Muxtarlının ailəsi mühafizə ilə təmin olunacaq, vəkil işin prokurorluğa verilməsi üçün çalışır
Gürcüstanda itən azərbaycanlı jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Tbilisi polisinin birinci bölməsində olub. Görüş Muxtarlının ailəsinin, həm də bu işin şahidlərinin təhlükəsizliyi məsələsinə həsr olunub.
Hüquq-mühafizə orqanlarının qərarına görə, Leyla Mustafayeva və onun övladına mühafizə ayrılıb. Onlara həm də təcili həyəcan zəngindən istifadə etmək imkanı verilib. Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvilinin sözlərinə görə, yaxın zamanlarda həmin iş üzrə şahidlərin mühafizəsi məsələsi də həll olunacaq.
İstintaq qurumundan çıxandan sonra Mustafayeva jurnalistlərə bildirib ki, ərinin işinin gedişatını diqqətlə izləmək üçün Gürcüstanda qalmağı planlaşdırır. O, eyni zamanda Muxtarlının həyatına görə narahatlığını dilə gətirib və deyib ki, Azərbaycanda onun həyatı təhlükə altındadır. Muxtarlının Gürcüstandakı vəkilinin sözlərinə görə, onun azərbaycanlı həmkarına bu gün müdafiə etdiyi şəxslə görüşməyə icazə verilməyib.
Muxtarlının vəkili Gürcüstanda işin prokurorluğa verilməsi üçün çalışır. Ailənin şübhələri var ki, Muxtarlının oğurlanmasına polislər cəlb edilib, buna görə də bu işlə Daxili İşlər Nazirliyinin məşğul olmasını doğru saymır. Vəkilin sözlərinə görə, işin hələ də DİN tərəfindən araşdırılması dolayı yolla onu göstərir ki, Muxtarlının oğurlanmasında polis və digər vəzifəli şəxslərin iştirakı məsələsi nəzərdən keçirilmir.
Muxtarlı bildirib ki, onu oğurlayan şəxslər kriminal polis formasındaydı.
Jurnalist Əfqan Muxtarlı Gürcüstana Azərbaycandan 2014-cü ildə gəlib və oturum icazəsi alıb. Köçməyə səbəb Azərbaycan hakimiyyəti tərəfindən təzyiq hallarının artması olub. Onun insan haqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiyi bir neçə müraciət baxılma mərhələsindədir. Son zamanlar IWPR və Meydan.tv beynəlxalq media və təşkilatları ilə əməkdaşlıq edib.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə 29 may 2017-ci il tarixində itib. Sonradan məlum olub ki, o, Azərbaycanın hüquq-mühafizə orqanlarındadır. Muxtarlının özünün sözlərinə görə, Gürcüstanda o, yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən oğurlanıb, başına torba keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarına verilib. Azərbaycan məhkəməsi Muxtarlının barəsində sərhədi qanunsuz keçməsinə və qaçaqmalçılığa görə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Muxtarlının sözlərinə görə, onun cibinə 10 min avro qoyublar.