Sərhədsiz musiqi
Ermənistanın Tavuş regionu qubernatorunun keçmiş müşaviri Lübik Çibuxçyanın yazı masasında çərçivələnmiş qadın şəkli var. Onun sözlərinə görə, bu foto çoxlarını, hətta tanışlarını və dostlarını da ona qarşı qoyub və problemlərə səbəb olub.
İcevan şəhərində yaşayan Lübik çox sayda kitab müəllifidir, əməkdar mədəniyyət xadimi adına, çox sayda mükafata sahibdir. Bunların arasında Nansen adına qızıl medalı xüsusi olaraq dəyərləndirir.
Amma onun kitablarından biri azərbaycanlı müğənni Elnarə Abdullayevaya həsr olunub. Bu kitabı Ermənistanda həm tənqid edir, həm də alqışlayırlar.
“Mən aydınlaşdırmışam ki, bu müğənninin “A bülbül” mahnısı ermənilərə qarşıdır”, – müsahibələrinin birində Ermənistan Yazıçılar Birliyinin Tavuş regionu şöbəsinin rəhbəri Samvel Beqlaryan deyib. – “Mahnıda qəfəsə salınmış bülbülün çırpınmasından bəhs olunur və bu mahnıda həmin bülbül Artsaxdır. Qəfəsə salınmış bülbülü Azərbaycan üçün itirilmiş olan Artsaxın rəmzi kimi təqdim edən müğənni haqda necə kitab yazmaq olar?”
Amma Lübikin Ermənistan-Azərbaycan müharibəsində oğlunu itirən tanışı Qreta Qulakyan “Elnarə” kitabı haqda xəbəri sevinclə qarşıladığını xatırlayır.
“Mən anladım ki, o haqlıdır. O, belə bir addıma cəsarət edən ilk insandır. Kitab saflıq və dürüstlüklə doludur. Lübik həmişə sülh istəyib ki, heç bir ana göz yaşı tökməsin. Onlar da [azərbaycanlılar] anadır, onlar da ağlamamalıdır”.
Bəs necə oldu ki, Lübik Çibuxyanın Azərbaycan xanəndəsinə – muğam ifaçısına kitab həsr etmək ideyası yarandı? Lübikin özü deyir ki, Abdullayevanın səsini təsadüfən eşidib, amma ilk andan ona valeh olub.
“Mən Azərbaycan [tele]kanallarından birini açdım ki, bizim haqqımızda nə danışdıqlarına qulaq asım. Gördüm ki, bir qız çox məlahətli səslə oxuyur”. Səslə tilsimlənmiş Lübik internetdə bu müğənninin mahnılarını tapıb. Və ifasını çox bəyənib.
“Mən azərbaycanlı intellektualları bizimlə birlikdə bu milli münaqişəni necə həll edə biləcəyimiz haqda düşünməyə dəvət edirəm. Mən onlara ötən illərdə olduğu kimi dostluq təklif edirəm ki, müharibə olmasın”.
Kitabı dərc etdirdikdən sonra, Lübik onu erməni jurnalistlərlə Gürcüstana, azərbaycanlı həmkarları ilə görüşəcəkləri tədbirə göndərmək qərarına gəlib. Onlar da kitabı Elnarəyə çatdıracaqlarına söz veriblər.
Əlbəttə ki, kitabda xatirə sözləri də var: “Əziz Elnarə xanım, Sizə həsr olunmuş mədhiyyəni ən yaxşı tərcüməçilər rus və Azərbaycan dillərinə tərcümə etməyə çalışıb, amma mürəkkəb təsvirləri heç təxmini də olsa ifadə edə bilməyiblər. Odur ki, Sizə orijinalı göndərməyə məcburam, ümid edirəm ki, sizdə daha yaxşı tərcümə edəcəklər. Bilmirəm, Siz nə deyərsiz, amma mənim kabinetimdə Sizin çərçivələnmiş böyük şəkliniz var”.
Lübik danışır ki, Elnarə kitabı alandan sonra hətta video-müraiət də hazırlayıb. Amma kitab müəllifi videonu izləyə bilməyib. Əvəzində vesti.az saytında yazılan materialı oxuyub, orada müğənni deyir ki:
“Əlbəttə, mən erməni yazıçıya yaradıcılığıma göstərdiyi diqqətə görə minnətdaram. Amma bu əsər Qarabağ müharibəsində verdiyimiz itkilər üzündən mənim və ətrafımın yaşadığı ağrını, əzabı unutdura bilməz”.
Lübik də müğənninin bu sözlərini cavabsız qoymayıb: “Əgər Qarabağı fəth etmək istəyirsənsə, minaatan əvəzinə kamança çalanı, pulemyotçu yerinə isə tarzəni götür, gedək Qarabağı sülh yolu ilə fəth edək”.
Çibuxçyan əmindir: azərbaycanlı müğınni haqda kitab münaqişə tərəfləri arasında körpü yaradır:
“Burada sevgi fiziki meyli nəzərdə tutmur, sadəcə mən onu bir erməni müğənni ilə müqayisə elədim və anladım ki, o daha gözəl oxuyur”.
“Elnarəni konsert verməsi üçün dəvət etməyə bizə nə mane olur?” – o davam edir. – “Bəs siz qardaşlığı necə təsəvvür edirsiz?”
Bundan başqa Lübik Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb və Bakıya Elnarənin konsertinə gəlmək arzusunu ifadə edib. Öz maşınında getmək istəyir. O, prezidentdən ancaq bir şeyi xahiş edib ki, Azərbaycan ərazisində onun təhlükəsizliyi təmin edilsin: “Mən ona gül dəstəsi bağışlamaq, əlini öpmək, sizin də bizim mahnılarımızı oxuduğunuz kimi bizim də sizin mahnılarınızı oxumağımızdan çox məmnun olduğumu demək istəyirəm”.
Amma o bu məktubuna cavab almayıb.
Lübik Çibuxçyan sülhsevər insandır. O, digər bir kitabında isə Ermənistan və Azərbaycan xalqlarını qardaşlığa çağırır. Bu kitab “Qırmızı işıq adlanır” və o, kitabın bir nüsxəsini Azərbaycanın Moskvadakı səfirliyinə göndərib, amma yenə də onun jesti cavabsız qalıb.
Kitabda o, Artsaxdakı göllərin birində necə azərbaycanlı meyiti tapdığını, öz əlləri ilə qəbir qazdığını və “yoldan ötənlər orada məzar olduğunu bilsinlər deyə” üzərinə… xaç qoyduğunu təsvir edib.
Yalnız bir yolla sülh əldə etmək mümkündür, Lübik belə hesab edir. Yaranmış vəziyyətdən yeganə çıxış yolu ancaq dialoq ola bilər: iki ölkənin idmançıları, şairləri, ziyalıları bir-biri ilə ünsiyyət qurmalıdır, bir-birini ziyarət etməlidir və bu yolla ən sonda barışıq əldə edilməlidir.