Səfehliyin müdrikliyi və ya keçmişlə görüş
Keçmiş
1980-ci illərin axırlarında milli hərəkatın çiçəkləndiyi dövrlərdə gənc vətəndaş fəallarının emosional çıxışlarına cavab olaraq, Mərkəzi Komitə və yaradıcı ziyalılardan tez-tez aşağıdakı sözlər eşidilirdi: “müdrikliyimizi göstərək”.
Reallıqda isə bu müdriklik Kremli həddən artıq radikallıqla qıcıqlandırmamaqdan ibarət idi. Partiya elitası bu gənc fəallara əməkdaşlığa kontruktiv yanaşma nümayiş etdirməyi təklif edirdi, çünki bu yolla guya müxtəlif məsələlərin həllində daha çox şeyə nail olmaq mümkünüydü. Onlar deyirdi ki, gənc fəalların “Rədd olsun Rusiya İmperiyası” kimi şüarları rusları qıcıqlandırır, onlara da, yəni Gürcüstanın partiya elitasına Moskvada Gürcüstana lazım olan qərarları qəbul etdirmək çətin olur.
Bu gün bütün bunlar ciddi görünmür və gülüşə səbəb olur, o vaxtlar isə hər şey qəribə görünürdü və bütün sovet nomenklaturası təkcə mitinqlərdən ürəyini tuturdu, bu mitinqlərdə səsləndirilən şüarlardan isə heç danışmağa dəyməz.
Bu tendensiya 1990-cı illərdə, hərbi çevrilişdən sonra davam etdi. Rusiyanın kəskin tənqidi hətta parlament tribunasından da yolverilməz oldu.
Yadımdadır, Caba İoseliani açıq-aşkar hirslənərək deyirdi: biz Rusiya ilə danışıqlar aparırıq, sahildə bağ evləri söz veririk, bu zaman da müxalifətçilər ortaya düşüb, Rusiyanı söyür, işimizi pozurlar. O vaxtkı hakimiyyətin və onun tərəfdarlarının fikrincə, Abxaziyadakı məğlubiyyət və iqtisadi çətinliklər bizim vaxtında müdriklik göstərməməyimizin nəticəsi oldu, Rusiyanı dilə tutmaq, hansısa mənfəət almaq əvəzinə bu nəhənglə baş-başa gəlib, düşmənçilik etməyə başladıq.
Bu cür “müdrikliyin” əsassız olduğunu bizə həyatın özü göstərdi. Təcrübə əyani şəkildə göstərdi ki, Rusiyaya qarşı konstruktiv, mehriban, təbəəli jestlərin heç bir mənası yoxdur. Bu, Kremlin Gürcüstana aqressiv münasibətinə heç bir təsir göstərmir. Rusiya təcavüzünə qarşı yeganə vasitə NATO-ya inteqrasiyaya dəqiq və qəti kursdur. Düzdür, Saakaşvili dövründə Rusiyanın ünvanına səsləndirilən həddən artıq aqressiv ritorika da qınağa səbəb olurdu, amma köhnə nomenklaturanın fikrincə Gürcüstanın o vaxtkı hakimiyyətinin “müdriklik” göstərmədiyinə görə yox, təkcə ifadə forması və emosional səviyyəsinə görə. Düzünə qalsa, heç vaxt düşünməzdim ki, bu keçmiş “müdriklik” yenidən Gürcüstan üçün aktual olacaq, amma görünən budur ki, heç vaxt “heç vaxt” demək lazım deyil.
İndiki dövr
Ukraynada gürcü hərbçisinin, xüsusi təyinatlı qoşunların keçmiş zabiti Giorgi Tsetsvadzenin həbsi Gürcüstanda böyük səs-küy yaratdı. [Dünən yanvarın 26-da Ukrayna məhkəməsi Tsetsvadzeni həbsdən azad edib – – JAMnews].
Tsetsvadze Rusiyanın tələbi ilə Gürcüstan deyil, Ukrayna hüquq mühafizə orqanları tərəfindən həbs olunsa da, bu həmin məsələ üzrə Gürcüstan hakimiyyətinə qarşı ciddi narazılıqları aradan qaldırmır.
