Sevgisizlik. Andrey Zvyaqintsevin yeni filmi nə haqdadır
Rusiyalı rejissor Andrey Zvyaqintsevin “Sevgisizlik” (“Нелюбовь”) filmi 70-ci beynəlxalq Kann kinofestivalında münsiflər heyətinin mükafatını aldı. Gürcüstan kinoteatrlarında film avqustda çıxacaq. Kino tənqidçisi Niniya Kakabadze filmi Kanda jurnalistlər üçün xüsusi nümayişi zamanı görüb və təəssüratlarını JAMnews-la bölüşür. O deyir ki, bu film boşluq haqqındadır, əsas qəhrəmanı da “sevgisizlik”dir.
Andrey Zvyaqintsev, beynəlxalq festivallarda uğurla iştirak edən və öz uğurları ilə rusiyalı tamaçaşını çətin vəziyyətə qoyan tanınmış Rusiya rejissorlarındandır. Tamaşaçı bir tərəfdən öz həmyerşlisi ilə qürurlanmağa, digər tərəfdən də ekranda nümayiş olunan səhnələrə, Zvyaqintsevin öz filmlərində göstərdiyi Rusiyaya görə utanmağa məcburdur.
Mənə bu hiss tanışdır. Yadımdadır, ABŞ-da Sandersin müstəqil kino festivalında olanda Temur və Qela Babluanilərin “İrs” filmi mükafatlardan birini qazandı. Mükafatlandırma mərasimində mən eyni vaxtda həm sevinc, həm də xəcalət hissini yaşadım. Film sevgiylə bu günə qədər də ölkəmdə mövcud olan sülalə qarşıdurması və qan düşmənçiliyindən bəhs edirdi. Babluanilərin danışdıqları hekayə ölkəmin gerçəkliklərini əks etdirirdi və mən özümü narahat hiss edirdim.
Zvyaqintsevin bütün filmləri ölkəsinin reallıqlarının rekonstruksiyasıdır. Amma Babluanilərdən fərqli olaraq, Zvyaqintsevin dahiliyi həm də ondadır ki, onun hekayələri universaldır. İstənilən adam da ekranda öz həyat hekayəsini görə bilər.
Ad
Öz müsahibələrində Zvyaqinsev filmin adına çox diqqət yetirir. Müsahibələrindən birində də deyir ki, adın ingilis dilində Loveless kimi səsləndirilməsi əsas ideyanı əks etdirmir. “Sevgisizli”yi “Sevgi yoxdur” kimi tərcümə etmək olmaz. Bu söz, rejissorun fikrincə, daha çox nifrətə yaxındır, nəinki sevginin olmamasına.
İnsanlar
Alyoşa adında 7 yaşlı övladları olan gənc cütlük boşanır. Qadının sevgilisi var, bu, orta yaşlı tənha kişidir. Kişinin sevgilisi isə gənc naz-qəmzəli xanımdır. Onlar ortaq mənzillərini necə satıb, böləcəklərini bilirlər, amma Alyoşanı necə edəcəklərini bilmirlər, çünki o, həyatlarında artıq adama çevrilir. Buna görə də onlar hətta onu internata verməklə bağlı variantı da nəzərdən keçirirlər. Valideynlər filmin əvvəlindəcə yoxa çıxan övladlarını sevmirlər. O, evdən qaçır.
Alyoşa problemi onları müvəqqəti olaraq birləşdirir, onlar uşağı axtarmağa başlayır. Bütün bu vaxt ərzində onların əsəbi vəziyyəti və axıdılan göz yaşları fonunda biz hekayəni dinləyirik: Alyoşanın anası Jenyanın özü qəddar ana ilə necə sevgisizlik şəraitində yaşayıb, Alyoşanın doğulması necə böyük səhv olub, onu necə sevgisizliklə dünyaya gətirib və 7 ili necə sevgisizlik şəraitində keçirib.
“Sevgisizlik” filmin əsas personajı, ana xəttidir, hansı ki, təkcə rusiyalı tamaşaçını deyil, həm də bizim hər birimizi ekranda göstərir. Həyatında heç olmasa bir dəfə sevgisizliklə üzləşən insan Alyoşa olub, onun anasının və ya atasının yerində olub. Elə bir insan yoxdur, bir anlıq ya da uzun müddətlik özünün lazımsızlığını, sevgisizliyi hiss etməsin. Hər birimiz yoxa çıxmağı, bununla da valideynlərimizi cəzalandırmağı arzulamışıq.
Hər bir insan heç olmasa bir dəfə düşünüb ki, övladı ona yaşamağa, inkişaf etməyə mane olur. Hər birimiz valideynlərimizin verdiyindən daha çox sevgi və qayğı arzulamışıq. Bu, uşaqlıqda alınan və heç vaxt sağalmayan, insanın bütün ömür boyu mübarizə apardığı yaralardır. Kinematoqrafçılar bu mövzunu çox sevir. İnqmar Berqman bu mənada xüsusiylə seçilirdi, onun filmlərinin əsas mövzusu məhz uşaqlıqda aldığı travmalar və onların sonrakı əks-sədası olub.
