Ermənistanda eynicinsli cütlüyün xoşbəxt, amma çoxları üçün anlaşılmaz hekayəsi
ROMİK
Romik şairlərin Tanrı ilə məhəbbət haqqında söhbət etdiyi ölkədəndir. Romik sevgi üstündə bəzən insanların qətlə yetirildiyi ölkədəndir.
İran çox gözəl, rəngarəng, zəngin mədəniyyəti olan ölkədir. Romik Danial İranda erməni icmasının görkəmli nümayəndəsi, aktiv gənc oğlan, dini kursların nümunəvi məzunudur.
“Hələ uşaq vaxtı, 10 yaşım olanda başqalarından fərqləndiyimi hiss edirdim. Mən oğlan yaşıdlarım arasında özümü yad kimi hiss edirdim, onların söhbətləri mənə mənasız və maraqsız idi. Qızlarla daha rahat idim, amma mən başa düşürdüm ki, onlar üçün də mən yadam.
Bəzən mənə elə gəlirdi ki, bu planet mənim planetim deyil, mən bura səhv düşmüşəm. Məsələn birdən göy yarılıb və mən bura düşmüşəm, mələk kimi. Yeganə belə varlıq. Bunun nə olduğunu bilmirdim, amma ətrafımdakılardan fərqləndiyimi başa düşmürdüm”, – Romik danışır.
“Özününkülər”in axtarışı illər çəkdi. Romik öz şəxsiyyətinin çatmayan pazlını icmanın işində, kilsədə, məktəbdə, dostları arasında axtarırdı. Amma hər şey əbəs idi. Romik sadəcə olaraq nə axtardığını bilmirdi.
“Birinci dəfə “gey” sözünü öz anamdan eşitdim. Yadımdadır o, peyk kanallarından birində seriala baxırdı, orada eynicinsli cütlük var idi. Mən birdən onların sevgisini anladığımı və hiss etdiyimi anladım. Anamsa həmin vaxt dedi: geylərə bax bir, bu da təzə çıxıb. Atam isə geylərin kim olduğunu soruşdu”.
Anam da cavab verdi ki, bir kişinin başqa kişini sevməsi. Həmin gün mən məhz bu qrupa aid olduğumu başa düşdüm, mənim nə hiss etdiyimi məhz bu cür xarakterizə etmək olar, amma eyni zamanda valideynlərimin buna çox mənfi münasibətini hiss edib, bunun səhv bir şey olduğunu düşündüm”, – Romik danışır.
İnformasiya qıtlığı və internet yoxluğu şəraitində Romik hər yerdə onu maraqlandıran suallara cavab axtarmağa çalışırdı. Bəzən qulağına tanışlarının onun haqqında danışdıqları da gəlib çatırdı. O hələ özü özünü sona qədər anlamırdı, amma özü haqqında bu xasiyyətnamələrə nifrət edirdi, əksini sübut etmək üçün əlindən gələni edirdi.
“Yad, fərqli olmaq dözülməzdir, dəhşətdir, sən həyatının, düşüncələrinin sənə aid olmadığını çox gözəl başa düşürsən, sanki içində iki adam yaşayır və sən öz mahiyyətini anlamırsan. Sən həyatını ailənin, cəmiyyətin və ənənələrin diktəsi ilə yaşayırsan. Bu səni məhv edir və sən həmişə harasa qaçmaq istəyirsən, amma hara qaçacağını bilmirsən, çünki bunun səbəbini anlamırsan.
Uzun müddət ora-bura vurnuxandan sonra tam rahatlığı mən 2000-ci ildə Ermənistana gəldiyim zaman hiss etdim. Təəccüblüdür ki, bura mənim heç vaxt olmadığım vətənim idi, yad ölkə, amma sərhədi keçən kimi məni sakitlik hissi bürüdü, sanki evimə dönmüşdüm. O an mən özümü xoşbəxt, rahat və təhlükəsiz hiss edirdim”, – Romik deyir.
