Şimali Osetiyada Sovet İttifaqı yenidən doğulur
Sovet İttifaqı yenidən bərqərar olub – ən azı Rusiya tərkibində, Şimali Qafqazda yerləşən Şimali Osetiya Respublikasının bir qrup sakinləri üçün. “SSRİ vətəndaşları” hərəkatı hakimiyyət orqanları yaradır, insanlara sovet nümunəsinə uyğun sənədlər verir, hətta iğtişaşlarda iştirak edir. Sovet “məzhəbçiləri” polis tərəfindən təqib olunur, amma dövlət quruluşuna qəsdə görə yox, dələduzluğa görə.
Şimali Osetiya MSSR (Muxtar Sovet Sosialist Respublikası) Ali Sovetinin deputatı – Şimali Osetiyadan olan pensiyaçı Andrey Qassiyev özünü belə təqdim edir. O deyir ki, Rusiya qanunları ilə hesablaşmır və 1992-ci ildə qəbul olunmuş konstitusiyanı rədd edir.
“Amerikalılar konstitusiya mətnini gətirdilər, bir gecənin içində ingilis dilindən rus dilinə çevirdilər və Rusiya Federasiyasının konstitusiyası elan etdilər. Biz sorğu göndərdik, aydınlaşdırdıq ki, onu nə (prezident) Yeltsin, nə də (parlamentin spikeri) Xasbulatov imzalayıb. O qanunsuzdur”, – Qassiyev bildirir.
● Cənubi Osetiyada və Şərqi Ukraynada Stalin yenə də sağdır
● Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq kəskin artır
Belə məlum olub ki, onun kimilər Şimali Osetiyada az deyil. “SSRİ vətəndaşı” hərəkatı respublikada artıq iki ilə yaxındır ki, mövcuddur, amma ilk dəfə özləri haqda aprelin 20-də Vladiqafqazda koronavirus pandemiyasına görə tətbiq edilən karantin tədbirlərinə qarşı keçirilən etiraz aksiyasında səs-küylə bəyan ediblər. Bu aksiya zamanı mitinqçilərlə polis arasında toqquşma baş verib.
O zaman “SSRİ vətəndaşlarının” nümayəndələri öz liderlərindən biri, opera müğənnisi Vadim Çeldiyevin müdafiəsi üçün küçələrə çıxmışdılar. Çeldiyev koronavirusun mövcudluğunu ictimai şəkildə inkar etməsi və insanları hakimiyyətə qarşı itaətsizliyə çağırması ilə tanınır.
Bu, koronavirus epidemiyasına inanmayanların üsyanıdır. Respublika rəhbərliyinə həyat yoldaşı və uşaqlarının ölümünün qisasını alaraq isveçrəli aviadispetçeri öldürməsi ilə məşhur olan deputat Kaloyevin namizədliyini təklif edirlər
Çeldiyev xuliqanlıq, ekstremizmə çağırış, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi və “vətəndaşların həyatını və təhlükəsizliyini təhdid edən vəziyyətlər haqda yalan informasiya yaymaq” ittihamı ilə həbs olunub. Dustağın vəkili ittihamları əsassız hesab edir.
Ondan başqa mitinqdə iştiraka görə daha bir neçə fəal saxlanılıb.
Alternativ ölkə
“SSRİ vətəndaşları” bildirirlər ki, Sovet İttifaqını bərpa ediblər – Andrey Qassiyevin sözlərinə görə, Moskvada bu ilin fevralından SSRİ Ali Sovetinin iclasları keçirilir, yerlərdə isə yerli hakimiyyət orqanları formalaşdırılır.
Eyni zamanda maliyyə, ədliyyə, səhiyyə, sosial təminat nazirlikləri, DİN və hətta DTK tyaradılıb. Şimali Osetiyanın Ali Sovetinin və Nazirlər Sovetinin rəhbərliyini bir adam həyata keçirir – Anatoli Xuqayev.
“SSRİ vətəndaşları” Rusiya Federasiyasını dövlət kimi qəbul etmirlər və bildirirlər ki, hazırkı Rusiya Qərbin koloniyasıdır. Onların fikrincə, SSRİ qanunsuz ləğv edilib, çünki 1991-ci il referendumunda vətəndaşların 77 faizi İttifaqın saxlanılmasına səs verib. İlk prezidenti Boris Yeltsin isə SSRİ-nin mövcudluğuna son qoyan Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə bağlı “Belovej razılaşmasını” imzalamaqla vəzifə cinayəti törədib.
Bundan çıxış edərək “vətəndaşlar” yerli sakinləri dövlətə nə vergi, nə də kommunal xərcləri ödəməməyə çağırırlar.