Demə, Gürcüstan tərəfi Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və İnterpol xətti ilə onlara Tsetsvadzenin şəxsi məlumatlarını ötürüb. Bundan sonra Gürcüstanın hüquq-mühafizə orqanları bu problemi özlərinə yük eləmədilər: İnterpol xətti ilə axtarışda olan zabiti buraxıb, ona bu haqda məlumat vermədilər.
Bu məsələ ilə bağlı çox şey deyilib və yazılıb, buna görə də davam etməyəcəm. Sadəcə bu cür tarixi eskursu tələb edən tendensiyaya diqqət çəkmək istəyirəm. Əlbəttə Giorgi Tsetsvadze ilə bağlı hadisəni səhv və ya konkret güc qurumunun qeyri-peşəkar əməlləri hesab etmək olardı, bu işi digər işlərlə eyni sıraya qoyan, eyni zamanda da Gürcüstan hakimiyyətinin siyasətinin tendensiyasını nümayiş etdirən bir sıra faktlar olmasaydı. Onlardan bir neçəsini sadalayım:
- Müdafiə Nazirliyindən heç kim ilin axırlarında NATO tərəfindən təşkil olunan və Gürcüstan üçün çox vacib məsələlərin nəzərdən keçirildiyi ministeriala getmədi. Bunu onunla izah etdilər ki, ministerialda ancaq NATO üzvləri iştirak edib, Gürcüstanın nümayəndə heyəti isə dəvət olunmayıb. Halbiki siyasətin əlifbasını anlayanlar bilməlidir ki, söhbət sənin ölkənin maraqlarından gedəndə sən elementar olaraq qeyri-rəsmi kanallardan və ikitərəfli görüş formatından istifadə etməlisən.
- Bir neçə gün əvvəl Energetika Nazirliyi “Qazprom”un Cənubi Qafqaz qaz kəmərinin Gürcüstana aid hissəsinin pula çevrilməsi şərtləri ilə razılaşıb. Halbuki ötən il nazirlik analoji təklifə rədd cavabı verdi, indi də tranzit şərtlərini dəyişib-dəyişməmək məsələsi tamamiylə Gürcüstan hakimiyyətinin siyasi iradəsindən asılı olan məsələ idi.
- Gürcüstan hökumətində Gürcüstan dəmir yollarının sərmayələrinin 25 faizinin satışı barədə danışmağa başladılar. Sərmayələrin satışı haqqında əvvəllər Saakaşvilinin hakimiyyəti dövründə bu ideyaya qarşı çıxanlar danışmağa başlayıb. O vaxt deyilirdi ki, satışda maraqlı olan Rusiyadır və sərmayələr London birjasına çıxarıldığı vaxt onları böyük ehtimalla məhz Rusiya alacaq. Bu gün ruslar və onların Gürcüstanın strateji obyektinin sərmayələrini alması barədə heç kim danışmır.
- Gürcüstan parlamentinin əksəriyyəti Rusiya ordusunu Suriyanın dinc əhalisinin bombardman edilməsində ittiham edən bəyanatı qəbul etməkdən imtina etdi.
- Konstitusiya Komissiyasında “Gürcü arzusu”nun nümayəndələri Konstitusiyaya ölkənin avroatlantik məkana inteqrasiyasına meylləri barədə yazmaq təklifi ilə razılaşmırlar.
Siyahını davam etdirmək də olardı, amma düşünürəm ki, sadalananlar da kifayət edir.
Gürcüstan hakimiyyətinin hər yolla Gürcüstanın maraqlarına zidd hərəkət edən işğalçı ölkənin narazılığına səbəb olacaq heç nə etməməyə çalışdığını artıq bir fakt kimi qəbul etmək olar.
Rusiya siyasətinin ünvanına tənqidi fikirləri təkcə gürcü hakimiyyətinin nümayəndələrindən deyil, onun tərəfdarları sıralarına daxil olan fəallardan da eşitmək mümkün deyil. Yəni 1980-90-cı illərin dili ilə desək, aydındır ki, hakimiyyət “müdriklik göstərməyə” və “Rusiyada qıcıq oyatmamağa” çalışır. Giorgi Tsetsvadze ilə bağlı hadisəni bura rahatca daxil etmək olar.