İki həftə sonra Romik Ermənistana köçmək arzusu barədə düşünə-düşünə, evinə dönür. Bu səfərdən sonra onun üçün özünüdərkin yeni mərhələsi başlayır. Romik öz həyatını, hisslərini və düşüncələrini hissə-hissə yığaraq özü üçün qərar verir – o bundan sonra yalan içində yaşamayacaq:
“Öz suallarıma cavabların çoxunu kilsədə tapmağa çalışırdım. Kilsənin özündə “nifrət” sözünü eşidənə qədər. Həmin an içimdə hər şey alt-üst oldu: sən demə mənim inandığım kilsə məni qəbul etmir, mənə inanmır. Cavablar yerinə məndə yeni suallar yarandı. Mən Tanrıya müraciət edir və soruşurdum: Əgər məni yaratmısansa onda mənə qarşı olan kitab nəyə lazımdır? Səhv kimdədir? Məndə yoxsa o kitabda? Əgər məni özünə bənzər yaratmısansa, mən necə səhv ola bilərəm?
Bu suallar mənə əzab verirdi. Mən bu suallara öz cavablarımı tapmaq üçün kilsəni tərk etdim. Başqa dinlərin müqəddəs kitablarını oxumağa başladım. Quranda maraqlı bir sətir var: “Allah insana şah damarından daha yaxındır”. Beləliklə də müxtəlif dini nəzəriyyələri öyrəndikdən sonra Tanrının mənim içimdə olduğunu, və mənim səhv ola bilməyəcəyimi anladım. Doğru və yanlış arasında uydurulmuş, süni sərhəd yox oldu. Mən varam və mən olduğum kimiyəm”, – o danışır.
İndi Romik Tanrıya inanır, amma vasitəçisiz. O öz mahiyyəti, və ona şah damarından yaxın olanla birlikdə öz dünyasında yaşayır. Bundan əlavə o artıq ən vacib prinsipi bilir – “qınama”.
Bir neçə il sonra, 2011-ci ildə qərar qəbul olunur. Romik evdə bəyan edir ki, ikili həyatla yaşamaq və daha betəri də başqasının həyatı ilə yaşamaq istəmir, buna görə də Ermənistana köçmək istəyir. İranda onun kimiləri edam edirlər.
“O vaxt məni artıq qızla nişanlanmışdım və ənənəvi ailə qurmaq istəyirdim. Sonra isə bunun nəinki səhv, həm də mənasız olduğunu anladım. Belə ailədə heç kim xoşbəxt ola bilməzdi. Mənim başqa bir insanı bədbəxt etmək haqqım yox idi. Yalan içində yaşamaq mənim üçün artıq dözülməz idi. Düşünürəm ki, bizim cəmiyyətin ən böyük bədbəxtliyi bundadır – insanlar bilərəkdən yalan içində yaşayır və bununla mübarizə aparmağa çalışır.
Tez-tez insanlar yarıdoğrunun sadəcə mövcud olmadığını anlamırlar – bu, elə həmin yalandır. İnsanlar yalan danışmadıqlarını, sadəcə doğrunu gizlətdiklərini və ya onu bəzədilmiş şəkildə təqdim etdiyini düşünməyi üstün tuturlar. Bu, mənlik deyil. Mən bu cür bacarmıram. Və mən özüm özümə yalan danışmamaq qərarını verərək Ermənistana köçdüm”, – Romik deyir.
O, Ermənistanda özünə tez bir zamanda iş tapır, LGBT cəmiyyətinin üzvləri ilə tanış olur və onun narahatlıqlarını və qorxularını paylaşdıqlarını görür, göydən düşən mələk olmadığını anlayır. O, yer üzündə gəzən bütün başqa insanlar kimi adi, fərqli insandır. O, çoxları ilə tanış olur, amma zaman keçdikcə öz ətrafını daha diqqətlə seçməyə başlayır.
“Mən əminəm ki, homoseksualların tanışları, xüsusən də valideynləri onlar haqqında həqiqəti bilirlər. Amma adətən bunu gizlədirlər, özlərini elə aparırlar ki, sanki hər şey qaydasındadır, “normal”dır, hamıdakı kimi. Amma bu heç nəyi dəyişmir axı. Bu cür insanlar var və özünü bunun belə olmadığı kimi aparmaqla, onlar yoxa çıxmayacaqlar. Yeni bir yalanın yaranmasından başqa heç nə dəyişməyəcək”, – Romik deyir.
NAREK
“Mənim kim olduğum haqda ən sonda özüm öyrəndim. Məktəbdə oğlanlar mənə “mavi” deyirdilər, mən isə bunun heç nə olduğunu bilmirdim. Mən sadəcə onlara bənzəmədiyimi, heç kimə bənzəmədiyimi anlayırdım”, – Narek danışır.
Narek həyatının ilk 24 ilini tam tənhalıqda, özünü və mahiyyətini qəbul eləməməklə keçirib. Başqaları üçün yolverilməz nəyisə qəbul etmək böyük cəsarət tələb edir. Mübarizə və ümidsizlik mərhələləri bir-birini əvəz edirdi.
“Mənim az-çox məlumatım, kim olduğumu anlamaq imkanım olsa da, mənim çox sayda çətin dəf edilən daxili maneələrim varıydı. Mən özüm özümü inkar edirdim, eyni zamanda da hamı kimi yaşamaq istəmirdim, çünki bunun özümə qarşı zorakılıq olduğunu anlayırdım.
İndi o dönəmi xatırlayanda özümə yazığım gəlir. Bu, qəribə səslənə bilər, amma biz sadəcə yaşamaq üçün daha çox enerji sərf edirik: işdə, ailədə rol oynamaq, mübarizə aparmaq, özünü qəbul etmə və ya etməmə. Bu sonu bilinməyən gərginlik insanı əldən salır”, – Narek deyir.
Narek ancaq 24 yaşında öz mahiyyətini anlayır, amma bununla barışmır. Bu vaxt ərzində o aşiq olur və çox güclü ümid qırıqlığı yaşayır:
“Demə sevdiyim və məni sevən insanın ailəsi varıymış. Münasibətlərimiz 8 ay çəkdi. Bu, asılılıq idi – sevdiyim insandan fiziki və psixoloji asılılıq. Amma vicdan əzabı, onun arvadına, ailəsinə görə narahatçılıq, nə isə düzgün bir hərəkət etmədiyimlə bağlı fikirlər sonda qalib gəldi. O zaman sevgi yəqin ki, mənlik deyil – deyə düşündüm, hətta bu fikirlə barışdım da”, – Narek danışır.
Məxfilik Nareki icmanın başqa üzvləri ilə ünsiyyətdən və yeni insanlarla tanışlıqdan məhrum etdi. O, öz problemləri ilə təkbaşına qaldı, heç vaxt evlənməyəcəyi ilə bağlı özünə söz verdi, amma tənhalıq bəzən dözülməz olurdu:
“Söhbət təkcə şəxsi həyatdan getmir. Mən sözün əsl mənasında tənha idim: sənə bənzər, sənin tanıdığın heç kim yoxdur, heç söhbət edə biləcəyin bir insan belə yoxdur. Mən həqiqətən Ermənistanda bir dənə belə olsun homoseksual tanımırdım. Həyat mübarizə, yalan, özünüqoruma, özünü inkar zəncirinə çevrilir və birdən sən bununla barışırsan”, – Narek deyir.
Yeni ümidsizliklər dalğası Nareki tanışlıq saytına gətirib çıxarır. Özündən əminsizlik ona kiməsə birinci yazmağa imkan vermirdi, şəklini çoxdan bəyəndiyi Romikə belə. Narek taleyin bir gün onun üzünə güləcəyinə ümid edirdi.
ARTIQ BURDASAN
Son bir-birini tapma cəhdi Romik və Narek üçün nicat yeri oldu. Bir neçə həftə sürən onlayn tanışlıq daha sonra sevgi və ailəyə çevirildi. Amma ilk vaxtlar onları çox sayda qorxu və maneələr gözləyirdi:
“İndi mən xoşbəxtəm və bu, dəqiqdir. Amma daha da ehtiyatlı davranıram. Əslində mən Nareklə ciddi və uzunmüddətli münasibətlər quranda böyük diskriminasiya ilə üzləşdim. Sən özün özünə görə cavabdeh olanda daha rahat və cəsursan. Amma sevgilinin həyatının səndən asılı olduğunu anlayanda öz addımlarını daha dəqiq hesablayır və düşünürsən.
