Şərəfli, ucuz və təhlükəsiz
Anjelika Zaxaryan gənc politoloqdur. Hər iki ali təhsili – bakalavriat və magistraturanı – o Stepanakertdə, evinin yaxınlığında yerləşən Artsax universitetində alıb.
“Valideynlər məni Yerevana oxumağa buraxmadılar, bu uzaq və bahaydı, – Anjelika deyir. “Onda da mən Artsax Dövlət Universitetini seçdim, bu Qarabağda politologiya fakültəsinin olduğu yeganə universitetdir.
2016-cı ildə Artsax universitetinə 487 tələbə qəbul olunub. Onların çoxu ilə söhbət zamanı məlum oldu ki, bu cür seçimin üç səbəbi var: bu, ucuzdur; bu, təhlükəsizdir, bu şərəflidir.
Hər üç arqumenti nəzərdən keçirək.
Arqument 1
Qarabağda oxumaq daha ucuzdur
Anjelikanın ailəsi onun dərsinə görə ildə 250 min dram [təxminən $530] ödəyib. Bu məbləğ ailə üçün kifayət qədər böyük məbləğ olsa da, qız Rusiya və hətta Yerevanda analoji fakültədə oxusaydı, bu daha baha başa gələrdi. Qərb ölkələrində təhsili nəzərdən keçirməli olsaq isə burada söhbət artıq ildə on min dollardan gedərdi.
Anjelika ümumilikdə 6 il oxuyub: 4 il bakalavriat və 2 il magistraturada, təhsilinə ailəsi 3 min dollardan çox pul xərcləyib. Yerli ölçülərə görə, az pul deyil. Obyektiv olaraq, kifayət qədər sərfəlidir.
JAMnews-un Stepanakertdə keçirdiyi kiçik sorğu göstərdi ki, keçmiş və indiki tələbələr arasında maliyyə harada təhsli almaqla bağlı seçim etdikləri zaman əsas arqument olur.
David Paşayan Yerevan konservatoriyasını hərbi dirijor ixtisası üzrə bitirib, bu il isə Stepanakertdəki “Mesrop Maştots universitetinin magistraturasına, “iqtisadiyyatın idarə olunması bölməsinə daxil olub.
“Mən faktiki olaraq, indi ikinci ixtisas alıram, buna görə də ildə 330,000 dram [təxminən $700] ödəyirəm. Bilirəm ki, bu universitetin diplomu ilə çoxları qonşu ölkələrdə və ya qərbdə yaxşı iş tapırlar, bu mənim üçün çox vacibdir, – David deyir.
O, prestijli yüksək maaşlı iş tapmaq istəyir, Qarabağdakı axtarışı uğursuz alınsa, başqa yerə köçməyə də hazırdır.
Son bir neçə ildə riyaziyyat fakültəsinə, informatika, tətbiqi riyaziyyat və informasiya texnologiyaları ixtisaslarına qəbul olunan abituriyentlər çoxalıb. Artsax Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Georgi Saakyan deyir ki, bu sahənin mütəxəssislərinə tələbat var.
“Bu il bu ixtisasa 82 nəfər qəbul olunub, bu da ötən ilkindən iki dəfə çoxdur. Çox güman ki, onların hamısı Stepanakertdə işə düzələ biləcəklər. Misal üçün, İnformasiya Texnologiyaları Mərkəzində bu cür mütəxəssislərə daima ehtiyac olur.
Stepanakertdə bu gün üç universitet işləyir: artıq yuxarıda qeyd olunan Artsax Dövlət Universiteti və iki özəl ailə məktəb: “Mesrop Maştots və “Narekatsi.
Bundan başqa, kənd təsərrüfatı kolleci, tibb texnikumu və bir neçə orta ixtisas məktəbi var.
Artsax Dövlət Universiteti doqquz fakültə və 29 ixtisas təklif edir, bunlardan ən populyar olanları erməni dili və ədəbiyyatı, ingilis dili, hüquq və iqtisadiyyat fakültələridir, tələbələrin ümumi sayı 3, 000 nəfərdir.
