Rusiya XİN başçısı Sergey Lavrov Gürcüstana gələcəkmi?
Gürcüstan Avropa Şurasında sədr olan ölkə kimi 2020-ci il 14-15 mayda Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasını qəbul edəcək.
Görüşə Avropa Şurasına üzv olan bütün ölkələrin xarici işlər nazirləri gəlməlidir. bu ölkələr arasında Rusiya da var. Yayılmış məlumata görə Rusiya nümayəndə heyətinə bu görüşdə Sergey Lavrov rəhbərlik edəcək.
•Tbilisidə gecə yenidən etiraz aksiyasını dağıdıblar. Yaralılar var
•Tbilisidə etirazlara səbəb olan rusiyalı pravoslav kommunist kimdir?
•Rusiya Dövlət Duması Gürcüstana qarşı iqtisadi sanksiyaların tətbiqi tələb edir
Rusiya xarici işlər naziri nümayəndə heyətinin başında Gürcüstana gələcəkmi? 2020-ci il gələndən Gürcüstanda artıq bu məsələ müzakirə olunmağa başlayıb.
Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ilin avqust müharibəsindən sonra dayandırılıb. Rusiyanın Lavrov səviyyəsində məmurları artıq 12 ildir ki, Gürcüstana ayaq basmayıb. Sıradan rusiyalı deputat Sergey Qavrilovun pravoslav forum çərçivəsində Tbilisiyə səfərinin ardınca izdihamlı mitinqlər və parlament spikeri İrakli Kobaxidzenin istefası gəldi.
Bundan başqa, Gürcüstanın işğal olunmuş ərazilər haqda qanununa əsasən, Abxaziya və Cənubi Osetiyaya Tbilisinin nəzarətində olan ərazilərdən yan ötməklə gedən şəxslərə Gürcüstana giriş qadağandır.
Bu qanun Lavrova qarşı tətbiq olunacaqmı və Gürcüstan onu və Rusiya nümayəndə heyətini qəbul edəcəkmi? Gürcüstan mediası artıq bu sualı müzakirə edir.
Gürcüstan XİN-i hazırkı mərhələdə Lavrovun mümkün səfərini nə təsdiq, nə də inkar edir.
Parlamentin sədri Arçil Talakvadze isə bildirib ki, əgər Lavrov Gürcüstana gələrsə, “onu etirazla qarşılayacaqlar, çünki bizim ərazilərimiz işğal olunub”.
“Gürcüstanda Lavrov Rusiyanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməli olduğu ilə bağlı hakimiyyətin çox prinsipial mövqeti ilə qarşılaşacaq. Bizim vətəndaşlarımızın haqlarının kobud şəkildə pozulduğu, o cümlədən də insanların qətl edildiyi, oğurlandığı və qanunsuz həbs olunduğu halları ilə bağlı konkret nəticələr və dəyərləndirmələr olacaq”, – Talakvadze deyib.
“Gürcüstan tərəfi Sergey Lavrovu ölkəyə buraxacaqmı” sualının cavabında Talakvadze bildirib ki, “sərhədin keçilməsin məsələsi ilə başqa strukturlar məşğul olur”.
“Mən deyə bilmərəm ki, başqa ölkənin xarici işlər naziri hara gələcək, hara getməyəcək. Avropa Şurasında sədrlik Gürcüstana keçib və biz öz üzərimizə sədr-ölkələrin ənənəvi olaraq keçirdiyi bütün tədbirləri, o cümlədən də nazirlər səviyyəsində görüşlərin təşkili ilə bağlı öhdəliklər götürmüşük”, – Talakvadze deyib.
Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərinin biri Qiqi Uqulavanın sözlərinə görə, Sergey Lavrov işğal olunmuş ərazilər haqda qanunu pozub, buna görə də Gürcüstanda ona yer yoxdur.
Uqulavanın bildirdiyinə görə, Lavrovu Gürcüstanın nəzarəti altında olan əraziyə buraxan istənilən şəxs qanunu pozmuş olacaq və “gec, ya tez məsuliyyətə cəlb olunacaq”.