Münasibətlərimiz təzə başlayanda, diskriminasiya ilə üzləşməmək üçün nahar etməyə hara getməyi uzun-uzun müzakirə edirdik. Amma bu gün bizim əldə etdiklərimizə görə mübarizə aparmağa dəyərdi”, – Romik deyir.
Keçmişin uğursuz cəhdləri, üzə çıxarılmayan emosiyalar və nəhayət adət edilməyəm xoşbəxtlik qorxudurdu. Xüsusilə heç vaxt icma üzvü olmayanmış, onu kimiləri görməyən və eşitməyən Narek üçün:
“Biz ilk dəfə “Məni dinlə” filminin nümayişində görüşmüşdük. Mən heç kimlə tanış deyiləm və birdən mənim həyatıma bənzər hekayələr eşidir, mənim problemlərim kimi problemlər görürəm. Qarışıq və anlaşılmaz hisslər yarandı. Filmdən sonra kafeyə gedəcəyimizi biləndə, qorxudan qaçmaq istəyirdim, çünki sonra nə baş verəcəyini bilmirdim. Amma indi həmin gün qaça bilmədiyim üçün çox xoşbəxtəm”, – Narek deyir.
Narekin keçmiş ümidsizlikləri Romikin xoşbəxtlik və ailə haqqında aydın təsəvvürləri ilə üz-üzə gəldi. Narekin xəyal etməyə belə cəsarət etmədiyi şeylər tezliklə gerçəkliyə çevrildi:
“İndi mənim ailəmin gələcəyi haqqında düşünmək imkanım var. Uşaqlar haqqında belə. Bu, gözəl imkandır, çünki həyatımın ilk 24 ilini gələcəyimdən yaxşı heç nə gözləməmişəm. Bundan əlavə, Romik məni şəxsiyyət olaraq çox güclü edib. İndi özüm özümlə barışmışam və bu, çox vacibdir”, – Narek deyir.
Öz nişanlamaları və ailələri barədə çütlük sərbəst, amma ehtiyatla danışır. Narekin valideynləri oğullarının orientasiyası barədə bilmirlər, hələliksə həqiqəti demək Romik üçün mənasız görünür:
“Məsələ onda deyil ki, mən Narekin valideynlərinin haqqımızda bilməsini istəmirəm. Əlbəttə, yox. Mən sadəcə onların dəstək verməyəcəyini bilirəm. Mən bununla bağlı bütün riskləri gözə alıram. Mən özüm valideynlərimə öz orientasiyam haqqında ancaq evliliklə bağlı təzyiqlərə son qoymaq üçün danışdım. Müəyyən müddət sonra onlar bunu qəbul etmək məcburiyyətində qalsalar da, mənfi emosiyalar həddən artıq çox oldu.
İndi Narek bu haqda düşünəndə mən sadəcə soruşuram: bu nəyi dəyişəcək. Heç nəyi. Qəbul etsələr hər şey olduğu kimi qalacaq. Etməyəcəklərsə yenə də onun kimi. Amma ailəmiz daha çətin bir dönəm yaşayacaq. Bu mərhələdə mən bunda məna görmürəm. Bundan əlavə, əminəm ki, Narekin anası ürəyində hər şeyi bilir, çünki oğlu onun gözü qabağında 180 dərəcə dəyişdi. Oğlu xoşbəxtdir, və bunu görməmək mümkün deyil”, – Romik deyir.
Bu gün Romik və Narek uşaq arzusundadır, Romikin sözlərinə görə bu, qələbə rəmzi olacaq:
“Mən 20 il sonra uşaqlarımızın növbəti mübarizə halqası olmağını, qələbəmizi möhkəmləndirəcəklərini təsəvvür edirəm. Mən onların “bəli, biz eynicinsli ailədə böyümüşük, amma bu bizim uğurlu, təhsilli, xoşbəxt insan olmağımıza mane olmayıb”, deyə bilmələrini istəyirəm. Ermənistanda hamı öz düşüncə tərzinin səngərində oturub və hamı bir- birinə atəş açır. Bu cür heç nə dəyişməyəcək. Mən bizim övladlarımızın bu səngərlər arasında ağ bayraq qaldırmasını istəyirəm”, – Romik Danial deyir.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.