Şərh: 2019-cu ildə Azərbaycandan 3 yaxşı və 3 pis xəbər
Azərbaycanda 2019-cu ili necə istəsəniz adlandırmaq olar, bircə darıxdırıcıdan başqa.
Bu icmaldakı xəbərlər məni və dostlarımı sevindirən və kədərləndirənlər qismindəndir. Və bu reytinq deyil: siyahının başında gələn “ən mühüm” olan demək deyil.
Pis xəbərlər
1. Elina Hacıyevanın intiharı və ədalətsiz məhkəmə.
Məktəb direktoru, müəllimlər və digər şagirdlər öz münasibətləri ilə yeniyetmə qızı intihar həddinə çatdırıb. Qız özünü məktəbin pəncərəsindən atıb, direktor isə onu iki saat tibbi yardımdan məhrum buraxıb.
Və bütün bunlar cəzasız qaldı. Məhkəmə direktoru şərti cəzaya və “ev dustaqlığına” məhkum etdi, bu isə o deməkdir ki, o, axşam saat 9-dan sonra evdən çıxmamalıdır.
Son məhkəmə iclasından bu xanım istehzalı təbəssümlə çıxdı. Bu işdə iki dövlət strukturunun işinin keyfiyyəti, daha doğrusu keyfiyyətsizliyi gözlər önünə sərildi – məhkəmə və təhsil sisteminin.
2. Bakıda havanın keyfiyyəti ölçüldü – pis və çox pis.
Yenicə açılmış hava keyfiyyətinin yoxlanılması laboratoriyası bu nəticəyə gəlib. Burada ən kədərlisi isə odur ki, bu xəbər heç kimi təəccübləndirmədi və şoka salmadı.
3. Qadınların amansızca qətl edilməsi
Bu, hətta ailə zorakılığının artması da deyildi, bu, daha çox həmin problemə marağın artması idi. Dövlət strukturları “gender” qətllərinin statistikasını aparmadığı halda hansısa artımdan danışmaq mümkün deyil.
Bu halları ancaq dəhşətli hadisələr haqda məlumat mətbuata düşdüyü zaman saymaq mümkündür. Polis öz işini nümayiş etdirmək üçün cinayətlər haqda məlumat verməli olur.
Ər arvadını uşaqlarının gözü qarşısında küçədəcə günün günorta çağı 25 bıçaq zərbəsilə öldürdü. Nisbətən gənc Azərbaycan feminizmi sağ olsun: fəallar sözün həqiqi mənasında cəmiyyəti bu haqda düşünməyə və danışmağa məcbur etdilər.
Yaxşı xəbərlər
1. Siyasi məhbusların əfvi
Martın 16-da prezident əfv fərmanı imzalayıb və 50 nəfəri siyasi məhbus olmaqla 399 nəfər azadlığa çıxıb, bu da vətəndaş cəmiyyətinin sevincinə səbəb olub. Amma burada təşəkkür edəcək bir şey yoxdur – bu insanlardan heç biri ümumiyyətlə həbsdə olmalı deyildi.
2016-cı ildə Heydər Əliyevin heykəlinin üzərində siyasi şüar yazandan sonra 10 il müddətinə azadlıqdan məhrum edilən “heykəl məhbuslarını” – Bayram Məmmədov və Qiyas İbrahimovu azadlıqda görmək xüsusilə sevindirici idi.
2. Feministlərin yürüşü: onlar bunu etdilər
2019-cu il Azərbaycanda feminizm rəmzi altında keçdi. Bu nisbətən gənc hərəkat digərlərindən aşağıdakılarla fərqlənir: a) feministlərin lideri yoxdur və bu, şüurlu risklərin azaldılması strategiyasıdır; b) kifayət qədər “kortəbii” təşkilatçılıq şəraitində onlar qarşılarına qoyduqları məqsədlərə məsələn, elə həmin müxalifətdən daha yaxşı nail olurlar.
Misal üçün, oktyabrda onlar şəhərin mərkəzində yürüş təşkil etdilər, polis əvvəlcə onlara sərt müqavimət göstərsə də, sonda güzəştə getməli oldu.
3. Mehman Hüseynov həbsdən çıxdı
2019-cu ilin yanvarında iki illik cəza müddətini başa vurandan sonra tanınmış bloger Mehman Hüseynov azadlığa çıxdı.
Bundan az əvvəl ona qarşı növbəti ittiham irəli sürülmüşdü – onu mühafizəçini döyməkdə günahlandırırdılar və yeni cəza təhlükəsi vardı. Mehman həbsxanada aclıq elan etdi. Etiraz kampaniyası başladı: həmrəylik aclığı, izdihamlı mitinq, Avropa Parlamentinə müraciət.
2019-cu il 19 yanvar siyasi məhbusların müdafiəsi üçün keçirilən mitinq, Bakı
Adətən bizdə olduğu kimi absurdsuz da ötüşməyib.
Məsələn, azərbaycansayağı aclıq – sadəcə qarın ağrısı başlayana qədər davam edir.
Ölkənin demokratik gələcəyi naminə özünü qurban vermək niyyəti hakimiyyətə qarşı xoşməramlı münasibətlə və əksinə əvəzlənə bilər.
Hakimiyyət mitinqə gələnlərin real sayını nə qədər azaldırsa, müxalifət də bir o qədər şişirdir.
Bununla belə, Mehmanın işi həbsə düşən insanı cəmiyyətin azad edə bilmədiyi stereotipini dağıtdı.
Azərbaycanda etiraz hərəkatı ləng olsa da, qarşısına məqsədlər qoymağı və onlara nail olmağı öyrənir. Hətta belə ümid etmək olar ki, növbəti on il Azərbaycan tarixində həlledici olacaq.