Seçkiqabağı Ermənistan, bütün eks-prezidentlər iştirak edir, amma elektorat “lehinə” yox, “əleyhinə” səs verir
2021-ci il iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində ölkənin bütün hazırkı və keçmiş liderləri iştirak edir. Amma bir çox politoloqların fikrincə, ideologiya və proqram qarşıdurması əvəzinə hakimiyyət uğrunda baş nazir əvəzi Nikol Paşinyan və müxalifət arasında mübarizə yaşanır.
Amma çoxsaylı sorğuların nəticələrinə əsasən belə nəticə çıxarmaq olar ki, cəmiyyətin əhəmiyyətli hissəsi ümumiyyətlə bu mübarizədə iştirak etmək istəmir.
Bütün bunlara baxmayaraq, bazar günü seçkilərə gedəcək insanlar əksərən “lehinə” yox, “əleyhinə” səs verəcəklər. Paşinyanı seçməklə insanlar şərti olaraq “keçmişdəkiləri” rədd edirlər. Müxalifətə isə Paşinyanı rədd edənlər səs verəcəklər. Bunu “əksini düşünməklə” seçki adlandırmaq olar.
Seçimsiz seçki: Ermənistan niyə artıq keçilmiş yolu təkrarlayır?
Hərçənd növbədənkənar parlament seçkilərində iştirakçı sarıdan kasadlıq deyil. 21 partiya və dörd blok mübarizədə iştirak edir, amma onlardan beşi favorit hesab olunur:
- Baş nazir əvəzi Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Sazişi iqtidar partiyası;
- Onun əsas rəqibi və siyasi opponenti – ölkənin ikinci prezidenti Robert Koçaryanın “Hayastan” bloku;
- Üçüncü prezident Serj Sarqsyanın və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəfim var” bloku;
- Böyük biznesmen Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası;
- Birinci prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi.
Maariflənmiş Ermənistan Partiyası “üçüncü yol” təklif edir, amma onun səsi Paşinyan və keçmiş prezidentlər arasındakı səs-küylü və kəskin konfrontasiyada praktiki olaraq eşidilmir. Maariflənmiş Ermənistan Partiyasının seçkiqabağı şüarı – “Alternativ var, səs ver!”
Bu şərtlərdə seçki kampaniyası çox vaxt şəxsi təhqirlərlə zəngin saxta gündəmlə ortaya çıxır.
İkinci Qarabağ müharibəsində məğlubiyətə və bununla əlaqədar ölkənin təhlükəsizliyi üçün ciddi təhdidlərə baxmayaraq, seçki kampaniyasının əsas mövzusu keçimiş hakimiyyətlə mübarizədir.
Problemlərin dərk oolunması, onların həllinin axtarışı və sadəcə gələcək haqda söhbətlər siyasi komandaların bir-birinin ünvanına səsləndirdikləri kəskin bəyanatlar axınında demək olar ki, eşidilmir.
Görünür ki, siyasi mübahisələrin qızğınlığında Azərbaycanın Sünik və Geqqarkunik sərhədyanı rayonlarında 1000-ə qədər hərbçi cəmləşdirdiyi unudulub.
Ermənistanı bir sıra dərin təhlükələr və problemlər təhdid etsə də, onlar ciddi seçkiqabağı diskussiyaların predmeti olmayıb.
Ağlara və qaralara, qurdlara və çoban itlərinə, “köhnə” və “yenilərə” bölünmə dominantlıq edir.
Seçki kampaniyası həmçinin “nifrət dili” kimi xarakterizə edilən ifadələrin misilsiz sayı, o cümlədən də qarşılıqlı təhqirlərin görünməmiş səviyyəsilə fərqlənir. Və bütün bunlar ictimaiyyət arasında, mitinqlərdə və seçicilərlə görüşlərdə baş verir. Nəticədə bütün bunlar televiziya ekranlarında, mətbuatda və sosial şəbəkələrdə yayımlanır.
Kampaniyada ən çox istifadə olunan sözlərdən biri “vendetta”dır. Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan buna diqqət yetirib.
“Bu cür davam etməməlidir”, – o, seçkiqabağı kampaniyanın ilk günlərində dərc olunan bəyanatında deyib. – “Bütün siyasi qüvvələr təhqirləri və söyüşləri, nifrət və zorakılığa aid olan istənilən sözləri istisna etməlidirlər”.
Amma ombudsmenin sözləri eşidilməz qalıb.