“ “Gürcü arzusu” hökuməti gəldiyi zaman birinci növbədə onlar işğal əleyhinə qanunu ləğv etmək istəyirdilər, buna görə də onlardan hər şeyi gözləmək olar, amma qanun qanundur. Qanun nazirə də, adi vətəndaşa da eyni cür tətbiq olunur. Lavrov Gürcüstan qanunvericiliyini pozub və Gürcüstanın nəzarəti altında olan əraziyə buraxılmamalıdır. Onu ölkəyə buraxanların hamısı qanunu pozmuş olacaq”, – Uqulava deyib.
Ekspert rəyi
Ekspertlər hesab edirlər ki, Sergey Lavrovun səfəri əhalinin böyük hissəsində etiraz doğuracaq və bununla da müxalifətin xeyrinə işləyəcək, eyni zamanda ölkədə gərginlik doğuracaq.
Ekspert Tornike Şaraşenidze hesab edir ki, “Gürcü arzusu” partiyasının hökuməti dalana dirənib və yeganə çıxış yolu ministerialın keçirilməsindən imtina etməkdir:
“ “Gürcü arzusu” tam çaşqın vəziyyətdədir. Sergey Lavrov gəlməlidir, çünki o, Avropa Şurasının üzvü olan ölkənin xarici işlər naziridir. Necə etmək olar ki, o gəlməəsin? Onda belə alınır ki, hökumət onun gəlişinə qadağa qoymalıdır. Bu, Rusiya ilə münasibətlərdə daha çox gərginlik yaradacaq və Gürcüstana bu baha başa gələ bilər. Hökumət üçün yeganə çıxış yolu ministerialın keçirilməsindən yaxa qurtarmaqdır, çünki Sergey Lavrovun ölkəyə səfərinin sakit keçəcəyi və vəziyyəti daha da ağırlaşdırmayacağı ağılasığmazdır”, – Tornike Şaraşenidze deyib.
Gürcüstan Siyasət İnstitutunun təsisçisi Korneli Kakaçianın sözlərinə görə, Gürcüstan Rusiya nümayəndə heyətini qəbul etməli olacaq və əgər bundan imtina etmiş olsa, öz beynəlxalq imicinə zərbə vuracaq.
Kakaçianın “Interpressnews” agentliyinə müsahibəsi zamanı bildirdiyinə görə, vəziyyət kifayət qədər həssasdır, amma Gürcüstan Avropa Şurasının sədridir və Rusiya da daxil olmaqla bütün nümayəndə heyətlərinin işi üçün normal şərtlərin yaradılmasına dair öz üzərinə öhdəliklər götürüb.
“Bu, çox həssas vəziyyətdir, nəzərə alsaq ki, Gürcüstan hazırda sədr ölkədir və əlbəttə ki, bu öhdəliklərdən imtina edə bilməz. İşğal və işğal olunmuş regionalarla bağlı daxili kontekst də eyni dərəcədə önəmlidir. Bizim artıq belə təcrübəmiz var, məsələn, Gürcüstan Kosovanı tanımasa da, kosovalı idmançılar Gürcüstana gəlir. Oxşar bir həll yolu tapılmalıdır”, – Kakaçia deyib.
Eyni zamanda Kakaçia hesab edir ki, Sergey Qavrilovun səfərindən sonrakı hadisələrin təkrarlanacağı təhlükəsi yoxdur.
“Burada kontekst başqadır. Qavrilov hakim partiya tərəfindən dəvət olunmuşdu, bu dəfə isə söhbət ondan gedir ki, Gürcüstan Avropa Şurasının sədridir və öz öhdəliklərini yerinə yetirməlidir. Mən düşünmürəm ki, Gürcüstan müxalifəti bunu anlamır və bu kontekstdəki fərqi görmür”, – Kakaçia deyib.
2019-cu il noyabrın 27-də Gürcüstan Avropa Şurasına sədr-ölkə olub və altı ay ərzində bu mövqedə qalacaq.