Silahdan hazırlanan bəzək əşyaları. Kim və necə hazırlayır?
Silahın sülh mesajı
“Mən gilizlərdən aqressiyanı silmək istədim, onların enerjisini dəyişdim. Bu gilizlər öldürmür, onlar aqressiya yumağı deyil, qadınları bəzəyən gözəllikdir”, – Ermənistanın Gümri şəhərindən olan rəssam Artak Tadevosyan deyir.
Onun ideyasını – silahın bəzəyə çevrilməsini – artıq bədli qadınlar bəyənib. Amma rəssam uzun müddət dəyişiklik üçün formalar axtarıb və məhz həyat yoldaşının sayəsində tapıb.
Çarəsiz vəziyyətdən çıxış yolu
Artak Tadevosyan həyat yoldaşı Ayarpi Gevorqyanla birlikdə Gümridə yaşayır. O, bir neçə il Rusiyaya dolanışıq dalınca gedib, orada şəxsi evlərin dizaynı ilə məşğul olub.
“Ailəyə ailə başçısı, uşağa yanında yaşayan ata lazımdır”, – bu fikirlə o geri qayıdıb. Amma nə o, nə də həyat yoldaşı Ermənistanın böyüklüyünə görə ikinci şəhərində özlərinə iş tapa bilməyib.
Artıq heç bir çıxış yolunun olmadığını və çamadanları toplamaq, bütün ailəcə ölkəni tərk etmək zamanının yetişdiyini düşünəndə yeni yaradıcı ideyalar yaranıb. Ayarpi kuklalar toxumağa, Artak isə mis məftillərdən bəzək əşyaları hazırlamağa başlayıb.
• Altı rəngin 600 çaları – Yerevanda toxunan və bərpa olunan xalçalar
• Fotoreportaj: Yerevanın şəkillərlə bəzədilmiş tağları
“Artakın bəzək əşyaları getdikcə daha maraqlı, cəlbedici olurdu, onları daşlarla tamamlamağa başlamışdı. Uğurlarımız bizi daha da ruhlandırdı və bizim işlərimiz daha çox satılmağa başladı”, – Ayarpi danışır.
Artak isə xatırlayır ki, bir dəfə şəhər kənarında gəzinti zamanı hərbi təlimdən sonra [Gümridə Rusiya hərbi bazası yerləşir — JAMnews] onlar Ayarpi ilə yerdən giliz tapıblar, onları evə gətirib, bəzək əşyaları düzəltmək qərarına gəliblər. Yeni, görünməmiş bir şey yaratmaq istəyirdilər və nəticədə bu işlər, onlarla birlikdə isə “AyAr” (Ayarpi və Artak) brendi ərsəyə gəlib. Bu bəzək əşyaları indi Gümridə çox populyardır.
Artak gilizləri, güllələri, mina qalıqlarını sırğalara, üzüklərə, bilərziklərə və kulonlara çevirir. Yeri gəlmişkən, o, bunları özünün hazırladığı alətlər və əlaltı vasitələrlə yaradır. O, sıradan çıxmış hərbi texnikanın hissələrini emalatxaya çevrilən zirzəmisində əridir, əyir və doğrayır.
Bəzək əşyalarını necə daha rahat eləmək olar, qadınlar daha çox nəyə üstünlük verir – bunlarla bağlı fikirləri müəllifə həyat yoldaşı verir. Naxışları isə o, tək seçir, ilkin görkəmlərini və rəmzlərin mənasını dəyişməməyə, təhrif etməməyə çalışır.
“Mən müxtəlif naxışlardan istifadə edirəm. Çox vaxt onları miniatürlərdən götürürəm, erməni hərflərinin elementlərini, sanskrit simvollarını istifadə edirəm. Matenadaranda [Yerevanda qədim əlyazmalar xəzinəsi — JAMnews] hər xətti öyrənərkən öz işimi müxtəlif formatlarda inkişaf etdirməyə çalışıram. Düzdür, mən bijuteriya hazırlayıram, amma inkişaf etməyə çalışıram. Hər bir işin eksklüziv olması, sırğaların xaraktercə, energetikasına görə fərqlənməsi mənim üçün vacibdir”, – zərgər deyir.
“AyAr” bəzəkləri Fransada
“Onlar soyqırım yaşamış insanlardır, amma onlarda zorakılıq yoxdur. Erməninin əli ilə silah bəzək əşyasına, sənət əsərinə çevrilib”, – Artakın sözlərinə görə, Fransada çox vaxt onun işlərinin məhz bu cür dəyərləndirməsi səslənib.
Fransanın Bakkara şəhərinin Pole Bijou sərgi salonunda bir neçə ay əvvəl Birinci Dünya Müharibəsinin bitməsinə həsr olunmuş sərgi keçirilib. “Müharibədə” adlanan bu sərgi hələ də davam edir. Sərgidə iştirak üçün müraciət edən 550 rəssamın işindən on dörd nəfərin, o cümlədən də Artak Tadevosyanın işləri seçilib.
“Çox maraqlı işlər vardı, Sara Şahaqın işləri heyrətləndirdi: o, fələstinli məhbusların nömrələrindən ibarət kolye düzəltmişdi. Bir-biri ilə döyüşən fransız və almanların bizim zamanımıza qədər gəlib çatmış səngərlərində hazırlanmış işlər təqdim olunmuşdu. Tanınmış belçikalı rəssam Vurgen Germanın işi maraqlı idi – gilizdən hazırlanmış kulon. Və sənin işlərin bu cür işlərlə eyni sırada sərgilənirsə – bu artıq qələbədir”, – Artak danışır.
Buradaca o, başqa bir sərgidə – Fransanın Mets şəhərində “Boteka” zalında iştirak üçün dəvət alıb. Rəssam bununla qürur duyur, amma daha böyük hədəfləri var: münaqişə olan ölkə və regionlarda, o cümlədən də Qarabağda sərgilər təşkil etmək.
“Anlayırsan ki, dünyada nəyisə dəyişə bilmək üçün sən çox balaca insansan, eyni zamanda sən heç olmasa nəsə eləməyə cəhd göstərə bilərsən – öz işində, insanlar bircə dəqiqə düşünsünlər deyə. Sənin böyük ümidlərin ola bilməz, amma zorakılıq olmasın, daha çox insan sülh çağırışını eşitsin deyə nəsə eləyə bilərsən”.
Bəzək əşyaları hazırlamaq üçün cütlük artıq “xammalı” hərbi təlimlər keçirilən yerlərdə axtarmır. İndi “materialı” onlara tanıdıqları və tanımadıqları insanlar, ovçular və polislər gətirir. İnsanlar silahdan bəzək hazırlayan rəssama kömək edirlər ki, o, sülh çağırışını mümkün qədər geniş çevrələrə çatdıra bilsin.