“Rustavi-2” - həlledici çəkişmə
“Rustavi-2” ətrafında gərginlik pik zirvəsinə çatır. Cümə günü, fevralın 17-də telekanal rəhbərliyinin və əməkdaşlarının qərarı ilə yayım iki günlük dayandırıldı. Ekranda sadəcə “Ədalətsizliyə qarşı etiraz edirik” sözləri yazılmışdı.
“Bu, televiziyanın əl ata biləcəyi etirazın son formasıdır. Amma bu gün bizə başqa çıxış yolu qoymayıblar”, – “Kuryer” informasiya proqramının aparıcısı, kanalın baş direktor müavini ZaalUdumaşvili bildirib.
Bazar günü isə Rustaveli prospektində teleşirkətin müdafiəsi məqsədilə böyük kütləvi aksiya keçirildi. “Rustavi-2” Ali Məhkəmənin qərarını gösləyir.
Dünən minlərlə insan “Rustavi-2” teleşirkətinə dəstək olmaq üçün Tbilisinin mərkəzində, Rustaveli prospektində toplaşdı.
Məhkəmə hökmünün dəqiq tarixi bəlli deyil, amma çox yaxında – fevralın axırına qədər elan olunacağı ehtimal edilir. Ali məhkəmə son illərin ən səs-küylü işi ilə bağlı – “Rustavi-2”-nin kimə məxsus olmasına dair hökm çıxarmalıdır.
Yarım illik mübahisələrdən sonra Ali Şura ölkənin ən reytinqli telekanalının sahibkarlıq hüququnun kimə veriləcəyilə bağlı son sözü deməlidir.
“İvanişvili, “Rustavi-2”-dən əllərini çək!”, “Azad sözü müdafiə edək”, “Sevimli verilişləri bağlamayın”, “Mən anamı, anam “Rustavi-2”-ni sevir”, “Rustavi-2 xalqa məxsusdur!” – bazar günü, fevralın 19-da minlərlə insan bu transparantlarla keçmiş parlament binası önünə toplaşmışdı.
Sıravi vətəndaşlarla yanaşı müxalifət liderləri, qeyri-hökumət sektorunun, vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, tanınmış müğənnilər və artistlər də aksiyaya çıxmışdı. Hətta bəzən “Rustavi-2”-ə qarşı tənqidi münasibət sərgiləyən insanlar da teleşirkətin müdafiəsinə qalxmışdı, çünki hesab edirlər ki, ölkədə azad sözün yaşaması üçün bu gün mütləq telekanala dəstək olmaq lazımdır.
Etiraz aksiyasına telekanalın əsas informasiya buraxılışının aparıcısı ZaalUdumaşvili “dirijorluq” edirdi. “Əgər “Rustavi-2” məğlub olsa, bu sadəcə bir telekanalın məhvi olmayacaq. Bu o deməkdir ki, sabah sizin öz problemlərinizdən danışmaq üçün heç bir məkan olmayacaq… Bu gün biz birlikdə hakimiyyətə bəyan etməliyik ki, bu ölkədə heç kim heç vaxt azad sözə qəsd edə bilməyəcək!” – Udumaşvili bildirib.
“Rustavi-2”-nin təşkil elədiyi mitinqdə siyasətçilər çıxış etməyib. Kürsüdə ancaq telekanalın jurnalistləri və tanınmış aparıcılar olub. Onlar auditoriyaya dəstəklərinə görə minnətdarlıqlarını bildiriblər.
Özəl mülkiyyət ətrafında mübahisə, yoxsa siyasi ədalət?
2015-ci ilin noyabrında Konstitusiya Məhkəməsi “Rustavi-2” teleşirkətinin iddiasını icraata götürüb və telekanalın hazırkı menecmentinin haqlarını bərpa edib. Bundan bir həftə öncə Tbilisi şəhər Məhkəməsi hazırkı menecmentin səlahiyyətlərinə xitam vermişdi. Ən reytinqli və hakimiyyətə qarşı ən tənqidi telekanalın kimə məxsus olması ilə bağlı məhkəmə çəkişməsi artıq il yarımdır ki davam edir. Bütün bu müddət ərzində teleşirkətin əmlakı həbs altındadır.
Teleşirkətin keçmiş sahiblərindən biri, teleşirkəti 2004-2006-cı illərdə idarə etmiş iş adamı KibarXalvaşi sahib olduğu hissələri geri almaq istəyir. Xalvaşi iddia edir ki, Saakaşvili hakimiyyəti dövründə təzyiq altında teleşirkəti satmaq məcburiyyətində qalıb.
2015-ci ilin noyabrında Tbilisi şəhər Məhkəməsi KibarXalvaşinin xeyrinə hökm çıxarıb. İndi teleşirkət tarixi qərarı gözləyir – teleşirkətin gələcəyi Gürcüstanda son instansiya olan Ali Məhkəmənin hökmündən asılıdır.
“TransparencyInternational – Georgia” qeyri-hökumət təşkilatının məlumatına görə, 2004-2012-ci illər ərzində teleşirkət 20 dəfə sahibkar dəyişdirib. Hər sahibkar dəyişikliyi qaranlıq olaylarla müşayiət olunur, bu günə qədər də bir çox suallar cavabsız qalır. Bütün bu sövdələşmələrin arxasında Saakaşvili rejimi dayanır.
Bütün 23 illik tarixi ərzində “Rustavi-2” teleşirkətinin sahiblərinin şübhəli şəraitdə dəyişməsinə baxmayaraq, bu gün demək olar kimsə şübhə etmir ki, Xalvaşinin arxasında hakimiyyət durur və hakimiyyət şəxsi çəkişmə vasitəsilə tənqidçi mövqeli kanalın sahibini və bununla da redaksiya siyasətini dəyişmək istəyir. Qeyri-hökumət təşkilatlarının nümayəndələri hesab edirlər ki, hakimiyyət öz sələflərinin addımlarını təkrarlamağa çalışır.