Seçkiqabağı kampaniyanın bitməsinə bir neçə gün qalmış Paşinyanın tərəfdarlarından biri ona çəkic hədiyyə edib. Onun fikrincə, bu, “məxməri idarəetmədən polad mandata keçidin” rəmzi olmalıdır.
İyunun 17-də isə Koçaryanın tərəfdarı ona oraq bağışlayıb və “kənd təsərrüfatını inkişaf etdirməyə” çağırıb.
Əlbəttə ki, sosial şəbəkələrdə dərhal reaksiya verilib, Paşinyan və Koçaryanın məşhur sovet heykəltəraşı Vera Muxinanın heykəlindəki əllərində oraq və çəkic tutan fəhlə və kəndlini simvolizə etdikləri kollaj yayılıb.
Məntiqlə seçkilərdə əsas rol oynamalı olan Ermənistan-Azərbaycan münaqişəsi əsasən vədlər və “ordunun gücləndirilməsi”, “iqtisadiyyatın normallaşdırılması”, “yeni müharibəyə hazırlıq” və ya “danışıqlar yolu ilə Hadrut və Şuşanın qaytarılması” ifadələri səviyyəsində nəzərdən keçirilir.
Maariflənmiş Ermənistan müqaviləli hərbçilərdən ibarət peşəkar ordu yaradılmasını, 18-20 yaşlı çağırışçıları cəbhə xəttindən yığışdırmağı, Azərbaycanla 540 km-ə yaxın yeni sərhədi yeni texnologiya ilə təchiz etməyi təklif edib. Necə və hansı vəsaitlə sualına onlar qısa cavab verirlər: “İqtisadiyyatı inkişaf etdirmək lazımdır”.
Çiçəklənən Ermənistanın təhlükəsizlik probleminin həlli üçün öz resepti var. Sadəcə Rusiya ilə hərbi-siyasi müttəfiqliyi dərinləşdirmək lazımdır.
“Bu ittifaqı dərinləşdirmək, bizim hərbi-siyasi müttəfiqimizlə birlikdə Ermənistan ordusunun potensialını bərpa etmək və ehtiyac olduğu zaman yeni təhdidlərə hazırlaşmaq lazımdır”, – Çiçəklənən Ermənistan fraksiyasının katibi Arman Abovyan deyib.
Ermənistanda 102-ci Rusiya hərbi bazasının yerləşməsinə, birgə Ermənistan-Rusiya hərbi pruplaşmasının olmasına, AAİİ və KTMT üzvlüyünə baxmayaraq, Çiçəklənən Ermənistan iki ölkənin əlavə inteqrasiyasına ehtiyac olduğuna əmindir.
İqtidar partiyasının əsas rəqibi “Ermənistan” blloku da Rusiya ilə əlaqələrin dərinləşməsini təklif edir. Rusiya prezidenti Vladimir Putinin yaxın dostu hesab edilən blok lideri, Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Sputnik” agentliyinə müsahibəsində iki ölkəni “tam inteqrasiyaya” çağırıb.
Amma o, “daha dərin əməkdaşlıq” dedikdə nə nəzərdə tutduğunu aydınlaşdırmayıb. Söhbətin hazırda Rusiyanın Belarusa təklif etdiyi “ittifaq dövlətinin” yaradılmasından gedib-getmədiyi bilinmir.
Vətəndaş Sazişi iqtidar partiyasının lideri Nikol Paşinyan Rusiyanı Ermənistanın təhlükəsizlik problemlərinin həlli üçün panaseya hesab edir və bu ölkəni “təhlükəsizlik üzrə bir nömrəli müttəfiq” adlandırır.
Seçki kampaniyası iştirakçılarının diskussiyaların ciddi müzakirələrdən uzaq və qarşılıqlı təhqirlərlə müşayiət olunmasını sevanlı balıqçının, Şirakda yaşayan kəndlinin, ya da Azərbaycanla sərhəddə hər gün təhlükə hiss edən Sünik, Tavuş və Geqarkunik sakininin necə qarşıladığını demək çətindir.
Amma müxtəlif siyasi qüvvələr Ermənnistanın müxtəlif yerlərindən avtobuslarla insanları öz mitinqlərində iştirak etmələri üçün gətirməyə davam edib. Onlar, sadə zəhmətkeşlər də bu imkandan şəhər mərkəzində dolaşmaq, mağazaları gəzmək və paytaxt həyatının gözəlliklərini dadmaq üçün yararlanırlar.
Bəzən adama elə gəlir ki, onlar və siyasətçilər ayrı-ayrı planetlərdə yaşayırlar.