Seçimsiz seçki: Ermənistan niyə artıq keçilmiş yolu təkrarlayır?
Ermənistanda artıq ümumi seçkiqabağı pazl tamamlanır. İyunun 20-də növbədənkənar parlament seçkiləri gözlənilir. İştirakı haqda bildirən qüvvələrin mənzərəsi seçiciləri sevindirə bilməz. Onlar faktiki olaraq, “indikilər” və “keçmişdəkilər” arasından seçməli olacaqlar. Ölkədəki siyasi diskurs dəyişməyib.
Amma növbədənkənar seçkilər respublikanın iki viilayətində sərhədyanı gərginlik öz labüd dəyişikliklərini gətirməyəcəyi təqdirdə baş tutacaq. Azərbaycanla sərhəddə eskalasiyanın dərinləşməsi halında parlament hərbi vəziyyət elan edə bilər və bu zaman seçkilər müddətsiz təxirə salına bilər.
Amma bu cür ssenari vəziyyəti bütün mümkün dinc yollarla həll etməyə çalışan ölkənin hazırkı rəhbərliyi üçün arzuolunan deyil.
- Seçkilərə yeni qaydalarla: Ermənistanın MSK-ı səsvermə qaydasını dəyişib
- Müttəhimlər kürsüsündən seçkilərə: Ermənistanın eks-prezidenti Robert Koçaryanın planları
Seçki iştirakçıları və qüvvələr nisbəti
Seçkilərdən demək olar ki, bir ay əvvəldən artıq seçkiqabağı mənzərə və mümkün əsas rəqiblər müəyyən olur.
Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın “Vətəndaş sazişi” siyasi platforması hələlik öz partiya siyahısını hazırlayır, amma artıq məlumdur ki, siyahıya özü öncüllük edir.
Bir zamanların mübahisəsiz avtoriteti və “məxməri” inqilabın hədsiz populyar liderinin reinkarnasiya şansları nə qədərdir? Bu sualı indi nə ekspertlər, nə də sosial sorğu cavablaya bilmir.
Ermənistanda ictimai rəy dəyərləndirməsi aparılır. Onlara görə baş nazirin partiyasına vətəndaşların 27 faizinə qədər səs verməyə hazırdır. Bu, siyasi qüvvələr arasında ən yaxşı nəticədir. İkinci yerdə keçmiş prezident Rober Koçaryan gəlir, cəmi 7 faizlə. Hərçənd bir neçə əhəmiyyətli “amma” var.
Onlardan biri – sorğular Robert Koçaryanın “Hayastan” (Erməistan) blokunun rəsmi təqdimatından əvvəl keçirilib.
Hazırkı iqtidar qüvvəsinin reytinqinə isə az qala real zaman rejimində sərhəddəki eskalasiya təsir edir. Cəmiyyətdə hesab edirlər ki, hakimiyyət vəziyyətin öhdəsindən gələ, Ermənistanın suveren ərazisindən Azərbaycan ordusunun getməsinə nail ola bilmir. Hakimiyyətə xüsusi sual – onlar cəzasız şəkildə bura necə gəlib çıxıblar?
Üstəlik bu, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra baş verir, hansı ki, artıq iqtidar qüvvəsinin və onun liderinin reytinqinə mənnfi təsir edib. Beləliklə, sərhəddə gərginlik nə qədər çox sürürsə, Paşinyanın və onun siyasi komandasının şansları bir o qədər azalır.
Ermənistanda siyasi vəziyyəti ən dəqiq əks etdirən amil isə – dəyərləndirmələr göstərir ki, ölkə vətəndaşlarının 40 faizinə qədəri hələ tərəddüd edir. Bu da o deməkdir ki, məhz onların seçimi həlledici ola bilər.
Ermənistanda seçki proseslərini on illiklər ərzində izləyən politoloq Aleksandr İsgəndəryan hesab edir ki, bu dəfə seçki apatiya fonunda keçəcək:
“Hakimiyyətin əsas dəstəkçisi dəstək deyil. Apatiyadır. Bunlar o insanlardır ki, gəlməyəcəklər. Hansılar ki, yorulublar, üç il keçəndən sonra ikinci dəfə inqilab eləmək istəmirlər. Müxalifətin də məsələsi çətindir – bu insanları evlərindən çıxarmaq”.
Müxalifət yalnız “insanları evlərindən çıxarıb”, seçki məntəqələrinə gətirməli deyil, həm də onları Nikol Paşinyana səs verməkdən çəkindirməkdir.
Bu rolu əsasən seçkidə blok formatında iştirak edəcək Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz üzərinə götürəcək. Bloka “Daşnaksütun” EİF tarixi partiyası və yeni yaranan “Dirçələn Ermənistan” partiyası daxil olacaq.
Koçaryan artıq rəhbərlik etdiyi alyansın real gücünü bütün skeptiklərə nümayiş etdirmək üçün izdihamlı mitinq keçirib.
Digər eks-prezident Serj Sarqsyan da seçkilərdə iştirak edəcək. Amma Koçaryandan fərqli olaraq o bildirib ki, artıq yüksək dövlət vəzifəsi tutmaq niyyətində deyil. “Şərəfim var” blokunun siyahısında da onun adı olmayacaq, amma Sarqsyan bu siyasi qüvvəni təqdim edib. Bu da o deməkdir ki, bu və ya başqa şəkildə keçmiş prezident təbliğat kampaniyasında iştirak edəcək.
Onun “Respublika Partiyası” seçkilərə vaxtilə Nikol Paşinyanın silahdaşları olmuş Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanla gedəcək. İstefa verəndən sonra o, siyasətlə məşğul olmağa başlayıb və hazırkı iqtidar qüvvəsini kəskin tənqid edir.
Parlament müxalifəti də seçkilərdə iştirak edəcək. Ermənistanın ən varlı insanlarından biri Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası seçkilərə tək qatılacaq. Siyahıya oliqarxın özü öncüllük edəcək. Parlamentdə təmsil olunan digər müxalifət qüvvəsinin – “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan da öz siyahısında birinci olacaq.
Məhz sadalanan qüvvələr arasında əsas mübarizə gedəcək. Üstəlik hazırkı hakimiyyətin tam qələbəyə ümid etdiyi aşkardır, hətta ola bilər ki, birinci turdaca.
Politoloq Aleksandr İsgəndəryan hadisələrin bu cür inkişağını istisna etmir:
“Onların restart həyata keçirmək şansına sahib olduqları qətiyyən şübhə doğurmur. Əgər bu olmasaydı, onlar seçki təşkil etməzdilər. Sosioloji sorğulara görə, iqtidar qüvvəsinin təxminən 30 və ya bir qədər az faizi var. Fəallığın az olması halında, hansı ki az olacaq, bu 30 faiz 40 faizə çevrilə bilər. İnzibati resurslardan istifadə halında isə, hansı ki, istifadə olunacaq sadəcə ona görə ki, bu hakimiyyətdir, [hakimiyyət] həmişə istifadə edir, 40 faiz 50-ə çevrilə bilər.
Buna görə də mən hətta birinci turda da qələbəni təsəvvür edə bilirəm. Seçkilərin indi keçirilməsi qərarının səbəbi məhz bundadır. Əgər seçki növbəti olsaydı, yəni 3 ildən sonra keçirilsəydi, mən çox şübhə edirəm ki, onların belə imkanı olardı”.
“Lehinə yox, əleyhinə”. Təbliğat necə gedir?
Ermənistanda rəsmi seçkiqabağı kampaniya hələ başlamayıb, amma bu, heç kimə təbliğat aparmağa mane olmur. Proses faktiki olaraq “keçmişdəkiləri” sərt tənqid edən baş nazir əvəzinin regional səfərlərindən başlayıb.
2018-ci il inqilabından sonra öz siyasi qüvvəsinin üç illik idarəetməsinə baxmayaraq, Paşinyan bütün böyük bəlaların mənbəyi kimi sələflərini görür.
Bu müddət ərzində bütün sahələri qaydaya salmaq mümkün deyildi və koronavirus pandemiyası fonunda hökumət sadəcə müharibəyə hazırlaşa bilmədi – onun təbliğatında qırmızı xətt olaraq keçir:
“Robert Koçaryan və Serj Sarqsyan siz vətən xainisiz! Biz sizin xəyanətinizlə mübarizə aparırdıq. Siz hətta müharibə zamanı öz xəyanətinizə davam edirdiz”.
Qeyd etmək lazımdır kİ, iqtidar partiyasının seçkiqabağı şüarında gələcəkdən bəhs edilir: “Gələcək var”.
Müxalifətçilər isə gələcək haqda danışmamağa üstünlük verir, amma israr edirlər ki, gələcək Paşinyansız olmalıdır.
