə salmaq cəhdləri artıq ənənəyə çevrilib – bu cəhdlər 2008, 2011 və 2013-cü illərdə olub. 2013-cü ildə Gürcüstanda hakimiyyət dəyişəndə məsələnin nəhayət həll olunacağını düşünmək olardı. Amma belə olmadı.
“O vaxt biz artıq yeni hakimiyyətə müraciət edərək, Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər barədə danışdıq. Tezliklə komissiya yaradıldı, strategiya işlənib hazırlandı, fəaliyyət planı təsdiq edildi. Sonra da baş nazir dəyişdi və bütün bu proses dayandırıldı, – Baxturidze danışır.
“Gürcü arzusu hakimiyyətə gələndən sonra tütün sənayesi kölgədən çıxdı, indi o nə az, nə çox öz maraqlarını dövlət müəssisələrində irəli sürür.
“Gürcüstanda istehsal et dövlət proqramı çərçivəsində tütün sənayesi 2015-ci ildə dövlətdən 3 milyon lari aldı, Gürcüstanın 2005-ci ildə qoşulduğu çərçivə konvensiyasının 19-cu maddəsi isə əksinə tütün istehsalçılarından əhalinin sağlamlığına vurulan ziyanı kompensasiya etməyi tələb edir. Bundan başqa, 2009-cu ildə Gürcüstanda tütün sənayesinə müxtəlif tədbir və təşkilatların maliyyələşdirilməsinə qadağa qoyulub. 2013-cü ildən başlayaraq bu günə qədər isə tütün şirkətlərindən biri dövlət universitetləri, tələbə və yüksək vəzifəli məmurları maliyyələşdirir. Digər tütün şirkəti qanunsuz olaraq özəl ali məktəbləri, araşdırma təşkilatları, həm də jurnalistlər və İqtisadiyyat Nazirliyi əməkdaşları üçün treninq keçirən təşkilatlara sponsorluq edir. Yəni onlar həm məmurların, həm də jurnalistlərin loyal münasibətini satın alırlar. Biz hesab edirik ki, yüksək vəzifəli məmurlarla tütün sənayesi arasında korrupsiya sxemləri işləyir, – Baxturidze bildirir.
“İnsan Haqları Mərkəzi qeyri-hökumət təşkilatı bu yaxınlarda siqaret istehsalçısı olan “British American Tobacoo – Britaniya-Amerika tütün şirkətini, DİN Akademiyası və qaçqınlarla iş üzrə nazirliyi məhkəməyə verdi. Təşkilatın hüquqşünası Eka Lomidze məsələnin mahiyyəti barədə danışdı:
“2015-ci ildə məcburi köçkün və aztəminatlı ailələrdən olan tələbələrin sertifikatla mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə Gürcüstanın qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari, “British American Tobacoo şirkətinin nümayəndələri və polis akademiyasının rəhbərliyindən nümayəndələr iştirak edirdi. Tədbirin keçirildiyi zalda şirkətin loqosu olan banner asılmışdı. Bu, qanunsuz sponsorluq və qadağa olunmuş reklamdır. Bu, İnzibati Xətalar Məcəlləsinin pozulmasıdır, buna görə 300 lari həcmində cərimə nəzərdə tutulur, – hüquqşünas danışır.
Bu yaxınlara qədər tütün şirkətinin reklamı “Facebookda Polis Akademiyasının rəsmi səhifəsində yerləşdirilmişdi, amma bir neçə gün əvvəl silindi.
“Bizim üçün qanunun bu cür, özü də hüquq-mühafizə orqanlarında kobud pozulması tamamilə yolverilməzdir, – Lomidze bildirir.
Qanun layihəsini beş parlament komitəsində nəzərdən keçiriblər və hüquq komitəsindən başqa hamısında dəstəklənib. Amma parlamentdə plenar iclasların artıq keçirilmədiyi üçün ilkin oxunuş payız sessiyasına qədər təxirə salınıb.
İctimai maraqların tütün sənayesinə qalib gəlib-gəlməyəcəyi ancaq payızda məlum olacaq.
Dərc edilib: 27.07.2016