Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili iyunun 16-da bildirib ki, “Gürcüstan siyasətində çox fəal iştirak etmək niyyətindədir”. Baxmayaraq ki, bir müddət əvvəl siyasətdən getdiyini açıqlamışdı. Eks-prezident qərarındakı bu dəyişikliyi izah edərək “Dünən Acara Ali Sovetində gördüyüm vətən xainlərinin paradı son damla oldu” deyib.
İyunun 15-də Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze öz hökumətinin fəaliyyəti haqqında Ali Şuraya hesabat təqdim edərək 2008-ci ilin avqust müharibəsini “qorxaqcasına məğlubiyyət” adlandırıb. O, Mixail Saakaşvilini ittiham edib ki, onun hökuməti “müharibədən sonra işğalçı ölkənin nümayəndələrinə yaşıl işıq yandırıb”.
Rijvadzenin bəyanatı Ali Şurada qınaq nidaları ilə qarşılanıb. Müxalifət nümayəndələrinin fikrincə, Rijvadzenin bəyanatı 2008-ci il müharibəsinin döyüşçülərini təhqir edib.
“Gürcüstanda xainlər artıq ölkənin bütün səviyyələrinə nüfuz edib. Səhhətimin vəziyyətinə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq Gürcüstan siyasətində də çox fəal iştirak etmək niyyətindəyəm. Biz Ukraynanın qələbəsini əlimizi əlimizin üstünə qoyub gözləməməliyik, onu fəal şəkildə, o cümlədən yenilikçi və cəsarətli hərəkətlərimizlə yaxınlaşdırmalıyıq.
Bundan sonra fiziki olaraq bacardığım qədər bütün “məhkəmələrdə” iştirak etmək niyyətindəyəm. Həmişə olduğu kimi, mən bütün milli, anti-Rusiya, avropapərəst qüvvələri, ilk növbədə, qurduğum Milli Hərəkat partiyasını birləşməyə çağırıram, – Mixail Saakaşvili Facebook-da yazıb.
● Mixail Saakaşvili 2021-ci ilin payızından həbsdədir. O, Gürcüstan sərhədini qanunsuz keçdikdən sonra həbs edilib.
● Həbsxanada Saakaşvilinin səhhəti pisləşib. 2022-ci ilin may ayından siyasətçi Tbilisidəki Vivamed klinikasındadır. 20-dən çox müstəqil həkimlər Saakaşvilinin vəziyyətinin ağır olduğunu bildirirlər.
● Ailə üzvləri və vəkillər Saakaşvilinin səhhətinə görə cəzasının ertələnməsini və ya azad edilməsini tələb edir və bu vəsatəti məhkəməyə veriblər. Lakin 2023-cü ilin fevralında bir sıra mülahizələrdən sonra məhkəmə nəhayət bu tələbi rədd edib.
● 12 may 2023-cü ildə Strasburq məhkəməsi Mixail Saakaşvilinin müalicə üçün Polşaya köçürülməsi tələbini rədd edib. Saakaşvilinin vəkili Şota Tutberidzenin izahatına görə, Strasburq məhkəməsi Saakaşvilinin işi üzrə yekun qərar qəbul etməyib və bu, müvəqqəti tədbirdir.
● Gürcüstanın ədliyyə naziri Strasburq məhkəməsinin qərarı ilə bağlı deyib: “İndi nəhayət məlum olur ki, Mixail Saakaşvilinin gəlişindən sonra dövlətin bütün hərəkətləri düzgün olub və insan haqlarının ən yüksək standartlarına cavab verib”.