Ermənistan Azərbaycanla arasındakı münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir
Baş nazir bildirib ki, Azərbaycanla münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir:
“Heç kim ümid etmir ki, Rusiya münaqişə iştirakçısı olacaq, çünki Moskva ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir [Qarabağ münaqişəsinin nizamlanması üzrə – JAMnews]. Düşünürəm ki, Rusiyanın konstruktiv rolu olub (atəşkəsin əldə olunmasında) və vasitəçi kimi qalmalıdır, ABŞ və Fransa ilə eyni sırada”.
Rusiyanın “RBK” nəşrinə müsahibəsində Nikol Paşinyan Ermənistan və Azərbaycan sərhədində son hərbi gərginləşmə haqda danışıb. O, açıq bəyan edib ki, münaqişənin müdafiəçisi Türkiyədir və onun fikrincə, bu ölkə regionun təhlükəsizliyi üçün qlobal təhlükə mənbəyidir. O hesab edir ki, Türkiyə Sovet İttifaqı dağılandan dərhal sonra öz destruktiv rolunu və regionda liderliyi ələ almaq arzusunu biruzə verir.
● Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
Sərhəddə stabilləşmə haqda
Baş nazir bildirib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşəndə fəal hərbi əməliyyatların dayandırılması və nisbi sakitliyin bərqərar olması məsələsində ATƏT-in Minsk Qrupunun bütün üç həmsədr ölkəsi (Rusiya, Fransa və ABŞ) mühüm rol oynayıb. Bununla belə, Nikol Paşinyan Rusiyanın rolunu xüsusi qeyd edib:
“Bizim maraqlarımız çox şeydə üst-üstə düşür. Burada yalnız regional yox, həm də qlobal təhlükəsizlik məsələsi oynanılır, çünki bizim regionda vəziyyət o qədər gərgindir ki, eskalasiya qlobal toqquşmalara gətirib çıxara bilər”.
Baş nazir bu bəyanı Türkiyənin öz müttəfiqi Azərbaycana tam dəstək ifadəsinin Ermənistanda fəal müzakirə edilməsi fonunda səsləndirib. Halbuki Ermənistanın strateji müttəfiqi olan Rusiya sadəcə ənənəvi çağırışlarla kifayətlənib.
Baş nazir Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar zamanı Ermənistanın yardım üçün üzvü olduğu hərbi bloka müraciət etmədiyi ilə də fikirlərini bölüşüb.
Söhbət Rusiyanın liderliyi ilə fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Paşinyan xatırladıb ki, Ermənistan SQ vəziyyətin öhdəsindən müstəqil şəkildə gəlib və yardıma ehtiyac olmayıb. Bununla əlaqədar olaraq Ermənistan tərəfi sadəcə “KTMT üzvü olmasından daimi təşkilat şurasını cari vəziyyətlə bağlı məlumatlandırmaq üçün istifadə edib”.
Niyə Azərbaycan Qarabağı yox, Ermənistanı atəşə tutub?
Nikol Paşinyan deyib ki, Azərbaycan üçün Dağlıq Qarabağdan hücuma keçmək çətindir. İş orasındadır ki, qoşunların təmas xəttinə yaxın ərazidə Azərbaycanın çox sayda yaşayış məntəqələri mövcuddur.
Bundan başqa, Paşinyanın sözlərinə görə, Azərbaycanın hərbi hakimiyyəti Qarabağda qoşunların təmas xəttində video-müşahidə sisteminin quraşdırıldığının fərqindədir. Bu kameralar Azərbaycan SQ-nin istənilən hərəkətini qeydə alır:
“Onlar sərhədin video-müşahidə sistemləri ilə çox da təchiz edilmədiyi hissələrdə hücuma keçiblər. Yeri gəlmişkən, bu istiqamətdə sadəcə bir Azərbaycan kəndi var, Ermənistanın kəndləri isə çoxdur. Mən düşünürəm ki, bu, hücumun niyə məhz bu yerdə baş verdiyini izah edir”.
Paşinyan hesab edir ki, bu və ya digər istiqamətdə olmasının fərqi yoxdur, amma Azərbaycan prezidenti güc tətbiq etmək məcburiyyətindədir, xüsusən də ona görə ki, o, vətəndaşlarına Dağlıq Qarabağ problemini hərbi yolla həll edəcəyinə söz verib:
“Son 10 il ərzində Azərbaycan hökuməti SQ-in inkişafı adı ilə milyardlarla dollar xərcləyib. Zaman-zaman [Azərbaycan prezidenti] Əliyev əgər münaqişənin güclə həll edilmədiyi halda bu pulların niyə xalqın rifahının yüksəldilməsinə xərclənmədiyini izah etməyə məcbur qalır”.
Moskvada ermənilərlə azərbaycanlılar arasındakı toqquşmalar haqda
Ermənistan-Azərbaycan sərhədində hərbi gərginlik fonunda ötən həftə Rusiya paytaxtında iğtişaşlar baş verib. Sosial şəbəkələrdə iki diaspora nümayəndələrinin bir-birinə hücum etdiyini əks etdirən videolar yayılıb. Ermənistanın baş naziri bəyan edib ki, Rusiyada ermənilərlə azərbaycanlılar arasında baş verən toqquşmaları ermənilər təhrik etməyib.
Paşinyanın sözərinə görə, Moskvada vəziyyət əvvəlcə Rusiyadakı azərbaycanlı biznesmenlərə məxsus supermarketlərdə Ermənistandan gətirilən mallar qəbul edilməyəndən sonra gərginləşib:
“Bu, Azərbaycanda son 15 ildə tətbiq edilən nifrət ritorikasının bilavasitə davamı idi. Gəlin, Ermənistanın bütün hakimiyyətlərinin ritorikasını Azərbaycan hökumətinin ritorikası ilə müqayisə edək. Biz görəcəyik ki, Ermənistan tərəfinin ritorikasında nifrət yoxdur. Bəli, prinsiplər var, hansısa düşüncələr, hansısa təsəvvürlər var, amma nifrət yoxdur”.
Moskvadakı son hadisələri Paşinyan Rusiyada stabilliyi pozmaq, bu ölkəni beynəlxalq münaqişələr arenasına çevirmək cəhdi kimi dəyərləndirib.
Bu məsələdə, baş nazirin sözlərinə görə, Yerevanın mövqeyi birmənalıdır: bu cür təhriklərə uymaq olmaz, çünki Rusiyanın stabilliyi Ermənistan üçün mühüm strateji amildir:
“Rusiyada yaşayan bütün bu insanlar Rusiya Federasiyasının qanunlarına və qaydalarına əməl etməlidirlər. Azərbaycan tərəfinin davranışı yalnız siyasi və qanunvericilik aspektində yox, həm də mənəvi nöqteyi-nəzərdən yolverilməzdir”.