Şimali Osetiya Noqir kənd yaşayış məntəqəsinin deputatı, “vətəndaşlarla” şəxsən tanış olan Ruslan Laliyev bildirir ki, fəallardan ibarət qrup “iki il əvvəl” peydə olub, ofis kimi isə nə cürsə beşmərtəbəli bina onların ixtiyyarına keçib.
Laliyev “Vətəndaşların” yığıncağını sekta adlandırır və bildirir ki, onların arasında parçalanma baş verib:
“Sekta daxilində ziddiyyətlər kəskinləşib, buna görə də, onlar parçalanıblar və bir-birini qəbul etmirlər. Məsələn, Anatoli Xuqayev alternativ hakimiyyət orqanları, vergi orqanı, banklar, seçki komissiyası yaratmağa başlayıb”.
Məzhəbçilər, yoxsa dələduzlar?
Hakimiyyət “sektanı” o qədər də ziyansız hesab etmir. 20 aprel iğtişaşları ilə bağlı məsələdən başqa, Şimali Osetiya DİN-i bəyan edib ki, dələduz qrupunun fəaliyyətinin qarşısını alınıb və cinayət işi qaldırılıb – cinayət işi təşkilatın vətəndaşlara pulla satdığı “SSRİ pasportları” ilə bağlıdır.
DİN-dən bildirilir ki, “Şimali Osetiya Ali Soveti” adından onun rəhbəri Anatoli Xuqayev Sovet İttifaqı vətəndaşının müvəqqəti pasportunu əldə etməyi təklif edib, 300 rubl [4,2 dollara yaxın] “dövlət rüsumu” ödəmək şərtilə. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, təşkilatın sədri və üzvləri insanlara saxta “torpaq həmmülkiyyətsçisi şəhadətnamələri” də veriblər.
“Təşkilat mövcud olduğu müddətdə bir qrup dələduz min nəfərə yaxın sadəlövh insanı aldada bilib, qanunsuz yolla əldə etdikləri pulları isə şəxsi ehtiyacları üçün xərcləyiblər”, – respublika DİN-i bəyan edib.
Amma yerli sakinlərin sözlərinə görə, insanlara sovet pasportları təklif edən “vətəndaşlar” heç də həmşə əvəzində pul istəməyiblər.
“Bu vətəndaşlar düz mənim evimə gəlmişdilər. Mənə SSRİ pasportu düzəltməyi təklif etdilər”, – Beslan şəhərinin sakini Atsamaz xatərlayır. – “Birbaşa evləri gəzirdilər. Kişi özünü pasport masasının rəisi kimi təqdim edirdi və bəli, bildirirdi ki, mənə sovet nümunəsi ilə pasport düzəldəcəklər. Yox, buna görə pul istəmədi. Mən ona güldüm və qapını bağladım”.
İstintaq çərçivəsində polis Xuqayevin, həmçinin “Şimali Osetiya Ali Soveti” üzvlərinin, o cümlədən də Andrey Qassiyevin evlərində axtarış aparıb.
Qassiyevin özü ittihamları qanunsuz hesab edir və bildirir ki, axtarışlar pozuntularla həyata keçirilib.
Onun sözlərinə görə, sənədlərin – “SSRİ pasportunun itirilməsi haqda müvəqqəti arayışın” hazırlanması ilə “DİN-in pasport-viza xidməti” məşğul olur. Amma Qassiyev izah edib ki, bir neçə halda “pastortçular ağ eləyiblər” və lazım olandan daha çox pul alıblar.
Dələduzluqla bağlı cinayət işi üzrə “sekta” üzvlərini altı ilə qədər həbs cəzası gözləyir.
Niyə insanlar SSRİ-ə qayıtmaq istəyir?
Şimali Osetiyada həqiqətən də SSRİ ilə bağlı nostalgiya mövcuddur və bunun səbəbləri var – politoloq Alan Mamiyev deyir.
“Yaşlı nəsildən olan bəzi insanlar SSRİ nostalgiyası ilə yaşayır. Artıq 90-cı illərdə Rusiyada doğulan və Sovet İttifaqı haqda böyüklərdən eşidən gənclər isə müasir reallıqda ədalət tapa bilməyəndə SSRİ tərəfdarına çevrilirlər”.
Politoloqun fikrincə, “SSRİ-ə qayıtmağı arzulayan sektalar elə Rusiya İmperiyasına qayıtmaq xəyalı quran sektalar kimidir. İnsanlar arzularını həqiqət kimi təqdim edirlər”.
Onun sözlərinə görə, bu insanlarla manipulyasiya edirlər, amma o da aydın faktdır ki, Şimali Osetiyanın bir çox sakinləri sovet dövrünün xiffətini çəkir.