Rəy: Oğurlanmış Qələbə Günü
Putin və Qələbə günü
Ukraynada qanlı müharibənin davam etməsinə baxmayaraq, Rusiyada bu il 9 May faşizm üzərində Qələbə Günü hərbi paradla qeyd olunur.
Bu tarix çoxdan prezident Vladimir Putinin şəxsi brendinə çevrilmiş Rusiyanın əsas dövlət bayramıdır.
Lakin SSRİ-ni görmüş insanlar, lap uşaq yaşlarında olsa da, yaxşı xatırlayırlar ki, o vaxt 9 May kifayət qədər təvazökar bir bayram idi – veteranlar təbrik edilir, uşaqlar “Əbədi məşəl” qarşısında tamaşalar hazırlayır, televiziyada təntənəli proqramlar verilirdi.
İkinci Dünya Müharibəsi və ya SSRİ-də deyildiyi kimi, Böyük Vətən Müharibəsi o zaman bizi hər zaman əhatə edirdi – demək olar ki, hər gün televiziyada müharibə haqqında filmlər, televiziya şouları, kitablar, demək olar ki, bütün yaşlı nəsil canlı veteranlar və müharibə şahidləri idi.
Uşaq döyüş oyunlarında biz həmişə “bizimkilər” və “almanlar”a bölünürdük. Onilliklər əvvəl başa çatan müharibə o zaman ətrafdakı reallığın bir hissəsi idi.
Ancaq hər il mayın 9-dan əvvəl Rusiyanı bürüyən belə bir vulqarlıq yox idi.
Avtomobillərin üzərinə “Berlinə” yazılı stikerlər yapıdırılmırdı, tank formasında uşaq arabaları və ayaqqabıları yox idi, kassirlər və nəzarətçilər əsgər “pilotkası” geyinmirdi, heç kim bədənin hər tərəfinə lent bağlamırdı.
Həmin gün hərbi paradlar olmayıb (SSRİ-də oktyabrın 7-də Oktyabr inqilabının ildönümündə hərbi paradlar keçirilirdi).
“Təkrar edə bilərik” (“Bir daha heç vaxt” əvəzinə) kimi absurd və eyni zamanda cinayətkar şüar da yox idi.
Nəyi təkrar edəcəksiz? On milyonların ölümünü? Şəhərlərin viran qoyulmasını? Bu sualın cavabı 24 fevral 2022-ci ildə verildi - bəli, məhz!
Rusiyanın qonşu dövlətə qarşı yeni genişmiqyaslı təcavüzkar müharibəsinin başlaması, əsasən, 9 Mayın təmtəraqlı qeyd edilməsinin böyük rol oynadığı rus rejiminin militarist təbliğatı sayəsində mümkün oldu.
Vladimir Putinin rəhbərliyi altında qəhrəmanların anım, qürur və minnətdarlıq günü tədricən həm əyləncəli karnavala, həm də hərbi gücün təmtəraqlı nümayişi gününə çevrilib.
Müharibə milyonlarla insanın faciəsi əvəzinə tamaşaçılara əyləncəli macəra və sərin döyüş filmi kimi təqdim olunmağa başlayıb.
Nə üçün Putinin dövründə 9 May Rusiya dövlətinin əsas bayramı – yarım əsrdən çox əvvəl başa çatan müharibə günü seçilib? Ona görə ki, müharibədən nə qədər çox vaxt keçsə və sağ qalan veteranlar nə qədər az olsa, “əl-qol açmaq” üçün imkanlar bir o qədər geniş olar?
Niyə Rusiya digər ölkələr kimi məsələn, Müstəqillik Gününü öz bayramını elan etmədi? 12 iyun Rusiya Günü – Rusiyanın SSRİ-dən ayrılaraq müstəqil dövlət kimi əsasını qoyan RSFSR-in suverenliyi haqqında bəyannamənin qəbul edildiyi tarix təmtəraqsız və sönük şəkildə qeyd olunur.
Məsələn, Fransa Bastiliya Gününü – xalqın azadlıq əldə etdiyi günü qeyd edir.
Ancaq Rusiyada belə bir tarix tapılmadı. Azadlıq və müstəqillik dəyərləri heç də Kremlin öz vətəndaşları arasında təbliğ etmək istədiyi şey deyil.
Yeni əldə edilmiş azadlığı dəyərləndirmək – sahibkarlıqla məşğul olmaq, dünyanı gəzmək və sairə əvəzinə, təbliğat uzun müddət cəmiyyətə SSRİ-nin dağılmasından məyusluq və bu süqutu təşkil edən məkrli Qərbə qarşı kin aşıladı.
Bundan əlavə, faşizm üzərində qələbə SSRİ/Rusiya tarixində mübahisə doğurmayan və birmənalı olaraq şər üzərində qələbə kimi şərh edilən yeganə hadisədir.
Mövcud rejim legitimliyi üçün bu hadisəni az qala Putinin şəxsi ləyaqəti elan etməkdən yaxşı heç nə tapmayıb.
Müvafiq olaraq, buradan nəticə çıxır – əgər biz faşizmi məğlub etmişiksə, deməli, səhv edə bilmərik.
Qələbə Günü Qərbə qarşı durmağın daha bir səbəbi kimi də Kreml üçün əlverişlidir. Təbliğat 1945-ci ildə nasist Almaniyasının ən başından Rusiyaya düşmən olan bütün Qərbi, Qərb sivilizasiyasını təcəssüm etdirdiyinə eyham vurur.
Heç bir səbəb olmadan bəyənmədiyin hər kəsə faşist və nasist etiketi yapışdıra bilmək rahatdır. Faşizmi məğlub etməsi ilə fəxr edən xalq isə hədəfə ürəkdən nifrət edəcək.
Bu gün olduğu kimi, Rusiya cəmiyyətinin əhəmiyyətli bir hissəsi hesab edir ki, onların ölkəsi Ukrayna şəhərlərini bombalayanda, Ukrayna əsgərlərini və mülki insanları öldürəndə düzgün iş görür, çünki o, “nasizm”lə müharibə aparır. Bu ittihamın tamamilə absurdluğuna baxmayaraq.
Və ən əsası, niyə militarist psixoz ildən ilə daha da şiddətlənirdi? Rusiya əhalisi yeni böyük müharibəyə hazır olmalı idi. İndi biz bilirik ki, Putin və onun rejimi bunu qaçılmaz hesab edirdi və uzun müddət ona doğru irəliləyirdi.
Bunun naminə faşizm üzərində Qələbə Günü veteranlardan, SSRİ-nin o vaxtkı Qərb müttəfiqlərindən, keçmiş sovet respublikalarından, faşizm üzərində qaliblərin şücaətini səmimi qəlbdən anan sadə insanlardan oğurlandı.