Rusiyanın Suriyada biznes maraqları
Məlum olub ki, pirat fəaliyyətinə lisenziya verən Britaniya hökmdarlarının təcrübəsi Rusiyada iyirmi birinci əsrdə öz davamını tapıb. Bu haqda Rusiyanın Suriyada biznes maraqları ilə bağlı jurnalist araşdırması aparan Rusiyanın “Fontanka” qəzeti yazır.
Suriya döyüş və biznes meydanı
Bu hadisə 2016-cı ilin dekabr ayında, Moskvaya Suriyanın neft və qaz naziri Rusiya şirkətləri ilə bir neçə müqaviləni imzalamaq üçün gələndə başlayıb. Bu müqavilələrin məzmunu qalmaqallıdır.
Söhbət ondan gedir ki, Rusiya şirkətləri Bəşər Əsədin maraqları naminə Suriyanın neft və qaz yataqlarının yerləşdiyi ərazilərini azad etmək öhdəliyini öz üzərinə götürür. Əvəzində onlar orada hasil edilən karbohidrogenin qiymətindən 25 faiz pay alır. Jurnalistlərin hesablamalarına görə, söhbət təxminən 25 milyon dollardan gedir. Bu zaman hərbi əməliyyatların qiyməti ayrıca hesablanır.
Fəaliyyətdə olan şəxslər
Bəs Suriyada neft və qaz yataqları uğrunda mübarizə aparacaq, sonra da qələbələrinin bəhrəsindən istifadə edəcək adamlar kimdir? Şirkətin adı çox maraqlıdır.
Müqavilələr Yevgeni Priqojin adlı şəxsə məxsus “Yevro Polis” şirkəti ilə imzalanıb. O, jurnalistlərə daha çox “Kremlin aşpazı” ləqəbi ilə tanışdır.
Priqojin bu ada onunla layiq olub ki, ona məxsus şirkətlər Rusiyanın güc qurumlarına nəhəng ərzaq təchizatı bazarında demək olar ki, inhisarçıdır. Bundan başqa, onlar dövlətin birinci şəxslərinin iştirakıyla keçirilən bütün tədbirləri təşkil edir.
Amma bununla Yevgeni Priqojinin maraqları məhdudlaşmır. O həm də onunla məşhurdur ki, “trollar fabriki”nin – şəbəkədə rusiyalı müxalifətçiləri hədələyən və təhqir edən, dezinformasiya və feyk xəbərləri yayan internet xuliqanların sahibidir.
Bundan başqa, ona 36 milyonluq auditoriyası olan informasiya holdinqi məxsusdur.
Rusiya tərəfindən Suriya ilə müqavilələrin daha bir iştirakçısı “Stroytransqaz” şirkətidir. O da Putinin köhnə tanışı və keçmiş DTK əməkdaşı Gennadi Timçenkoya məxsusdur.
İcraçılar
Amma nə “Yevro Plyus”, nə də “Stroytransqaz” hərbi qurum deyil. Onlar bunun nə qədər gəlir vəd edəcəyindən asılı olmayaraq, heç bir ərazini azad etmək iqtidarına deyillər.
Bəs taran rolunu öz üzərinə kim götürəcək?
Bu zaman da səhnəyə “Lokal müharibə və hərbi münaqişə veteranlarının maraqlarının müdafiəsi liqası” adlı çox maraqlı bir qurum çıxır. Bu ictimai təşkilatın rəhbərləri və üzvləri elə həmin Yevgeni Priqojinin təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Eyni zamanda onlar “Vaqnerin hərbi şirkəti” kimi tanınan başqa bir qurumla sıx bağlıdırlar.
“Vaqnerin hərbi şirkəti” Donbassda (Novorossiya tərəfində) və Suriyada (Əsəd hökumətinin tərəfində) hərbi əməliyyatlarda iştirak edən qeyri-rəsmi hərbi təşkilatdır. “Vaqnerin hərbi şirkətində” xidmət edənlərin Rusiya Federasiyasının heç bir rəsmi güc qurumuyla əlaqəsi yoxdur, bununla belə onlar öz hərbi xidmətlərinə görə dövlətin döyüş mükafatlarını alıblar.
Müasir tarixdə baş verənlərin analoqunu tapmaq çətindir, “Fontanka” yazır, amma son dəfə belə bir şey İngiltərədə XVI-XVII əsrlərdə müşahidə olunub. Orada hökumət ancaq Böyük Britaniyanın əsas düşməni olan İspaniya bayrağı altında gəmiləri qarət edən qanuni piratlığa lisenziya verirdi.