Sağ ikən ölü
Ermənistan sakini Qraç Abraamyanın həytaı iki hissəyə ayrılıb – əsirliyə qədər və sonra. Qarabağ müharibəsi zamanı azərbaycanlıların əlinə əsir düşən, sonra itkin hesab edilən Qraç Abraamyanın taleyində həyatdaykən məzar sahibi olmaq da varmış. Evə qayıdanda o öz məzarı ilə üz-üzə qalıb.
Qraç Abraamyan Yerablurdakı məzarının önündə. Qraçı ölü bilən doğmaları əsir düşəndən (18 iyun 1991-ci il) bir ay sonra onun üçün qəbir hazırlayıblar.
Qraç Abraamyan Alvard Abraamyan və ən kiçik nəvəsi ilə öz evinin həyətində.
Fotoda soldan birinci Qraç Abraamyandır, Qarabağ müharibəsi illərində
Əsirlikdən 27 il sonra Qraç Abraamyan həftədə bir dəfə Yerablurda həlak olan dostlarını ziyarət edir – döyüşçü yoldaşları, doğmaları və ya nəvələri ilə birlikdə.
Qraç deyir ki, o özü də orada basdırılmış ola bilərdi, amma həyat qalib gəlib.
1990-cı illərdə başlamış Dağlıq Qarabağ müharibəsi indiyə qədər Cənubi Qafqazın inkişafına mane olan, həllini tapmamış münaqişə olaraq qalır.
Atəşkəs haqda saziş 1994-cü ildə imzalanıb, amma münaqişə indiyə qədər insan həyatlarına son qoyur.
Araşdırmaçı jurnalist Tatul Akopyanın bildirdiyinə görə, Qarabağ müharibəsi zamanı, o cümlədən də 1994-cü ildən 1997-ci ilə qədər Ermənistan tərəfi doqquz mindən çox insan itirib.
Qraç 1991-ci il mayın 19-da əsir düşüb. O, hərbi-kəşfiyyat əməliyyatlarında iştirak edib, bu əməliyyatlardan birində də Ermənistanın Tavuş regoionuna yaxın Azərbaycan kəndində əsir alınıb.
O, əsirlikdə dörd gün keçirib, amma evə yalnız üç ay sonra, 1991-ci il avqustun 30-da qayıda bilib.
“Yadımdadır ki, qapını döyəndə qayıntam açdı, heyrətlə üzümə zilləndi. Evə girdim, uşaqlar üstümə qaçdı, yoldaşım isə donuq gözlərlə mənə baxırdı, mənimlə kəlmə kəsə bilmirdi. Sonra gözüm televizora sataşdı, baxıram ki, üstündə qara çərçivədə şəklimi qoyublar, yanında da şam yanır. Yoldaşımdan soruşdum ki, bu nədi? Dedi ki, səni artıq basdırmışıq. “Necə yəni basdırmısız?” – duruxaraq soruşdum”, – 66 yaşlı Qraç Abraamyan danışır.
“Qraç evə girəndə elə bildim ki, yuxudayam. Üzünü, əllərini oxşayırdım ki, həqiqətən o olduğuna əmin olum. Sonra baxdım görüm yaralanmayıb ki və heyrətlə soruşdum, sağsan?Mən nə baş verdiyini başa düşmürdüm”, – Alvard Abramyan deyir.
Səhəri gün Qraç döyüş yoldaşları və ailəsi ilə birgə öz qəbrini ziyarət edib.
“Mən Erablure qəbiristanlığında gördüm ki, mənim qəbrimi qazıb, üstünü torpaqla örtüblər, üzərində Abraamyan Qraç 1952-ci ildə anadan olub 1991-ci ildə həlak olub yazılmış metal lövhə də vurublar”, – o xatırlayır.
Sonradan, 1992-ci ildə Qraç onun üçün nəzərdə tutulmuş məzarda müharibədə həlak olmuş dostu Qrant Asatryanı dəfn etməli olub.
Qraç Abraamyan onun üçün nəzərdə tutulann, amma hazırda dostu Qrand Asatryanın uyuduğu məzarın qarsısında
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, Qarabağ müharibəsi dövründə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycandan hərbi və mülki şəxslər də daxil olmaqla dörd min beş yüzdən çox insan itkin düşmüş sayılır. 2015-ci ildə BQXK tərəflərə itkin düşmüş şəxslərin yenilənmiş siyahısını təqdim edib.
2014-cü ildə BQXK itkin düşənlərin qohumlarından bioloji nümünələr toplamağa başlayıb. İndiyədək 298 itkin düşmüş şəxsin qan qohumundan 778 bioloji nümunə götürülüb. 195 nümunə isə DNK keyfiyyəti və profili yoxlamasından keçib.
Qarabağ müharibəsi iştirakçısı Qraç Abraamyan Bakıda erməni ailəsində anadan olub. Amma dörd yaşında anası vəfat edib bundan sonra Qarabağa, Şuşaya uşaq evinə göndərilib. Onun dediyinə görə, atası ikinci dəfə evlənib və uşaq nənəsinin himayəsində qalıb. Səkkiz il Şuşadakı uşaq evində qaldıqdan sonra o, yenidən Bakıya qayıdıb, təhsilini davam etdirib, sonradan sovet ordusuna xidmətə çağırılıb.
Qraç Azərbaycan dilini bilir. 1991-ci ildə əsir düşəndə azərbaycanlılar ilk növbədə onun kimliyini müəyyən etmək istəyiblər.
“Onlar məcbur edirdilər ki, erməni olduğumu boynuma alım. Əynimdəkiləri soyundurandan sonra bədənimdə ermənicə yazılmış “Mənim məhəbbətim Alvard” yazısını gördülər. Erməni olduğumu bilən kimi arxadan kürəyimə ağır zərbə dəydi. Mən huşumu itirdim, daha sonra heç nə xatırlaya bilmirəm”, – deyə Qraç xatırlayır.
Əsirlikdə onu mütəmadi döyüblər, bədənində müxtəlif xəsarətlər, sınıqlar olub. Onların izi keçsə də, xatirələri hələ də yaşayır.
“Yadımdadı, onlardan biri çörək gətirib torpağın üstünə atdı, sonra da tapdalayıb söyə-söyə dedi ki, ye. Fikirləşdim ki, yesəm də döyəcəklər, yeməsəm də. Amma qərara gəldim ki, yeyim acından ölürdüm. Elə azca yemişdim ki, o ayağıyla boğazımdan vurdu. Bundan sonra danışa bilmədim. Boğaz tellərim zədələnmişdi”, – Qraç danışır.
Dördüncü gün Qraç onu tualetə aparmağı xahiş edir. Elə oradanca qaçmağı bacarır.
“Tualetdən çıxanda gördüm ki, azərbaycanlılar öz aralarında danışırlar, mən tərəfə baxmırlar. Qaçmaq qərarına gəldim. Ayaqlarım əsirdi, sifətim pis günə düşmüşdü, boğazım zədəliydi, gözlərim şişmiş, göyərmiş, qançır olmuşdu, amma mən qaçdım. Mən 20 metr aralıdakı köhnə tualetə tərəf qaçıb orda gizləndim”, – deyə Qraç danışır.
Bu vəziyyətdə səkkiz saat qalır. Onu axtaranların səsi kəsildikdən sonra bütün gecəni meşəylə gedib dan yeri söküləndə ermənilər olan tərəfə çatır.
“Həyat çox qiymətlidir. Əsirlikdə məni döyəndə fikirləşirdim ki, öləcəm. Amma son nəfəsimə kimi təslim olmurdum. Qaçandan sonra çoxu bu əhvalatı bildi. Hamı da soruşurdu ki, tualetdə bu iyrənc iyin işində dörd saat necə dözmüsən. Mən bu dörd saatı yaşamaq üçün dözdüm. Hər bir saniyə mənim üçün qiymətliydi. Həmin an fikirləşirdim, eybi yox, qoy ac qalım, pis yaşayım, amma gələcəkdə yaşamaq üçün indi dözmək lazımdı”, – deyir Qraç.
Ermənistana qayıdandan sonra o, üç ay İcevanda xəstəxanada müalicə olunur. Həmin vaxt arvadına zəng edirlər ki, Qraç ölüm ayağındadır.
“Xəbəri eşidən kimi huşumu itirdim. Mən fikirləşirdim ki, ərim Yerevandakı xəstəxanaların birindədi. Qohumlarımız Yerevanın bütün xəstəxana və morqlarında onu axtarırdılar. Amma onun meyitini heç harda tapa bilmədilər”, – Alvard danışır. – “Günlər keçir, xəbər yoxdur, qonşular isə danışırdılar ki, Qraç xaindir, o, azərbaycanlılar tərəfə keçib və bir daha geri qayıtmayacaq. Mənim uşaqlarım məktəbə getmirdilər, günlərlə ağlayırdılar, utanırdılar ki, onların atalarına xain deyirlər. Qohumlarımız isə qəbir qazmışdılar, hesab edirdilər ki, Qraçı öldürüblər. İyunun 18-də əsir düşməsindən bir ay sonra biz ərim üçün qəbir qazdıq. Qəbrə onun ayaqqabısını və geyimlərini qoyub Erabluredə dəfn etdik”.
Qraç deyir ki, müalicə getdiyi üç ay ərzində huşsuz vəziyyətdə olub. Onun sınıqları varmış, səs telləri zədələndiyi üçün əzizləri ilə də əlaqə yaradıb danışa bilməyib. Ancaq sağalandan sonra Yerevana öz evlərinə qayıda bilib.
“Mən döyüşdə çox qəddarlıqlar görmüşəm. Əziz dostlarımı itirmişəm, yaralı yoldaşımı, azərbaycanlı uşağı xilas etmişəm. Mən müharibə istəmirəm. Allah göztərməsin ki, müharibə təkrar olunsun. Kim müharibədə olubsa, gözəl bilir necə dəhşətli bir şeydir” , – Qraç deyir.
Bu gün o Yerevandakı yeni tikililərin birində gözətçi işləyir. Boş vaxtlarında isə evindəki kiçik bağı ilə məşğul olur. Qraç Azataşen kəndində arvadı, oğlu və nəvələriylə birgə yaşayır. Deyir, müharibədən sonra əsasən tikintiylə məşğul olub.
“Belə bir məsəl var – ya varsan, ya yox. Hərdən özümü elə hesab edirəm. Düzdür, mən yaşayıram, gəzirəm, nəfəs alıram, mən cəmiyyətdə tam olaraq yerimi tuta bilmirəm. Müharibənin izləri ömrümün axırına qədər qalacaq. Mən Sülh istəyirəm”, – Qraç Abraamyan deyir.