Gələcək perspektiv
Təbii olaraq sual yaranır: bu cür münasibət nəyi nümayiş etdirir? (Təkrar edim ki, bunu artıq təsbit edilmiş bir fakt kimi qəbul etmək olar).
“Milli hərəkat” Bidzina İvanişvilinin siyasətdə göründüyü ilk gündən onu Kremlin marioneti, Gürcüstanda Rusiya maraqlarının yayıcısı adlandırdı. Onlar üçün Tsertsvadze ilə bağlı hadisə İvanişvili və onun komandasının satqın siyasətinin daha bir təzahürü oldu.
Fikrimcə, bu doğru izahat deyil. “Gürcü arzusu” artıq dörd ildir ki, hakimiyyətdədir, həqiqətən də marionet rejimi olsaydı, bu illər ərzində artıq Gürcüstan-Rusiya əməkdaşlığı baş tutardı və ikitərəfli qərarlar-razılaşmalar olardı, eyni zamanda Gürcüstanda nə NATO-nun təlim mərkəzi, nə də başqa çox şeylər mövcud olmazdı. Rusiya ilə münasibətlərin hər hansı bir şəkildə qaydaya salınması barədə İvanişvili və komandasının üzvləri əvvəllər də danışıb. Halbuki konstruktivlik bir şeydir, marionetlik isə başqa şey.
Digər tərəfdən də problem məhz bu konstruktivlikdir. Bu yanaşma 1980-ci illərin nomenklaturasının baxışlarını xatırladır və faktiki olaraq onları təkrar edir. Səbirsizliklə hakimiyyət nümayəndələrindən hər hansı birinin həmin o məşhur “Müdrikliyimizi göstərək” ifadəsini işlətdiyi keçmişdən həmin o anla görüşü gözləyirəm.
Bu cür yanaşmanın motivasiyası ən xeyirxah niyyətlə diktə oluna bilər, kiməsə həqiqətən də elə gəlir ki, şirin dil nəinki ilanı yuvasında çıxarar, hətta şimal ayısının da könlünü ala bilər. Amma cənnətə aparan yol da xoş niyyətlərlə döşənib – bu da hamıya yaxşı məlumdur. 25 illik müstəqillik tariximizə baxıb, daş da bu cür “müdriklik”dən fəryad edə bilər.
Onda Rusiyaya münasibətdə bu köhnə nomenklatur konstruktivlik nə deməkdir? Siyasi qərarlar qəbul edənlər arasında kiminsə tarixi və siyasi qanunauyğunluqdan baş çıxarmasını istəmək kaprizdir? Bu günkü Gürcüstanda siyasi qərarları ancaq bir adam qəbul edir. Bütün yerdə qalanlar isə strateji qərarlar qəbul etmək hüququndan məhrum olan icraçı menecerlərdən başqa bir şey deyillər. Deməli, hər şey həmin o yeganə adamın mentalitetindən və peşəkarlığından asılıdır ki, onlar da 1980-ci illərin ziyalılarının baxışlarından və nomenklaturasından o qədər də fərqlənmir.
Ola bilsin hakimiyyətin özündə də sağlam düşüncə və keçmişdən gələn “müdrikliyin” o qədər də ağıllı olmadığını anlayan adamlar var, amma klassikin dediyi kimi, şirin bir gözü olsa belə ona çaşğöz olduğunu deməyə kimin cürəti çatar?
Qərarların bir şəxs tərəfindən qəbul edildiyi şəraitdə hakimiyyətdə heç bir muxtar təşkilati-siyasi subyektlər yoxdur, konkret məmurun sağlam ideyası da onun şəxsi fikri olaraq qalır.
Bu cür köhnədən qalma yanaşmalarla ölkə uzağa getməyəcək. Bu, gün kimi aydındır. Yəqin ki, Tsertsvadzenin başına gələn hallar hələ dəfələrlə təkrar olunacaq, ta ölkənin qeyri-rəsmi idarə olunması üslubu dəyişməyənə qədər, bunu da indiki hakimiyyət şəraitində təsəvvür etmək çətindir.