Robert Koçaryan bütün sahələrdə acınacaqlı nəticələrə gətirib çıxarmış idarəetmə böhranı haqda danışır. Eks-prezident açıq şəkildə Paşinyanı ikinci Qarabağ müharibəsi zamanı xəyanətdə ittiham edir və vətəndaşları inandırır ki, onun gələcək idarəetməsi daha ciddi problemlərə gətirib çıxaracaq. Dövlətçiliyin itirilməsinə qədər.
Düzdür, hansı tədbirlərin və resursların köməyilə vəziyyəti düzəltmək niyyətində olduğunu Robert Koçaryan dəqiqləşdirmir. Siyasətçi sadəcə öz böhran çözmək təcrübəsindən danışır və öz keçmiş nailiyyətlərini vurğulayır. Amma əhalinin əhəmiyyətli hissəsi üçün onun idarəetməsi korrupsiya, polis özbaşınalığı, o cümlədən də 2008-ci ilin martında 10 nəfərin ölümü ilə nəticələnən mitinq dağıtması ilə assosiasiya olunur.
Nəticədə bütün rəqiblərdən nifrət ritorikası daşır. Hamı hakimiyyəti, hakimiyyət isə “keçmişdəkiləri” tənqid edir. Görünür ki, böhrandan çıxmaq üçün real proqramlar və təkliflər heç kimə maraqlı deyil.
Politoloq Aleksandr İskandaryan ötən seçkilərlə analogiya aparır:
“Bizim müxalifət qüvvəərində gördüyümüz təbliğat forması hazırkı hakimiyyətin inqilab zamanı apardığı təbliğata bənzəyir. O mənfidir. Müxalifət deyir ki, Nikol Paşinyan hökuməti ilə birlikdə ölkəni pis idarə edir, onlar müharibəni uduzublar. Onları göndərmək lazımdır. Sonra hər bir insanın beynində sual doğur. Yaxşı, biz onları göndərəcəyik. Sonra? Azərbaycanlılar geri gedəcəklər? Bu əraziləri verəcəklər? Ruslar evlərinə uçacaqlar?”
Seçkilərdən sonra böhran aradan qalxacaqmı?
Ermənistan hakimiyyətinin seçkiyə getmək qərarı müharibədən sonrakı siyasi böhrana nöqtə qoymaq cəhdidir. Müxalifət böhranı “misilsiz” adlandırıb. Amma hətta bu halda belə birləşmiş iyirmiyə yaxın müxalifət partiyası hakimiyyətin istefasına nail olmaq üçün küçə aksiyalarına əhəmiyyətli sayda insan səfərbər edə bilmədi.
Siyasi stabilliyə nail olmaq məsələsi aktual olaraq qalır. Müxalifət qüvvələri bir ağızdan bildirirlər ki, Nikol Paşinyan seçki nəticələrini saxtalaşdıracaq. Yəni artıq seçkidən sonrakı etirazlar üçün zəmin yaradılır.
Aleksandr İsgəndəryan hesab edir ki, bu cür böhranlar seçkilərlə həll olunmur:
“Seçki nəticələri bürokratik legitimlik verə bilər. Yəni seçki nəəticələrini xarici auditoriyaya göstərmək olar – “legitimlik var, biz onu artıq müharibədən sonra qazanmışıq, xalq bizim arxamızdadır”.
Amma bu yolla sosial legitimlik əldə etmək mümkün deyil. Ermənistanda bizim analoqumuz var – 2017-ci il. Seçki oldu, insanlar “Respublika Partiyasına” səs verdi. Heç kim saxtalaşdırma haqda ciddi danışmırdı. Amma yarım ildən sonra həmin insanlar inqilaba qalxdılar. Təxminən eyni şey olacaq. Şübhə yoxdur ki, siyasi təlatüm davam edəcək”.
Ermənistanda çoxları “indikilərlə” və “keçmişdəkilərlə” əlaqəsi olmayan alternativ siyasi qüvvənin ortaya çıxacağına ümid edirdi. Siyasi böhranı və ölkə qarşısında duran ekzistensional maneələri çözməyə qadir olan bir qüvvə. Amma o, ortaya çıxmadı.
Odur ki, seçkilərdə qələbəyə böyük ehtimalla ya Paşinyan, ya da Koçaryan ümid edə bilər. Ölkə sakinlərinin hər ikisinə çox sayda sualı var, amma çətin ki, cavab ala bilsinlər.