“Rus dünyası” seriyasından olan filmlər interneti fəth edib. Bu filmlər Rusiya təbliğatına qarşı çıxmaq və Rusiyadan kənarda, müxtəlif ölkələrdə rus icmalarının əslində necə yaşadığını göstərmək məqsədi daşıyır. Film seriyaları Tallində yerləşən ARU TV-də yayımlanıb.
ARU TV öz layihəsini Kremlin analoji şərti adı daşıyan siyasi layihəsinə alternativ hesab edir.
Rusiya prezidenti Vladimir Putin və bir çox Rusiya liderləri uzun illərdir ki, postsovet məkanıda Rusiya icmalarını – “rus dünyasını” dəstəkləməyin vacibliyi haqda danışırlar. Amma postsovet ölkələrinin özündə “Rus dünyası” layihəsini çoxları Moskvanın yerlərdə yaşayan etnik ruslardan istifadə edərək keçmiş Sovet İttifaqı respublikaları üzərində nəzarəti geri qaytarmaq üçün postimperiya cəhdi hesab edir. Çoxları Krımın Ukraynadan qoparılaraq Rusiyaya birləşdirilməsini Moskvanın zaman etibarilə sonuncu “Rus dünyası” layihəsinin nəticəsi adlandırır.
ARU TV filmin ilk üç seriyasını artıq yayımlayaraq, ardıcıl şəkildə Estoniya, Latviya və Belarusun rus icmaları haqda danışıb.
Estoniya
ARU TV-yə inansaq, Estoniyada rus dilində danışan insanlara getdikcə daha az rast gəlmək olur, xüsusən də gənclər arasında. Orada yaşayan rusların əsas hissəsi hələ SSRİ dövründə Estoniyada məskunlaşmış yaşlı insanlardır. Bununla belə Estoniyanın miqrasiya siyasəti miqrantlara qarşı çox loyaldır, film müəllifləri bildirir.
Estoniya gəncləri praktiki olaraq rus dilini bilmirlər, çünki bu dilə ehtiyacları yoxdur. Gənclər Etoniyadan kənarda təhsil almaq və ya işləmək istəyirlərsə, qonşu Skandinaviya, Almaniya və Böyük Britaniyaya gedirlər – Rusiyaya gedən yoxdur.
Latviya
Sovet İttifaqı dağılandan sonra Latviyada ardıcıl olaraq hakimiyyətə gələn hökumətlərin son 25 ildə apardığı siyasət nəticəsində Latviyada sanballı iş yerlərinin 95 faizini latışlar tutur, film müəllifləri məlumat verir.
Bununla belə, Latviya əhalisinin demək olar ki, dörddə bir hissəsi ruslardır. Riqa meri Nil Uşakov da onlardan biridir.
Belarus
Artıq 23 ildir ki, Belarus prezidenti vəzifəsini tutan Aleksandr Lukaşenko uzun müddət Rusiya ilə sıx əməkdaşlığı vacib sayıb və həmişə bildirib ki, “ruslar və beloruslar qardaşdır”. Son illərdə isə onun mövqeyi dəyişib. Belarus Qərblə əlaqələrini yaxşılaşdırmağa başlayıb, Lukaşenkonun Vladimir Putinlə münasibətləri isə pisləşib.
Belarusda ruslar əhalinin səkkiz faizini təşkil edir. Bununla belə rus dili respublikada iki dövlət dilindən biridir, əhalinin üçdə ikisi isə bu dili əsas dil hesab edir.