Bütün tələbələr 5, 000 dram [təxminən $10], kənd rayonlarından gələnlər isə 10, 000 dram stipendiya alır. Xüsusiylə istedadlı tələbələr “prezident təqaüdü alır – 25,000 dram [təxminən $50].
Və nəhayət, Qarabağın istənilən ali məktəbinin tələbələrinin çoxuşaqlı və aztəminatlı ailələrin; ehtiyatda olan zabitlərin; bir və ya hər iki valideynin birinci qrup əlil olduğu ailələrin övladları üçün xüsusi imtiyaz almaq hüququ var.
Arqument 2
Evdə təhsil almaq daha təhlükəsizdir
“Tədris metodikası fakültəsinin qiyabi təhsil alan 5-ci kurs tələbəsi İlona Arutunyan deyir ki, valideynləri ona Yerevanda qəbul olunmağa qadağa etməyiblər, özü məktəbi bitirəndən sonra Stepanakertdə qalmaq qərarına gəlir.
“Valideynlərim və evimdən ayrı qalmaq istəmirdim. Amma düzü, indi peşmanam, böyük şəhərdə daha böyük imkanlar var.
Yerli ənənələrə gör, əksər valideynlər qızlarını evdən uzaqda oxumağa buraxmırlar.
Amma istisna hallar da olur. Misal üçün, Xalq Təsərrüfatı İnstitutunun 4-cü kurs tələbəsi olan Bella Aqadjanyan məktəbi bitirəndən sonra Artsax Dövlət Universitetinə imtahan verir, yüksək bal alır və ona Yerevanda təhsil almağı təklif edirlər. Atası bu ideyanı bəyənməsə də, razılıq verir. Qızın böyük bacısının paytaxtda yaşaması faktı bu məsələdə həlledici tol oynayır.
Oğlan abituriyentlərin adətən belə bir problemi olmur, valideynlər onlara görə daha az narahat olur və daha çox etibar edirlər.
Arqument 3
Qarabağda təhsil almaq respublikanı dəstəkləmək deməkdir
Aleksandr Brutyan “Mesrop Maştots universitetinin magistraturasında, iqtisadiyyat fakültəsində oxuyur.
“Valideynlərim həm Yerevanda, həm də Rusiyada təhsil almağım üçün kömək etməyə hazırıydılar. Amma mən Qarabağda təhsil almaq qərarını verdim, – o danışır. – Birincisi, öz diyarımı sevirəm və hesab edirəm ki, buranı inkişaf etdirmək lazımdır. İkincisi də valideynlərimi və dostlarımı tərk etmək istəmirdim. Hesab edirəm ki, həqiqətən də oxumaq istəyirsənsə, bunu öz evində də edə bilərsən.
“Mesrop Maştots Qarabağda müharibədən sonra yaradılan ilk özəl universitetdir: o, 1997-ci ildə açılıb. Burada 11 fakültə var, bu il açılan yeni “Qafqazşünaslıq fakültəsinə artıq 20 nəfər qəbul olunub.
Burada təhsil qiyməti ildə 220,000-dən 400,000 drama qədərdir [təxminən $450 – 800]. Tələbələr təqaüd almır.
12 fakültəsi olan “Narekatsi özəl ali məktəbində də vəziyyət oxşardır. Onun nəzdində həm də kollec fəaliyyət göstərir, burada təhsil almağın qiyməti universitetdəki qiymətlərə yaxındır – 260,000-dən 420 000 drama qədər.
Artsax Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi Narine Petrosyan: “Pulsuz təhsil alıram, çünki daxil olduğum zaman ballarım yüksək olub. Valideynlərim Ermənistanda ali məktəbə qəbul olunmağıma qarşı deyildilər, Qarabağda oxumaq mənim istəyim olub.
“Bəziləri əvvəlcə burada oxuyub, sonra isə xaricə getməyə cəhd etmək istəyirlər, – qız deyir. – Mənim planlarım başqadır. Birinci magistraturanı burada, Artsax Dövlət Universitetində, ikincini isə Yerevanda bitirmək istəyirəm. Yaxşı mühasibatçı olmaq və Qarabağda hansısa şirkətdə işə düzəlmək istəyirəm.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər