Sülhməramlılar və rayonların Azərbaycana qaytarılması - Rusiya XİN rəhbəri Qarabağ münaqişəsi haqda
Sülhməramlılar və rusiyalı müşahidəçilər Qarabağda; 1990-cı illərin əvvəllərində baş verən müharibədən sonra Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan rayonların Azərbaycana qaytarılması – Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də rusiyalı jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmanın nizamlanması ilə bağlı bu sxemi təklif edib.
Qarabağda Azərbaycan və Ermənistan orduları arasında döyüşlər sentyabrın 27-dən davam edir. Rəsmi məlumata əsasən, hər iki tərəfdən hərbçilər və dinc sakinlər arasında 600 nəfərdən çox insan həlak olub, minlərlə yaralı var. Qurbanların qeyri-rəsmi sayı daha çoxdur. Oktyabrın 10-da tərəflər atəşkəs razılaşması imzalayıb, amma razılaşmaya əməl etməyiblər. Gərgin döyüşlər və hər iki tərəfdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir.
Lavrovun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin siyasi nizamlanması konkret addımlarla müşayiət olunmalıdır.
“Siyasətçilər və diplomatlar atəşkəs razılaşması haqda elan edirlər ki, bütün bunlar uğurlu olsun, burada hərbçilər bunun üçün torpaqlarda konkret hansı tədbirlərin görülməli olduğunu razılaşdırırlar, kim atəşkəs rejiminə hər iki tərəfdən əməl olunduğuna obyektiv nəzarət edəcək”, – o qeyd edib.
Eyni zamanda Lavrov vurğulayıb ki, atəşkəs rejiminə nəzarət mexanizmini hələ heç kim müzakirə etməyə başlamayıb.
• Kağız üzərində sülh: Qarabağda müharibə davam edir
• “Mağazalarda oyuncaq tapançaların hamısı alınıb” – Azərbaycan sakinləri müharibə haqda
• “Azərbaycan tərəfinə atəşkəs lazım deyil”. Ermənistanda müharibə haqda nə düşünürlər?
Bundan başqa, Lavrovun fikrincə, Qarabağda sülhməramlılar və Rusiya müşahidəçiləri olmalıdır, amma son sözü münaqişə tərəfləri deməlidir.
“Biz Türkiyənin səsləndirdiyi və prezident İlham Əliyevin bir neçə dəfə ifadə etdiyi mövqe ilə razı deyilik. <…> Təəssüf ki, Türkiyə Azərbaycanın atacağı istənilən addımı dəstəkləyəcəyini bildirdi. <…> Biz yenə də öz fikrimizdə qalırıq ki, sülh nizamlaması nəinki mümkündür, hətta yeganə vasitə olaraq qalır. <…> Əgər Qarabağda uzunmüddətli siyasi razılıq əldə edilməsə, torpaqlarda hərbi həll davamlı olmayacaq”, – o əlavə edib.
“Həmsədrlərin hazırladıqları və hazırlamağa davam etdikləri təkliflər danışıqlar masasında qalır, onların məzmunu artıq məlumdur. Bu, Qarabağın təhlükəsizliyinin təmin edilməsi və Ermənistanla Qarabağ arasında etibarlı əlaqənin saxlanması ilə Qarabağ ətrafındakı rayonların mərhələli, tədricən azad edilməsidir”, – Lavrov deyib.
Qarabağ müharibəsi Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonları ərazisində 1991-1994-cü illərdə ermənilərlə azərbaycanlılar arasında baş tutan silahlı münaqişədir. Müharibə atəşkəsin еlan olunması ilə bitdi, amma atışmalar hələ də ara-sıra davam edir.
Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbaycan Qarabağı və müharibə vaxtı zəbt edilən ətraf əraziləri işğal olunmuş hesab edir və onların qaytarılmasını tələb edir.
Münaqişənin nizamlanması ilə bağlı beynəlxalq vasitəçiliklə keçirilən danışıqlar indiyə qədər heç bir nəticə verməyib.
Sonuncu dəfə aprel müharibəsi” və ya “dördgünlük müharibə” adını alan tammiqyaslı hərbi əməliyyatlar “ 2016-cı ilin aprel ayında baş verib. Nəticədə hər iki tərəfdən onlarla adam həlak olub.