“Rus evi” – Rusiya və Azərbaycan arasında yeni gərginlik ocağı
Rusiya və Azərbaycan arasında gərginlik
Rusiya və Azərbaycan arasında gərginlik yeni vüsət alır. Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona “Baku TV”nin Bakıdakı “Rus evi”nin casusluq fəaliyyətində ittiham olunduğu reportajı ilə bağlı irad bildirilib. Bu günlərdə dövlətə xəyanətdə təqsirləndirilən etnik rus Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bəzi məlumatlara görə, bu şəxsin “Rus evi” ilə əlaqəsi ola bilər.
- “Ter-Petrosyan, Köçəryan və Sarkisyan da qanun qarşısında cavab verməlidir”. Bakıdan baxış
- “Keşlə bazarı” sökülür, satıcılar vaxt istəyir
- Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır. Bakıdan baxış
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub
Yanvarın 27-də Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.
“Rusiya tərəfi Rusiya ilə Azərbaycan arasında münasibətlərin 2022-ci il fevralın 22-də ən yüksək səviyyədə imzalanmış Bəyannamə əsasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda, hər iki dövlətin milli maraqlarına uyğun qurulmasının mütləq əhəmiyyətini vurğulayıb.
Bununla əlaqədar olaraq son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassızlığı qeyd edilib”, – Rusiya XİN-in yaydığı məlumatda deyilir.
Həmçinin bildirilir ki, “Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsi zərurəti vurğulanıb”.
“Rossotrudniçestvo” rəhbəri Baku TV reportajı haqda
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov da “Baku TV”nin reportajına reaksiya verib.
“Biz işgüzar nüfuzumuzu qorumaq üçün məhkəmə iddiası hazırlayırıq. Mən Azərbaycan hökumətindən maliyyələşən mediadan bu böhtan və yalanın təkzibolunmaz sübutlarını eşitmək istərdim. Ya da təkzib və üzrxahlıq”, – deyə o bildirib.
“Rossotrudniçestvo” rəhbəri onu da xatırladıb ki, onlar artıq Almaniyada Berlindəki “Rus Evi” ilə bağlı oxşar mövzularda məhkəmələrdə qalib gəliblər. “Alman mediası artıq təkzibləri çap etməli olub. Bizim təcrübəmiz var” – deyə Primakov qeyd edib.
“Baku TV”nin reportajında nədən bəhs edilir?
Azərbaycanın özəl internet kanalı “Baku TV” ötən cümə günü Bakıdakı “Rus Evi”ni mədəni-humanitar iş adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Təfərrüatları təqdim etmədən “etibarlı mənbələrə” istinad edən reportajda Rusiya Mədəniyyət Mərkəzinin millətlərarası qarşıdurmanı təbliğ etdiyi və kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərdiyi iddia edilib.
Efirdə aparıcı deyib: “Təəssüf ki, bura artıq “Rus Evi” deyil, rus casusluğu evidir”.
Reportaj ölkə daxilində kifayət qədər diqqəti cəlb etsə də, məsələ ilə bağlı rəsmi şərh verilməyib.
“Rossotrudniçestvo” tərəfindən idarə olunan “Rus Evi” rəsmi olaraq mədəni-humanitar qurum kimi fəaliyyət göstərir. Onun Azərbaycandakı baş ofisi Bakının Üzeyir Hacıbəyov küçəsində, əlavə mərkəzləri Xaçmaz və Gəncədə yerləşir.
“Baku TV” Azərbaycanda və xaricdə televiziya kanalları, xəbər agentlikləri və nəşrləri özündə birləşdirən hökumətyönlü media konqlomeratı Qlobal Media Qrupunun (GMG) bir hissəsidir.
Svetliçnının “Rus Evi” ilə əlaqəsi varmı?
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Report”un xəbərinə görə, cinayət işinin istintaqını Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti aparıb.
“Müttəhim, Azərbaycan vətəndaşı İvan Nikolayeviç Svetliçnı dövlət təhlükəsizliyinə, suverenliyinə və müdafiə qabiliyyətinə xələl gətirməklə casusluq şəklində qəsdən dövlətə xəyanət etməkdə, habelə xarici kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirməkdə şübhəli bilinir.
Onun törətməkdə təqsirləndirildiyi konkret cinayət əməlləri növbəti prosesdə ittiham aktı oxunarkən sadalanacaq. Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib”, – deyə “Report” xəbər verir.
Hökumətyönlü “Deviçya başnya” Telegram kanalı “Baku TV”nin reportajında Svetliçni işinə mümkün “eyham” barədə yazıb:
“Deyirlər ki, “Baku TV” dövlətə xəyanətdə ittiham olunan və işinə fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq İvan Nikolayeviç Svetliçnının işinə eyham vurur.
Svetliçnının Bakıdakı “Rus Evi” ilə hər hansı əlaqəsinin olub-olmadığını tezliklə öyrənəcəyik”.
Politoloqa Rusiyaya casusluq ittihamı ilə 13 il cəza
Xatırladaq ki, ötən ilin noyabrında müxtəlif telekanal və saytlarda siyasi şərhçi kimi təqdim olunan Nəzakət Məmmədova dövlətə xəyanətdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.
46 yaşlı Nəzakət Məmmədova Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. Cinayət işinin materiallarında onun mütəmadi olaraq Moskvaya getdiyi, orada gizli görüşlər keçirdiyi və aldığı tapşırıqlara uyğun gördüyü işin müqabilində pul aldığı qeyd olunub. İttihamlara Məmmədovanın Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa başqa şəxsləri cəlb etmək cəhdi də daxildir.
Qadın 2023-cü ilin oktyabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Məmmədovanın özünün də vaxtilə DTX-da işlədiyi bildirilir. O, hökm çıxarılana qədər bütün ittihamları rədd edib.
Ekspert şərhi
“Rus Evi” haqda
Azərbaycanlı siyasi icmalçı Fərhad Məmmədovun fikrincə, “Baku TV”nin bu videosu ilə Rusiyaya göstərildi ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk hesabatın açıqlanmasından sonra Rusiya tərəfi növbəti dəfə “xəyanətə gedərsə”, Bakıdakı “Rus Evi”nin başına nə gələ bilər”.
“Moskva Azərbaycanın özəl KİV-də Bakıdakı “Rus Evi”nin fəaliyyətinə dair son xəbərlərdən narahat olub. İş o yerə çatıb ki, Azərbaycan səfirini Rusiya Xarici İşlər Nazirliyinə dəvət ediblər.
Mən belə başa düşürəm ki, bu video bizim təyyarəmizin qəzaya uğraması ilə bağlı ilk hesabatın açıqlanmasından sonra Rusiya tərəfi növbəti dəfə “xəyanətə gedərsə” Bakıdakı “Rus Evi”nin başına nə gələ biləcəyini Rusiyaya göstərdi.
Bakı özünü sığortalayır, çünki Rusiya ona başqa seçim qoymayıb. Axı qara qutuların məlumatları Moskva və Bakının əlinə keçən kimi dərhal “pilotların günahına” işarə edən vicdansız manipulyasiyanı ehtiva edən “həqiqətə oxşar” material sızıntısı baş verdi.
Hesabat dərc olunandan sonra Rusiyanın nə edəcəyi ilə bağlı Bakıya heç bir siqnal gəlmir. Bu müəmma müttəfiqlikdən kənara çıxan addımların nəticələrinin nümayişinə gətirib çıxarır.
Odur ki, cənab Qaluzin Rusiya diplomatiya məktəbinin təəccübləndirə bilməyəcəyi səfir Mustafayevi dəvət etməkdənsə, Rusiyanın hesabata reaksiyası barədə daha çox düşünməlidir”, – deyə o qeyd edib.
Primakovun reaksiyası haqda
“Rossotrudniçestvo” rəhbərinin açıqlamalarına gəlincə, Fərhad Məmmədov bildirib ki, Primakov cilovsuz ritorika əvəzinə Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulan AZAL təyyarəsində həlak olanlarla bağlı matəm günlərində Bakıdakı “Rus Evi”nin nə etdiyi haqda danışmalıydı.
“Rossotrudniçestvo rəhbəri Primakov Bakıda “Rus Evi” ilə bağlı süjetə görə Azərbaycandakı özəl telekanalı məhkəməyə verməklə hədələyir. O, Almaniyanı misal çəkir ki, oradakı məhkəmə işlərində qalib gəliblər.
Amma Azərbaycan Almaniya deyil.
Primakov cilovsuz ritorika əvəzinə Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulan AZAL təyyarəsində həlak olanlarla bağlı matəm günlərində Bakıda “Rus Evi”nin nə etdiyi haqda danışmalıydı.
Ancaq danışacaq bir şey yoxdur!
Geniş açıqlamalar verməkdənsə, Rusiyada mülki təyyarəyə qarşı hava hücumundan müdafiə sisteminin tətbiqinə və göyərtə idarəetməsini “korlaşdırmağa” görə günahı hansı strukturun boynuna götürməsi üzərində işləməyə başlamaq daha yaxşı olardı. Bir də hansı qurum təyyarəyə, ölənlərə və yaralılara görə kompensasiya ödəyəcək, onların arasında Rusiya vətəndaşları da var”, – deyə analitik yekunlaşdırıb.