“Rustavi-2” işi davam edir: keçmiş baş direktor dindirilmək üçün məhkəməyə çağırılıb
Məşhur “Rustavi-2” teleşirkətinin keçmiş baş direktoru Nika Qvaramiya avqustun 2-də Tbilisi şəhər məhkəməsində Gürcüstanın Baş Prokurorluğunun tələbi ilə şahid qismində dindirilib.
Qvaramiya “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “yayım şirkətinin vəsaitlərinin mənimsənilməsində” şübhəli bilinir.
Qvaramiyaya qarşı iş Gürcüstanın həmin bu ən populyar müxalif telekanal ətrafında son həftələrdə baş verən qalmaqallı hadisələrin davamıdır.
Yeddi il telekanala rəhbərlik etmiş Nika Qvaramiya teleşirkətin yeni sahibi, hakimiyyətə yaxın olan biznesmen Kibar Xalvaşi tərəfindən işdən azad edilib .
Müxalif telekanalın sahibləri arasında çəkişmə 2012-ci ildə, Gürcüstanda hakimiyyət dəyişikliyindən dərhal sonra başlayıb. Hakimiyyət bu prosesi “fərdi şəxslər arasındakı mübahisə” kimi dəyərləndirirdi, müşahidəçilərə isə aydın idi ki, “fərdi şəxslərin” arxasında güclü müxalif mediadan can qurtarmağa çalışan ölkənin hazırkı rəhbərliyi dayanır.
“Rustavi-2” kanalının keçmiş baş direktoru məhkəmədən çağırışı yeni tənqidi televiziyanın yaradılması haqda bildirəndən bir neçə gün sonra alıb.
•Gürcüstan: məşhur müxalif kanal hakimiyyətyönlü ola bilər – bu necə baş verib?
•“Rustavi-2” keçmiş baş direktoru yeni teleşirkət yaradır
•Gürcüstan telekanalında Putinin ünvanına söyüş. Siyasətçilərin və ekspertlərin şərhləri
Qvaramiya hesab edir ki, prokurorluq tərəfindən ona qarşı ittihamların irəli sürülməsinin səbəblərindən biri onun gələcək televiziyasıdır.
Onun sözlərinə görə, ikinci səbəb isə “Rustavi-2” kanalındakı vəziyyətdir. Qvaramiyanın fikrincə, yeni sahibləri teleşirkəti müflis elan etmək istəyir, “çünki başqa yolla əməkdaşları işdən azad edə, onların yerinə yenilərini götürə və bununla da kanalın tənqidi redaksiya siyasətini dəyişə bilmirlər”.
“Onlar real olaraq “Rustavi-2” kanalını müflisləşdirmək istəyirlər və bunun üçün onlara sübut eləmək lazımdır ki, mən pulları hara isə aparmışam. “Rustavi-2”-dən pul götürmək yox, ora pul gətirmək lazım idi ki, şirkət mövcud olsun. Bu, “feyk” işdir”, – Qvaramiya deyib.