"Sədərək"dəki yanğın: “əməklə böyüyən biznesin yox olması” və “zəhərli oyuncaqlar”
Sədərəkdə baş vermiş yanğın
Azərbaycanda ticarət mərkəzlərində yanğınlar çox tez-tez baş verir və nəticələri ya ictimaiyyətə açıqlanmır, ya da qismən məlumat verilir. Bakıda “Sədərək” ticarət mərkəzində baş verən son yanğın məsələni yenidən gündəmə gətirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasına əsasən, avqustun 24-də “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının genişlənməsinin qarşısı alınıb və bu gün, avqustun 25-də tam söndürülüb.
TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) verilən məlumata görə bir neçə nəfərə tibbi yardım göstərilib.
Yerli mediada yayılan məlumatlarda yanğının “SuperToys” şəbəkəsinin icarəyə götürdüyü anbarda baş verdiyi qeyd olunur.
Rəsmi araşdırmanın nəticəsi hələ açıqlanmayıb.

“JAMnews”un daha əvvəl də yazdığı kimi, ticarət mərkəzlərində tez-tez baş verən yanğınlar və onların nəticələri cəmiyyətə ya açıqlanmır, ya da yarımçıq qalır. “Sədərək”dəki hadisə həmin müzakirələri yenidən gündəmə gətirib.
Yeni brendlər hədəfə çevrilir?

Marketinq mütəxəssisi Pərviz Əzimov “Facebook”da yazır ki, “SuperToys” illərlə addım-addım böyüyən, güvən qazanmağa çalışan yerli markadır.
O, yanğından dərhal sonra bəzi media qurumlarının faciənin özünü deyil, sahibkarı və işçiləri hədəfə almasını dilə gətirib.
Müəllif qeyd edir ki, medialar köhnə “vergi borcu”, “monopolist” kimi ittihamları tirajlamaqla mövzunu başqa səmtə çəkiblər.
“Supertoys-la illərdi tanışam. Məncə 10 il olar. Demirəm ha, “Supertoys”un sahibi, işçiləri ilə tanışam, elə bütün “Supertoys”la. Məhsullarından, işçilərinə, rəhbərliyindən sahibinə qədər.
Bu ölkədə gördüyüm çox azsaylı addım-addım böyüyən bizneslərdəndir. Bu işi ən xırda formada başlayıb, ən yuxarı qalxana qədər hər gün çalışıblar, vuruşublar, əziyyət çəkiblər, marka olmağa, güvən qazanmağa çalışıblar.
Dünən Sədərəkdəki faciəvi yanğında çoxlu bizneslər zərər çəkdi. Çox ağır hadisədir. Ordakıların bəlkə də hamısı addım-addım, əziyyətlə qurulan bizneslərdəndir. Anbarları yanan bizneslər içində ölkədə ən çox tanınanı “Supertoys” idi. Böyük itki yaşadılar.
Azərbaycan mediası nə etdi? Ordakı faciəni qoydu kənara, sahibkarı, işçiləri unutdu, reket kimi 5-10 manat pul almaq üçün əxlaqsız yazılar tirajladı. Supertoysun keçən il olan vergi borcunu tirajladı, öz gücü ilə ən təpəyə çıxan şirkəti monopolist adlandırdı.
Heyif, heyif ki, bu qurumlar mətbuat, media adını daşıyır”.
Bu yanaşma “JAMnews”un “ticarət mərkəzlərində şübhəli yanğınlar” mövzusunda illərdir davam edən qeyri-şəffaflıq barədə yazdıqları ilə üst-üstə düşür: insanlara dəymiş zərər geniş ictimaiyyətə təqdim edilmir, istintaq nəticələri açıqlanmır.
“Zəhərli oyuncaqlar körpələrimizin gələcəyini yandırır”