Andrey Zvyaqintsevin “Sevgisizlik” filmi də belədir, bu, unudulmayan filmlərdəndir.
Ətraf
Bu, hər bir insanın dövlət və onun kontekstini yaratması haqqında filmdir. Həm də biganə dövlət və ətrafın insanları yaratması haqda. “Sevgisizlik” Zvyaqintsevin personajlarını birləşdirən amildir.
Heç bir qayğı görmədiyin, sevilmədiyin yerdə sağ qalmaq və sevmək mümkündürmü?!
Alyoşanın itməsinə dövləti təmsil edən polis də biganə qalır. Polis əməkdaşları deyir ki, kömək etmək iqtidarında deyillər, çünki hər gün bir neçə uşaq itir və hamısını da tapmaq mümkün deyil.
Axtarışlarda könüllülər qrupu iştirak edir. Onlar dayanmadan uşağı axtarırlar, amma sözlərində və əməllərində əsas şey – sevginin yaratdığı şəfqət yoxdur.
Zvyaqintsevin Rusiyasında heç kim heç kimi sevmir. Alyoşanın valideynləri Jenya və Boris bir-birlərini sevmədikləri kimi, yeni partnyorlarını da sevmirlər. Zvyaqintsevin bu “sevgisizliyi” göstərmək ustalığı heyrət doğurur.
Ekranda məşuqların çılpaq bədənləri, seks görünür, amma onlar tamamilə boş, hissiyatsızdırlar, sevgi ilə birlikdə mövcud olan hiss yoxdur.
Zvyaqintsevin ətrafı riyakarlıqdır. Borisin işində ailəli adamları işə götürmürlər, evlənmək fikrinə düşənləri isə işdən azad edirlər. Borisin müdiri pravoslav iş adamıdır, əxlaq keşikçisidir, əslində isə işçilərinə əxlaqsız riyakarlıqla rəhbərlik edir. Ofis ikonalarla doludur və müqəddəslər “böyük qardaş” kimi işçilərə nəzarət edir. Borisin və həmkarlarının gündəlik həyatı qorxu, işini itirmək qorxusu içində keçir.
“Mən “onlar haqqında” film çəkmirəm, mən özümüz haqqında çəkirəm. Burada, yanımızda baş verənlər barədə danışmaq lazımdır”, – Zvyaqintsev müsahibələrindən birində deyir. Bu rejissorun əsas üstünlüyü məhz ondadır ki, o, riyakarlıq, sevgisizlik, bataqlıqlaşmış sosium haqqında “başqa”, “yad” kimi danışmır. Zvyaqintsev öz qəhrəmanlarının əsl simasını göstərərkən, onlara nifrət bəsləmir.
Filmin finalında Jenya və Borisin artıq yeni həyatları var. Onlar yeni evlərində, yeni ailələrində yaşayırlar. Borisin təzə həyat yoldaşı ilə övladı var. Uşaq atasına televizora baxmağa mane olur, atası uşağı “götürüb”, manejə “qoyur”. Bu balaca oğlan bu insanların, bu cəmiyyətin yeni “alyoşasıdır”, bu, yenə də sevgisizlikdə yaşayan başqa bir nəsildir.
Rusiya durub. İrəli getmir, inkişaf etmir. Bunun birbaşa metaforası filmin son epizodudur: Jenya kürəyində “Rusiya” yazılan idman paltarında qaçış trenajorundadır. O, həvəslə qaçsa da, yerində qalır, otaqdakı televizordan ucadan Ukrayndan modelləşdirilmiş xəbərlər eşidilir.
Rusiyada Zvyaqintsevin filmlərini “yaxşı ruslar” tənqid edir. Bizim “ikinci” və ya “başqa” Rusiya adlandırmağı sevdiyimiz həmin o ruslar. Onlar Zvyaqintsevi öz filmlərində çıxış yolu qoymadığına görə tənqid edirlər.
“Zvyaqintsev öz filmlərini dövlətlə razılaşdıraraq çəkir, – onun tənqidçiləri deyir. – O, cəmiyyətdə nihilizmi bir az da möhkəmləndirir, beyinləri doldurur ki, çıxış yolu yoxdur. Biz beləyik, xalq olaraq beləyik. Problem bizim özümüzdədir, çıxış yolu yoxdur və mübarizə mənasızdır”.
Zvyaqintsevin filmlərində çıxış yolu həqiqətən də ilk baxışdan görünmür. Halbuki məhz bu dibi, bu dalanı anlamaqdır çıxış yolu. Ola bilməz ki, canlı insan zülmət, boşluq, sonu bilinməyən totalitarizmlə barışsın. Hirslənməmək mümkün deyil, hirsi oyadan bu hisslərsə mübarizə aparmaq bacarığının itməməsinə imkan verir. Zvyaqintsevin reallığı apatiya oyatmır, o, iri Berqman planı ilə bizə özümüzü göstərir və ayıldır.