Salome Zurabişvili: Gürcüstanın yalnız münaqişə zonalarında deyil, Azərbaycan və Ermənistanla da sərhəd problemləri var
Gürcüstan prezidenti Salome Zurabişvili David-Qareci monastır kompleksi ilə əlaqədar Tbilisi ilə Bakı arasında sərhəd mübahisəsinə həsr edilmiş şərhlə çıxış edib.
Onun sözlərinə görə, dövlətin təşəkkül tapmış hesab edilməsi üçün onun hamı tərəfindən tanınan sərhədləri olmalıdır, Gürcüstanın isə yalnız Abxaziyada və Cənubi Osetiyada münaqişə zonalarında deyil, Ermənistan və Azərbaycanla da sərhəd problemləri var. Bu barədə o, Gürcüstan İctimai yayımçısının Birinci kanalına verdiyi müsahibədə deyib.
________________________________________________________________________________
• Dağlarda yerləşən qədim monastır kompleksi Azərbaycanla Gürcüstan arasında nifaq sala bilər
________________________________________________________________________________
Zurabişvili bildirib ki, demarkasiya və delimitasiya üzrə birgə komissiyaların işinə baxmayaraq, proses dalana dirənib. “Bu prosesi bitirməyə nəyin mane olduğunu anlamaq olmur, xüsusilə ona görə ki, dost ölkələrlə iş görürük. Özü də hər iki prezident [Ermənistanın və Azərbaycanın] rəsmi olaraq bildirib ki, komissiyaların işini zəruri hesab edirlər”, – Zurabişvili deyib.
«Sərhədin müəyyənləşdirilməsi danışıqların mövzusudur. Mən deyə bilmərəm və bu düzgün də olmazdı ki, sərhədin hansısa müəyyən nöqtələrdən keçməli olduğuna göstəriş verim. Lakin heç bir şübhə yoxdur ki, sərhədi müəyyən etmək lazımdır – bu, bizə lazımdır, gələcək nəsillər üçün lazımdır. Sərhədlər əvvəlcə müəyyən olunmalı, sonra isə müdafiə olunmalıdır. Başqa cür ola bilməz, çünki bu məsələdə qeyri-müəyyənlik bir çox xoşagəlməz hallara gətirib çıxara bilər», — Salome Zurabişvili vurğulayıb.
Müxalifət prezidentin bəyanatını kəskin tənqidlə qarşılayıb. ələlxüsus Abxaziya və Cənubi Osetiya ilə inzibati sərhədlərin problemli adlandırıldığı hissədə – burada Zurabişvili onları mahiyyətcə dövlət sərhədləri ilə eyniləşdirir.
«Hesab edirik ki, bu cür ifadələrlə Zurabişvili ölkəyə zərər vurur. Onun savadsız bəyanatlarına hakim “Gürcü arzusu” gürcü dilinə kifayət qədər bələd olmaması və bu və ya digər konteksti bilməməsi ilə bəraət qazandırır. Lakin indi eşitdiyimiz heç bir məntiqə sığmır», — müxalif “Avropa Gürcüstanı”nın lideri David Bakradze bildirib.
“Avropa Gürcüstanı” hökumətdən ölkə prezidentinin bəyanatı ilə razı olmadığını bildirməyi qəti şəkildə tələb edir.
«Biz ölkənin təhlükəsizliyini təhdid edən strateji problemlə – işğalla üz-üzəyik və bu cür fikri yalnız milli maraqları satan şəxs bildirə bilər. Həmçinin bu sırada Gürcüstan üçün bu qədər dost ölkə olan Azərbaycanla sərhədin demarkasiyasını xatırlamaq yolverilməzdir», — keçmiş hakim partiya olan “Milli hərəkat”ın sədri Tina Boçukava hesab edir.
Dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə Gürcüstan-Azərbaycan komissiyasının növbəti iclasının 2020-ci ilin əvvəlində Tbilisidə keçirilməsi planlaşdırılır.
Qayalarda və mağaralarda yerləşən, altıncı əsrə aid monastır kompleksi Gürcüstan tərəfdə David-Qareci, Azərbaycan tərəfdə isə Keşikçidağ adlanır. Bu kompleks vaxtaşırı kəskinləşən münasibətlərin səbəbinə və iki qonşu və dost ölkə arasında insidentlərin yaşanması üçün əsasa çevrilir.
Problem bundan ibarətdir ki, Gürcüstanla Azərbaycan arasında dövlət sərhədi məhz monastır kompleksindən keçir. Gürcüstan iddia edir ki, David-Qareci Gürcüstan mədəniyyətinin abidəsidir. Azərbaycan isə hesab edir ki, kompleks alban mədəniyyətinin bir hissəsidir və Gürcüstana heç bir aidiyyatı yoxdur.
Tarixi abidə ətrafında vəziyyətin son kəskinləşməsi 2019-cu ilin aprelində qeydə alınıb. O vaxt Gürcüstan KİV-lərində belə bir məlumat dərc olunmuşdu ki, Azərbaycan sərhədçiləri kompleksin Azərbaycan tərəfində yerləşən hissəsinə gedən yolu bağlayıblar. Bir neçə gün ərzində yalnız çoxsaylı turistlər deyil, Gürcüstan ruhaniləri də kompleksə gedə bilmirdilər. O zaman gürcü fəallar bir neçə aksiya təşkil etdilər və bunların gedişində azərbaycanlı sərhədçilərlə insidentlər yaşandı.
Tbilisi ilə Bakı arasında sərhədin delimitasiyası məsələləri üzrə rəsmi danışıqlar indiyə kimi davam edir, lakin bu danışıqların nəticəsi yoxdur.