Şərh: Abxaziya milyardı hardan alsın?
Abxaziya Parlamenti 2017-ci il büdcəsinin sərfiyyatından narazı qalıb və prokurorluğa hökumətin işini yoxlamağı tapşırıb. Hökumətin hesabatına əsasən, büdcənin xərclərlə bağlı hissəsində planlaşdırılmış bir milyard 200 milyon rubl [təxminən 19 milyon dollar] sadəcə kağız üzərində qalıb.
Parlament büdcədə yaranan dəliklərin mahiyyətinə varmamağı üstün tutub, bunun üçün səbəbi də var – 2017-ci il büdcəsini parlamentin hazırkı tərkibi təsdiqləməyib. Onlar bu məsələnin həllini prokurorluğun üzərinə qoyublar. Prokurorlar şübhəsiz ki, nəsə düşünüb tapacaqlar – “ağır çəkili” ifadələrlə vəziyyəti elə izah edəcəklər ki, heç kim heç nə anlamayacaq, bununla belə hamı razı qalacaq.
Amma hardansa əlavə milyard tapmaq lazımdır, həm də nəfəsi güclə çıxan iqtisadiyyat və büdcə imkanları ilə müqayisəyə gəlməyən həcmdə sosial öhdəliklər şəraitində.
Əminəm ki, heç kim bu milyardı hardan ala biləcəyimizi deyə bilməyəcək – nə indi, nə də 2018-ci ilin sonunda, yeni büdcə təsdiq olunan zaman. Çünki milyardı tapmaq üçün sərt, qeyri-populyar və həddən artıq məsuliyyətli addımlar atmaq lazımdır. Bu cür addımlara isə nə hökumətdə, nə də demək olar ki, müxalifətə çəkilən parlamentdə hazır deyillər.
Bu arada isə artıq sayca üçüncü prezident əlavə gəlirlər axtarışında ikən Gürcüstan-Abxaziya sərhədində ticarətin leqallaşdırılmasının vacibliyini ehtiyatla dilə gətirir. Bu haqda Sergey Baqapş da deyirdi, onun ardınca Aleksandr Ankvab da. İndi Raul Xajimba da dilucu bunu səsləndirir. Böyük ehtimalla növbəti prezidentlər də eyni şeyi deyəcək.
Bu ona görə baş verir ki, bu təşəbbüs real addımlar atmaq əvəzinə rəhbərlik üçün bir növ ardınca heç bir öhdəlik gətirməyən ayinə çevrilib.
Məsələnin niyə həll olmadığı aydındır. Əgər artıq 20 ildir ki, Gürcüstan-Abxaziya sərhədində xidmət çəkən Abxaziya gömrüyü birdən-birə sərhəddən keçirilən mallardan rəsmi vergi tutmağa başlasa, bu qərarı qəbul etmiş prezidentə divan tutub, onu satqın elan edə bilərlər.
Yəni düşmənlə rəsmən alver etmək satqınlıqdır. Qeyri-rəsmi isə olar.
Abxaziya bazarını Gürcüstandan qaçaq yolla gətirilən mallarla doldurmaq və bununla da kölgə biznesini yüksək səviyydə saxlamaq Abxaziyada mövcud olan vətənpərvərlik anlayışı çərçivəsinə çox yaxşı sığır.
Gürcüstandan gətirilən mallar heç kimin nə gözünə batır, nə də qulağını deşir. Bu qaçaqmalçılığa son qoymaq və ya prosesi leqal formaya salmaq üçün isə iradə çatmır. Halbuki bu, nəinki iqtisadiyyatı əhəmiyyətli dərəcədə kölgədən çıxarmağa şərait yaradacaq, həm də qazanmaq imkanı verəcək. Və bu vəsait hesabına heç olmasa sosial problemlərin bir qismini həll etmək mümkün olacaq, xüsusən də səhiyyə sahəsində. Axı müalicə üçün Gürcüstan klinikalarına üz tutan Abxaziya vətəndaşalrının sayı ildən-ilə artır.
Yeri gəlmişkən, vətənpərvərlərin nəzərinə, Abxaziya gömrüyünün Gürcüstan sərhədində fəaliyyətini tam rejimə keçirmək Abxaziyanın Gürcüstan iqtisadi məkanının bir hissəsi olduğu haqda Gürcüstanın doktrinası ilə tam həmahəngdir. Axı bu məkanın daxilində malların dövriyyəsi heç bir rüsuma tabe tutulmur.
Amma hətta hansısa möcüzə nəticəsində Abxaziya hakimiyyəti Gürcüstandan gətirilən qaçaqmalın qarşısını tam kəsə bilsə də, axı istənilən halda ticarət aparmaq aparmamaqdan daha sərfəlidir. Hətta düşmən saydığınla belə.
Özünü dövlət elan etmiş Abxaziya Gürcüstanla bağlı daima kompleksə girməməlidir. Məsələlərin məntiqi axışına uyğun olaraq, Gürcüstan bizim qarşımızda natamamlıq kompleksi hiss etməlidir. Çünki məhz bu dövlət Gürcüstan-Abxaziya müharibəsində özünü məğlub sayır, biz isə müvafiq olaraq özümüzü qalib hesab edirik.
Amma bizdə bu məntiq baş-ayaq çevrilib. Nəticədə yaradılış prosesi “vətənpərvərlik” ritorikası ilə tam neytrallaşdırılıb.
Halbuki, mən ürəyimin dərinliyinə qədər əminəm ki, real vətənpərvərlik öz vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir.
Siz soruşursuz ki, milyardı hardan alaq? Milyard ayağımızın altındadır.