Rəsmilər turizmin yüksəlişindən danışır, ekspertlər isə əksini deyirlər
Sərhədlərin bağlanması və Azərbaycanda turizm
Azərbaycan rəsmilərinin fikrincə, quru sərhədlərin bağlanması ölkədə daxili turizmin inkişafına müsbət təsir göstərir. Mütəxəssislər fərqli düşünürlər. “2022-2023-cü illərdə quru sərhədləri bağlı qalsa da, otel çarpayılarının böyük əksəriyyəti boş qalıb. Bəs sərhədlərin bağlanmasının daxili turizmə müsbət təsiri haradadır?” – deyə iqtisadçı ekspert Natiq Cəfərli sual edir.
- “Azərbaycanda 3 ayda 34 nəfər siyasi motivlərlə həbs edilib”
- Rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş Bolqarıstanda baş tutacaq?
- Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilər nə deyir? Bakıdan müqayisəli təhlil
Otel otaqlarının 83,4 faizi boş qalıb
Respublikaçı Alternativ Partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda bəzi rəsmilər öz çıxışlarında quru sərhədlərin bağlı qalmasına haqq qazandırmaq üçün deyirdilər ki, bu hal daxili turizmin inkişafına təkan verir, turizm obyektlərinin inkişafına səbəb olur.
Cəfərli vurğulayır ki, “rəqəmlər rəsmilərdən fərqli olaraq yalan danışmır”:
“2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olub – sadə dildə desək, nömrələrin 83,4 faizi boş qalıb.
2022-ci ilin eyni dövründə bu rəqəm 12,4 faiz olub, yəni 2022-2023-cü illərin ilk yarısında quru sərhədlər bağlı olsa da, otellərdə yerlərin 85 faizə yaxını boş qalıb. Bəs hanı sərhərlərin bağlı olmasının daxili turizmə müsbət təsiri?”.
İqtisadçı əlavə edir:
“Deyə bilərlər rəsmi rəqəmlər reallığı əks etdirmir, yəqin rəsmiləşmiş nömrələrin sayı azdır, otellər vergidən yayınmaq üçün qonaqları qeydə almırlar – hə, o zaman da rəsmilərin, “ölkə iqtisadiyyatı “ağarır”, sənədləşmə, rəsmi fəaliyyət artır”, sözü yalan çıxır”.
Natiq Cəfərli əmindir ki, quru sərhədlərin bağlı olması ölkənin turizm sektoruna çox böyük ziyan vurur.
Azərbaycanda 3 ildən artıqdır ki, qonşu ölkələrlə quru sərhədlər bağlıdır. Səbəb kimi COVİD 19 pandemiyası göstərilir.
Baxmayaraq ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edib, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə qadağalar aradan götürülüb. Lakin Azərbaycan quru sərhədlərini açmır, səbəb kimi isə COVİD 19 pandemiyasından qorunmağı əsas gətirir.
Müstəqil ekspertlər isə quru sərhədlərinin bağlı qalmasının altında fərqli səbəblər olduğunu bildirirlər.
Enerjidən sonra ikinci sektor
Milli Məclisinin deputatı Vüqar Bayramov deyir ki, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:
“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.
Deputat bildirir ki, nəticədə, bölgələrin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının re-inteqrasiyası üçün işlər sürətləndirilməlidir.
Bayramovun fikrincə, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır:
“Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman, bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.
Rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsi ilin birinci yarısının turizmlə bağlı məlumatlarını açıqlayıb. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan mehmanxanalarında 1 milyon 363 min 200 gecələmə qeydə alınıb. Bu, əvvəlki ilin müvafiq göstəricisindən 32,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə mehmanxanalarında gecələmələrin 61,1 faizi Bakının payına düşür. Regionlar arasında ən yaxşı göstəricilər Qusarda – 5 faiz, Qubada – 4,8 faiz və Qəbələdə – 4,4 faizdir.
788,1 min gecələmə, yəni, ümumi gecələmələrin yarıdan bir qədər çoxu xarici turistlərin payına düşür. Bu, ötən illə müqayisədə 56,5% çoxdur.
Xarici turistlərin ilk beşliyinə Rusiya (17,4%), Hindistan (8,8%), Türkiyə (8,6%), Birləşmiş Ərəb Əmirlikləri (6,7%) və Səudiyyə Ərəbistanından (6,5%) gələn qonaqlar daxildir.
DSK-nın məlumatına görə, turistlərin 84,2 faizi Bakıda otellərdə gecələyib.