Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum etdilər
Paylaşmaq
Paylaşmaq
Gürcüstan prezidenti Georgi Marqvelaşvili dekabrın 4-də fərman imzaladı, bu fərmana görə, onun bu gün Ukraynanın Odessa vilayətinin qubernator postunu tutan sələfi Mixail Saakaşvilinin vətəndaşlığı dayandırıldı.
Prezident administrasiyası xəbər verir ki, Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığı 4 dekabr tarixli fərmanla dayandırılıb, çünki o başqa bir ölkənin vətəndaşlığını alıb.
Gürcüstan qanunvericiliyinə görə, Gürcüstan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdiyi halda Gürcüstan vətəndaşlığını itirir.
Saakaşvili Ukrayna vətəndaşlığını bu ilin may ayının axırında, Ukrayna prezidenti Pyotr Poroşenko onu Odessa vilayətinin qubernatoru təyin edəndən sonra alıb.
Ukraynadan Saakaşvilinin həqiqətən də Ukrayna vətəndaşı olmasının rəsmi təsdiqi gələndən sonra Gürcüstanın Ədliyyə Nazirliyi keçmiş prezidentin Gürcüstan vətəndaşlığının dayandırlıması işinin icraatına başlayıb.
Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bildirdi ki, noyabrın 3-də Mixail Saakaşviliyə yazılı surətdə Gürcüstan vətəndaşlığını itirə biləcəyi haqda məlumat verilib.
Gürcüstan vətəndaşlığının dayandırlmasına baxmayaraq, Mixail Saakaşvili hələ də müxalif “Milli hərəkat partiyasının sədri olaraq qalır. Amma Gürcüstanın partiyalar haqqında qanununa görə, partiyanın fəaliyyətində yalnız seçki hüququ olan Gürcüstan vətəndaşı iştirak edə bilər.