Hökumətə yaxın Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə başqa sual qoyur: “Uşaqların əlində oynadığı oyuncaqlar nədən hazırlanır ki, yananda belə qap-qara tüstü verir?”
O, qurğuşun, ftalatlar, PAH-lar, BPA kimi maddələrin sağlamlığa zərərindən yazır və deyir ki, Qərbdə sərt limitlər var, Azərbaycanda isə real nəzarət zəifdir.
“Zəhərli oyuncaqlar körpələrimizin gələcəyini yandırır. “Super Toys” mağazalar şəbəkəsinə məxsus anbarın yanması nəticəsində tüstü bütün şəhərdən görünürdü. Yanan isə uşaq oyuncaqları idi…
İndi bir anlıq düşünün: uşaqlarımızın əlində gəzən, qucaqlayıb yatdığı, ağızlarına saldıqları o oyuncaqlar hansı kimyəvi maddələrdən hazırlanır ki, yananda belə qapqara tüstü buraxır? Deməli, həmin maddələr yanmamışdan əvvəl də onların tərkibindədir və körpələrin bədəninə, qanına, beyninə keçir.
Bu artıq ehtimal yox, sübut olunmuş faktdır, belə ki, belə oyuncaqlarda qurğuşun aşkarlanıb və bu uşağın beyninə toksik təsir göstərir, inkişafı zəiflədir. Ftalatlar (plastiklərdə elastikliyi artırmaq, onları yumşaltmaq üçün qatılan kimyəvi maddələrdir) yumşaq plastiklərdə çox olur, hormonal sistemi pozur. Avropa Birliyi onları ciddi şəkildə məhdudlaşdırıb.
PAH-lar (poliaromatik karbohidrogenlər) qara rezin hissələrdə olur, kanserogen sayılır. BPA və fenol uşaqlarda immuniteti zəiflədir, hormon balansına mənfi təsir göstərir. Yanğında gördüyümüz qara tüstü isə bu kimyəvilərin havaya qarışmasının açıq sübutudur. Orada karbonmonoksid, sianid, ağır metal qalıqları ola bilər.
Avropa və ABŞ-da bu maddələrə sərt limitlər qoyulub, hər oyuncaq laboratoriyada test olunur. Bizdə isə çox vaxt nə sertifikat var, nə də real keyfiyyətə nəzarət. Nəticədə körpələrin sağlamlığı risk altındadır.
Biz tüstünü görüb dəhşətə gəlirik, amma unutmamalıyıq: həmin tüstünün qaynağı olan kimyəvilərlə uşaqlarımız hər gün təmasdadır. Uşaqların sağlamlığı ucuz, keyfiyyətsiz və nəzarətsiz gətirilən oyuncaqların əlində olmamalıdır!”
Fakt nə deyir?
Avropa Birliyində oyuncaqlarda ftalatlar (DEHP, DBP, BBP, DIBP və s.) ciddi məhdudlaşdırılıb, qurğuşun və bir sıra elementlər üçün miqrasiya limitləri var, PAH-lar rezin/plastik hissələrdə məhdudlaşdırılır; yeni oyuncaqlar haqqında qaydalar da sərtləşdirilir.
Yəni, riskli maddələrə həqiqətən limitlər var, amma hər konkret məhsul üçün laboratoriya testi lazımdır. Tüstünün qara olması tərkibdə hansı maddənin olduğuna dair sübut deyil; bunu ancaq rəsmi ekspertiza deyə bilər.
Azərbaycanda isə formal olaraq nəzarət var, amma oyuncaqlar üçün xüsusi “Texniki reqlament” hələ layihə mərhələsindədir. Yəni qaydalar hazırlanır, lakin tam, vahid sistem hələ tamam qəbul olunmayıb.
Bu gün üçün çərçivə belədir: şikayət və yoxlama mexanizmi var, amma oyuncaqlara xüsusi texniki reqlament hələ qəbul mərhələsini gözləyir. Reqlament və EN 71 tipli standartlar tam qüvvəyə minəndə laborator test, uyğunluq nişanı və s. üzrə aydın tələblər formalaşacaq.
“Kimin hədəf seçilib, kim seçilməyəcəyi hakim dairədən asılıdır”
Tənqidçilər media quruluşlarının əsas hissəsinin hakimiyyət strukturlarının nəzarəti altında olmasına diqqət çəkirlər; bu isə “kimin hədəf seçilib, kim seçilməyəcəyinin hakim dairədən asılı olmasını” deməyə əsas verir.
Məsələn, Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun Bakıda açmağı planladığı kazino xəyalından sonra yerli mediaların “kazinoların faydalarını” tirajlamasını “JAMnews” və “Mikroskop Media”nın ortaq materialında dərc etmişdik.
Bu da bizə deməyə əsas verir ki, vahid mərkəzdən idarə edilən bu medialar selektiv yanaşma sərgiləyir və icazədən kənar heç nə dərc etmirlər.
Pərviz Əzimovun dediyi “köhnə vergi borcu, monopolist kimi ittihamlar”ın da niyə Prezident ailəsinə məxsus bizneslərə deyil, öz əziyyəti ilə ərsəyə gələn bizneslərə yönəlməsi bu fonda cavab tapa bilər.
RSF və Freedom House hesabatları da Azərbaycanda medianın güclü nəzarət altında olduğunu, yeni media qanununun sərtləşdirildiyini qeyd edir.
Sədərəkdə baş vermiş yanğın