İqtidar nümayəndələri “Rustavi-2” teleşirkətinin işini sırf şəxsi kimi məsələ dəyərləndirir və məhkəmə prosesinə müdaxilələrini qətiyyətlə inkar edirlər.
Parlamentdə çoxluğu təmsil edən EkaBeseliyaparlament qarşısında baş tutmuş aksiyanı şərh edərkən vurğulayıb ki, məhkəmə qərarının “Rustavi-2”-nin baxışları və ya azad sözün məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur.
“Biz sadə bir şey istəyirik, biz ədalət istəyirik”, – aksiyada çıxış edərkən kanalın baş direktoru NikaQvaramiya bildirib. Onun sözlərinə görə, bu gün Ali Məhkəmənin yalnızca söz azadlığını müdafiə etmək deyil, həmçinin müstəqil məhkəmə presedenti yaratmaq imkanı var.
“Rustavi-2” – müasir tarixin həlledici fiquru
2017-ci il iyunun 1-də “Rustavi-2”-nin 23 yaşı tamam olacaq. Hətta telekanala qarşı tənqidi mövqedə olanlar da onun Gürcüstanın müasir tarixində xüsusi rolunu etiraf edirlər.
“Qızılgül inqilabı” zamanı “Rustavi-2” açıq-aşkar müxalifəti dəstəklədi. Şevarnadzenin korrupsiya dövründə teleşirkətin jurnalistləri məmurları ifşa edir, efirə kəskin reportajlar buraxırdılar, heç bir qalmaqal onların kameralarından yan ötmürdü. Telekanal hakimiyyətin rahatını pozurdu. Məhz buna görə də hakimiyyət dəfələrlə kanalı bağlamağa çalışıb.
Məhz bu dövrdə “Rustavi-2” populyarlığının zirvəsinə çatdı. “Qalib xalqın televiziyası” – “Qızılgül inqilabından” sonra telekanalı belə adlandırırdılar. Jurnalistlər sakit gəzə bilmirdilər, insanlar onları yolda saxlayır, işlərinə görə minnətdarlıq bildirirdilər.
Hərçənd sonralar telekanalın nüfuzu ilə bağlı ağır dövrlər başladı. “Qızılgül inqilabı” nəticəsində formalaşmış hakimiyyət ağrılı və qeyri-populyar islahatlar aparmağa başladı, güclü tənqidi media sərf eləmirdi. Yekunda elə oldu ki, ölkənin bütün aparıcı teleşirkətləri, o cümlədən də “Rustavi-2” Saakaşvili rejiminin nəzarəti altına keçdi. Kəskin siyasi verilişlər və tənqidi süjetlər efirdən yox oldu. Tədricən, xalqın etibarı öləziyirdi.
Bu gün “Rustavi-2”-nin jurnalistləri öz səhvlərini etiraf edir və əmin edirlər ki, yeni şansı əldən verməyəcəklər: “Bir neçə il əvvəl hakimiyyət “Rustavi-2”-nin redaksiya siyasətini dəyişəndə bu cür etiraz olsaydı, hər şey başqa cür olardı. Bunun əvəzində biz jurnalistlər tədricən bir-bir kanalı tərk etdik, bəziləri isə ümumiyyətlə jurnalistikadan getdi… Əgər o zamanın menecmenti bugünkü kimi mübarizə apara bilsəydi, biz elə o vaxt da televiziyanı əldə saxlaya bilərdik. Biz eyni səhvi təkrar etməyəcəyik, bizim buna haqqımız yoxdur”, – uzun zamandır “Rustavi-2”-də işləyən EkaKadaqişvili deyir.
Aksiya iştirakçılarının əksəriyyəti əmindir ki, bu gün “Gürcü arzusu” iqtidarı da teleşirkətin ələ keçirilməsilə bağlı eyni yolu təkrarlamaq niyyətindədir.
JAMnews-a müsahibəsində aksiya iştirakçılarından birinin dediyi kimi “Rustavi-2” onda söz azadlığı ilə assosiasiya olur və hakimiyyətin xalqı bundan məhrum etmək haqqı yoxdur.“TransparencyInternational- Georgia” təşkilatının direktoru EkaQiqaurinin sözlərinə görə, aksiyaya gələn əhali hakimiyyətə “Rustavi-2”-ni, media plüralizmini və demokratiyanı müdafiə etməyə hazır olduğunu göstərdi.
“Rustavi-2”-ni dəstəkləməyə gələnlər sırasında müxtəlif KİV-dən olan jurnalistlər, kanalın redaksiya siyasətinə tənqidi yanaşan insanlar da vardı.
“Kavkasiya” teleşirkətinin direktoru NinoCanqiraşvilinin sözlərinə görə, telekanalın siyasətinin əsasən onun üçün yolverilməz olmasına baxmayaraq, “Rusitavi-2” fəaliyyətini davam etdirməlidir.
Canqiraşvili hesab edir ki, əgər hakimiyyət teleşirkəti nəzarəti altına götürsə, bütün azad informasiya vasitələri müdafiəsiz qalacaq.
Bazar günü “Rustavi-2” dayandırdığı yayımını bərpa edib və parlament qarşısında baş tutan aksiyanı canı olaraq yayımlayıb. ZaalUdumaşvilitoplananlara söz verib ki, “Rustavi-2” bir daha heç vaxt efiri dayandırmayacaq.