“Hesab edirəm ki, heç bir koronavirus yoxdur” – bunu sübut etmək üçün Vladiqafqazda xəstəxanaya hücum ediblər
Şimali Osetiya – Alaniyada doqquz nəfərdə koronavirus aşkarlanıb, bir nəfər ölüb. Bununla belə, epidemiyanı inkar edən bir qrup insan getdikcə daha da fəallaşır.
Aprelin 7-də bir neçə nəfər Vladiqafqazda şəhər xəstəxanasına soxulmağa çalışıb və onlara COVID-19 virusunun mövcud olduğunun sübut edilməsini istəyiblər.
Mobil telefona çəkilən videodan görünür ki, bir neçə insan onların qarşısını kəsən mühafizəçilərlə mübahisə edir.
Kadr arxasındakı kişi səsi soruşur:
“Əgər burda həqiqətən də xəstələr varmı? Əgər varsa, mən özümün, ailəmin təhlükəsizliyini necə təmin etməliyəm? Bu suallara cavab ala bilmirəm. Mənim üç uşağım var, mən isə nə edəcəyimi bilmirəm. Hesab edirəm ki, koronavirus xəstələri yoxdur”.
Xəstəxanaya soxulmaq istəyənlər arasında gənc qadın da var. O, mühafizəçini sorğu-suala tutub:
“Özümüzü necə aparmalıyıq, koronavirusun hansı əlamətləri var? Göstərin də bizə koronavirus xəstələrini, onlar hardadırlar?”
Xuliqanlıq əməli bir nəfərin koronavirusdan ölməsi xəbəri ilə üst-üstə düşüb. Verilən məlumata görə, mərhumun 83 yaşı varmış və onun xroniki xəstəlikləri olub. COVID-19 testinin pozitiv nəticəsi Şimali Osetiyanın Gigiyeva və Epidemiologiya Mərkəzinin laboratoriyasında əldə edilib.
Mərhumun ailə üzvləri həkim nəzarətindədirlər.
- Vladiqafqaz: spirtlə dolu anbarlar və antiseptik tapılmayan apteklər
- Moskva meri: “Koronavirusa yoluxanların sayı əslində daha çoxdur”
Opera müğənnisi Çeldiyev “koronavirusla bağlı nağıla son qoymaq üçün” xalqı mitinqə səsləyir
Sosiial şəbəkələrdəki şərhlərə baxsaq, Vladiqafqazda ölümcül təhlükə saçan virusun mövcudluğuna inanmırlar.
Liderlərdən biri keçmiş opera müğənnisi Vadim Çeldiyevdir. O, hakimiyyəti və polisi kəskin şəkildə tənqid edir və insanları “pandemiya haqda nağıllara” inanmamağa çağırır.
Daha əvvəl Şimali Osetiya başçısı Vyaçeslav Bitarov bildirmişdi ki, koronavirus xəstələrini xilas edən həkimlərə 300 min rubl [təxminən 14 min dollar] ödəniləcək.
Çeldiyev bildirir ki, həkimlərə “yaxşı pul ödəndiyi üçün onlar üzlərini bağlayıb orda təcrid vəziyyətində oturublar və öz pullarının haqqını verirlər”.
Çeldiyev hamını özünütəcrid tələbinə uymamağa, aprelin 20-də etiraz aksiyasına çıxmağa çağırır.
Bir çox osetin blogerlər onu tənqid edir. Yəqin ki, aprelin 20-də “hakimiyyətin qəsdinə” inananların çevrəsinin nə dərəcədə geniş olduğu bəlli olacaq.
Özünütəcrid rejimini yumşaltmaq – iqtisadiyyatı dəstəkləmək üçün
Rusiya Federasiyasında rəsmən karantin rejimi elan olunmayıb. Amma mərkəz özünütəcrid qərarını, epidemiyaya qarşı hansı tədbirlərin görülməsini regionların öz öhdəsinə buraxıb.
Şimali Osetiyada hələlik aprelin 19-a qədər qeyri-iş günləri elan olunub və əhalini evdə qalmağa çağırıblar.
Yerli iri biznes həkimlərə kömək etmək qərarına gəlib və xüsusi fond yaradılıb.
Bizneslə məşğul olan bir neçə deputatın hərəsi 1 milyon rubl [təxminən 13500 dollar] ianə verib.
Şimali Osetiya başçısı Vyaçeslav Bitarovun oğluna məxsus “Bavariya” şirkətlər qrupunun bağışladığı ianə 3 milyon rubl [təxminən 40 min dollar] həcmində olub.
Amma Şimali Osetiyanın xırda və orta sahibkarları bildirirlər ki, böyük ziyana uğrayırlar.
Bir çox respublika sakinləri isə ərzaq və ilk ehtiyac mallarının bahalaşmasından və kütləvi işsizlikdən qorxurlar.
Onlardan hansıların aprelin 20-də keçiriləcək mitinqə qatılmaq istəyəcəyini yalnız ehtimal etmək mümkündür.
Budur, aprelin 7-də bəlli olub ki, hökumət iqtisadiyyatı dəstəkləmək üçün özünütəcrid rejimini yumşaltmaq məcburiyyətindədir.
Sanitar qaydaların sərtləşdirilməsi şərti ilə bir neçə sahənin öz işini bərpa edəcəyi nəzərdə tutulub.
Bu qərar aşkar şəkildə Moskvanın mövqeyi ilə əlaqədardır, çünki həmin gün prezident Vladimir Putin qeyri-iş günlərinin azaldılmasının mümkünlüyü ilə bağlı fikir səsləndirib, baxmayaraq ki, Rusiyada yoluxanların sayı sürətlə artır.
Aprelin 7-də bir sutka ərzində RF-də 1124 nəfər virusa yoluxub. Ümumilikdə yoluxanların sayı 7497 nəfərdir, onlardan 58 nəfəri ölüb.
Aprelin 7-də Şimali Osetiyada 9 koronavirusa yoluxma halı qeydə alınıb, 683 nəfər özünütəcrid rejimindədir, 852 nəfər özünütəcrid rejimindən çıxıb.