Rəy: Ermənistan ya islahatları, ya da Rusiya ilə ittifaqı seçməlidir
Yerevanda az əvvəl baş verən hadisələr Ermənistan-Rusiya münasibətlərində dönüş nöqtəsi ola bilər. Söhbət Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsindən və KTMT [Rusiyanın liderliyi altında Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatı — JAMnews] baş katibi Yuri Xaçaturovun saxlanılaraq, daha sonra azad edilməsindən gedir.
Kremldə yeni Ermənistan rəhbərliyinə rəğbətlə yanaşıldığını təsəvvür etmək çətindir.
Burada səbəb Nikol Paşinyanın rəhbərlik etdiyi xalq etirazlarının “varislik” sxemini alt-üst etməsində deyil, hərçənd ki, bu sistem Rusiya siyasi elitasında Vladimir Putin hakimiyyətinin “əbədiləşdirilməsi” vasitəsi kimi nəzərdən keçirilir.
Məsələ heç onda da deyil ki, Ermənistandakı dəyişikliklər iri Rusiya biznesinin maraqlarına toxunub.
Problem Ermənistan islahatçılarının postsovet məkanında ən “müqəddəs” nəsnəyə – hakimiyyət nümayəndələrinin xalqdan oğurlamaq, öz ölkəsinə şəxsi mülki kimi yanaşmaq və bu zaman tam cəzasız qalmaq kimi “ən təbii” haqqına əl uzatmalarıdır.
Bu vəziyyət dünən yaranmayıb. Sovet İttifaqı dağılandan sonra yeni formalaşmış müstəqil dövlətlərin sərvətlərini təkbaşına idarə etmək istəyi ya ayrı-ayrı liderlərin, ya da siyasi elitaların motivinə çevrildi.
İlk postsovet onilliyində artıq “yeni qayda” hər yanda bərqərar oldu. Siyasət pul ekvivalentinə, çox vaxt isə kriminala çevrildi. Rusiya bu fonda yalnız miqyası ilə seçilir.
Kremlin “özününkü-yad” sistemi yanılmadan düşmənləri üzə çıxarır.
Kremlin bağışlaya bilmədiyi və heç vaxt bağışlamayacağı yeganə şəxs 2004-2012-ci illərdə Gürcüstan prezidenti olmuş Mixail Saakaşvilidir. Və söhbət Cənubi Osetiya ilə müharibədən də getmir. Bu müharibədə Moskva Gürcüstana soxulmaq bəhanəsi əldə edərək işin içindən xeyirli çıxmışdı. Problem onun həm vətənində, həm də vətənindən kənarda korrupsiya və kriminalla radikal mübarizəsindən gedir.
Ermənistanın yeni baş nazirini az qala hər həftə Moskva və ya Sankt-Peterburqda qəbul edirlər. Amma orada o “özününkü” kimi görünmür.
Moskva ağıllı şəkildə onun hakimiyyətə gəlmək metoduna fikir verməyib (hər halda indilik). Amma Ermənistanın normal fəaliyyət göstərərək, korrupsiyadan kənar rəqabətə davamlı iqtisadiyyatı, aydın hakimiyyət dəyişikliyi proseduru olan dövlətə çevrilməsi Kremlin planlarına heç daxil deyil.
Moskva Cənubi Qafqazda siyasi və hərbi iştirakını o dərəcədə qoruyub saxlamaqda maraqlıdır ki, hətta bunun üçün nələrisə qurban verməyə də hazırdır. Amma Kreml özü üçün məqbul saydığı yeganə sistemin dağıdılmasına imkan verə bilməz.
Rusiya ilə əlaqələr (üstəlik yalnıız siyasi-hərbi deyil, ilk növbədə iqtisadi) Ermənistan üçün çox vacibdir. Görünür ki, Yerevanda bunu anlayırlar. Onları qorumağa çalışmaq lazımdır – amma dürüst siyasətçiyə hələlik yer göstərildiyi “dəyirmi masa” arxasında həmişə yer olacağına ümid etmək lazım deyil.
“Yad” birinin ortaya çıxdığını xəbər verən siqnal hələlik yüksəkdən səslənmir, amma çoxdan kimin üçün nəzərdə tutulubsa, onların qulağına çatıb.
Moskvada hələ də Nikol Paşinyanın düşmənləri ilə “haqq-hesab çəkəndən sonra” (bu da postsovet siyasətinin ənənələrindəndir və normal hesab oluna bilər) dünyanın bu hissəsindəki ölkələrin liderləri üçün adi olan yolla gedəcəyinə ümid edirlər.
Yox əgər bu variant Ermənistanın yeni rəhbərliyinin planına daxil deyilsə, o, indidən gələcək barədə düşünməlidir.
Onun iki məsələ üzərində fokuslanması lazımdır.
Birincisi, hələ ki, başlamamış və çox güman ki, yeni seçkilərə qədər başlamayacaq maksimal sürətli iqtisadi islahatlardır.
İkinci məsələ etnik dövlət modelindən uzaqlaşmaqdır. Hansı ki, bu zaman ölkə rəhbərliyi diasporaya möhtac olur, xaricdə isə yalnızca biznesdə, elmdə və ya mədəniyyətdə uğur qazanmış həmyerlilərlə görüşürlər.
Ermənistanın yeni rəhbərliyi bunun öhdəsindən gələcəkmi? İnanmaq istəyərdim. Amma unutmaq lazım deyil ki, əgər bacarsa, Rusiya siyasi elitası üçün “özününkü” olaraq qalmaq dəqiq mümkün olmayacaq.