Rusiyanın yerinə - Türkiyə və Azərbaycan. Bəs Gürcüstan? Gürcüstanlı ekspertin şərhi
Rusiyanı Türkiyə və Azərbaycan əvəz edir
Rusiyanın Cənubi Qafqazda təsiri Türkiyə və Azərbaycanın xeyrinə dəyişir, Gürcüstan isə “qapı arxasında” qalır. Politoloq Paata Zakareişvili belə hesab edir. Ekspert “Pirveli” telekanalının efirində bildirib ki, Gürcüstan hökuməti rusiyapərəst yox, aşkar Rusiya siyasəti aparır.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfər etdiyini vurğulayır. Hətta Əliyevin özü də Twitter-də yazıb ki, bundan sonra Qafqazda problemlər Türkiyə ilə Azərbaycan arasında razılaşma yolu ilə həll olunacaq – Zakareişvili bu məqama diqqət çəkib.
“Mən Qarabağ müharibəsindən xeyli əvvəl demişdim ki, Gürcüstan Türkiyə ilə birbaşa təmaslara başlamalıdır, biz onun birbaşa tərəfdaşı olmalıyıq. Çünki Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə var idi [biz neytral tərəf kimi daha çox təşəbbüs göstərə bilərdik], lakin biz o qədər hərəkətsiz olduq ki, indi münaqişə tərəfi olan Azərbaycan bizi Ermənistan-Azərbaycan-Gürcüstan alyansına dəvət edir”, – politoloq deyir.
- Azərbaycan Gürcüstanla müttəfiqliyə can atır. Əliyevin Tbilisi səfərinə sözardı
- Brüsseldə dördüncü Əliyev-Paşinyan-Mişel görüşü. Aİ nə təklif edir?
- “Azərbaycan Rusiyanın işğalçı siyasətini dəstəkləmir” – Bakıdan şərh
Onun öz izahına görə, daha yüksək “sinif” Türkiyə-Azərbaycan var, Gürcüstan-Ermənistan timsalında isə aşağı “sinif” var, baxmayaraq ki, Gürcüstanın bu bölgüdə aparıcı mövqelərdə olması üçün bütün əsasları var idi:
“Bu gün artıq aydındır ki, Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarırlar. Onlar Ermənistanla daha çox danışırlar, çünki Ermənistan Türkiyənin Qafqazdakı geosiyasi rolunu bizdən daha çox görür. Biz sakitlər isə qapı arxasında qalırıq. Azərbaycan Ermənistanla münasibətləri Praqa görüşündə Qaribaşvili ilə belə danışmadan nizamladı. Sonra Ərdoğan Azərbaycana gəldi, hava limanı açdı, nəsə razılaşdırıb, hansısa göstərişlər verdi, Əliyev də onlarla birgə Gürcüstana gəldi. Neft çox yaxşıdır, lakin Gürcüstan sadəcə dəhlizə çevrilir və nə siyasi, nə də geosiyasi çəkiyə malikdir”.
Zakareişvilinin qeyd etdiyi kimi, Rusiyanın bu gün əsas məqsədi Türkiyənin güclənməsinin qarşısını almaqdır.
“Ukraynadakı müharibədən yer üzündə yalnız iki ölkə faydalanır – Türkiyə və Çin. Ərdoğan bu müharibədən danışanda həmişə “Əsas mənəm” demək istəyir. Türkiyənin buğda tədarükü problemini həll etdiyini və Afrikanın acından ölmədiyini nəzərdə tutaraq Türkiyə “Azovstal” qəhrəmanlarını Ukraynaya qaytarmağa kömək etdi. Yaxınlıqda belə bir ölkə var, amma biz bu qonşuluqdan istifadə etmirik, susuruq”, – Zakareişvili qəzəblənir.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 24-də Tbilisiyə səfər edib. Onu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qəbul edib. Əliyevin Tbilisiyə səfəri hətta jurnalistlər üçün də gözlənilməz olub.
İki liderin brifinqində deyildiyi kimi, əsas mövzu enerji sahəsində əməkdaşlıq olub. Azərbaycan Avropaya enerji ixracını artırmağı planlaşdırır ki, bu da Gürcüstan ərazisindən keçən boru kəmərləri vasitəsilə neft və qazın həcminin artması deməkdir.
Əliyevin sözlərinə görə, təbii qazın ixracı üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yüklənməsi artırılacaq və hazırda müvəqqəti olaraq dayandırılmış Bakı-Tbilisi terminalı istifadəyə veriləcək.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır.