Rusiya və dünya Vladimir Putinin qələbəsindən nə gözləməlidir?
18 mart 2018-ci il Rusiyada keçirilən prezident seçkilərində seçici iştirakı 67,5 faiz təşkil edib. Vladimir Putinin bu seçkilərdə əldə etdiyi nəticə səslərin 76,7 faizi olub.
Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Putinə 55,2 milyon insan səs verib, bu da Rusiyanın bütün seçki tarixində görünən rekorddur.
Keçən seçkilərdə Vladimir Putinin misilsiz dəstək qazanmasının izahı sadədir. Bu, dünən baş verməyib, uzun zaman boyunca toplanıb. İllərlə və onilliklərlə polis hərc-mərcliyi və təbliğatla. Buna görə də, Rusiya vətəndaşlarına bildiriləndə ki, siz seçki məntəqələrinə gəlib, hazırkı hakimiyyətə səs verməlisiz, onlar tabe olmağı özləri üçün daha təhlükəsiz hesab ediblər. Düzdür, keçirilən seçkilərdə iştirak etməyən 30 milyon seçici heç də hamının qorxmadığını və təbliğata uymadığını göstərir.
Bu qələbədən Rusiya və dünya nə gözləməlidir?
Daxili siyasət
Vladimir Putinin seçkiqabağı kampaniyasının əsas mövzusu təqribən belə səslənirdi: “Rusiya düşmənlər çevrəsindədir”. O, ordu və xüsusi xidmət orqanlarına dövlət xərclərinin artırılmasına, eyni zamanda səhiyyə və təhsil ehtiyacları üçün xərclərin isə azaldılmasına məhz bu tezislə haqq qazandırırdı. Bu siyasəti o, indən belə də davam etdirəcək.
Yalnız ötən il ərzində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) 397 xarici agentin ifşa edildiyi haqda hesabat verib.
Vladimir Putinin və onun ideyalarının rəqibləri mürəkkəb zamanlara hazır olmalıdır. Onları siyasi və fiziki təzyiq gözləyir.
İlk növbədə onların əhali ilə əsas komunikasiya vasitəsinə – internetə zərbə vurulacaq. Seçkilərdən az əvvəl Putinin internet problemləri üzrə müşaviri German Klimenko bildirmişdi ki, Rusiya dünya şəbəkəsindən təcrid olunmağa texniki cəhətdən hazırdır.
“Biz bir daha xəbərdarlıq edirik – ölkə təhlükəli uçuruma doğru gedir, qarşıda pis zamanlar gözləyir və bunların qarşısını almaq imkanları çox az qalıb”, – bu seçkilərdə Vladimir Putinin rəqibi Qriqori Yavlinski deyib.
Rusiyada bir çox seçki məntəqələrində kreativ yanaşma sərgiləyiblər. Bəzilərində səsvermə zalındaca konsert təşkil olunub, digərlərində ucuz qiymətə bulka, pirojki və tərəvəz yarmarkası keçirilib. Tibb bacılarının oturub pulsuz hamının təzyiqini ölçdüyü seçki məntəqələri də olub. Video Reuters
Xarici siyasət
Rusiyadakı seçkilərdə rəqabət praktiki olaraq yoxdu, nəticələr əvvəlcədən bəlliydi – Rusiyada prezident seçkilərinə müşahidəçi göndərən yeganə nüfuzlu beynəlxalq təşkilat olan ATƏT-in bəyanatında deyilir.
Vladimir Putini seçkilərdən dərhal sonra qələbə münasibətilə təbrik edən dövlət başçılarının siyahıısı da çox şey deyir. Dünya liderlərindən bu siyahıda yalnız bu yaxınlarda özünü praktiki olaraq ömürlük ölkə rəhbəri elan etmiş Çin Xalq Respublikasının sədri Si Tszinpin var. Cənubi Qafqaz respublikalarından isə Vladimir Putini ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev təbrik edib.
Vladimir Putinin beynəlxalq təcridi yaxın gələcəkdə aşağıdakı durumlarla bağlı daha da artacaq:
• Krımın ilhaqı və Donbasa müdaxiləyə görə beynəlxalq sanksiyaların qüvvədə qalması;
• Rusiyanın ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə ABŞ sanksiyalarının sərtləşdirilməsi;
• Malayziya “boinqi” ilə bağlı tribunalın nəticələrinə, Böyük Britaniya ərazisində hərbi zəhərləyici maddənin tətbiqinə və Suriyada hərbi iştiraka görə yeni saksiyaların mümkünlüyü.
Nəticə
“Yeni siyasi silsilə üç arzuolunmaz amilin təzyiqi altında inkişaf edəcək: davam edən iqtisadi sanksiyalar, Rusiyanın beynəlxalq təcridi və 2024-cü ildən sonra rejimin saxlanmasını təmin etmək ehtiyacı”, – Rusiyanın aparıcı politoloqlarından biri Kiril Roqov jurnalistlərə bildirib.
Onun fikrincə, “məsələ sadəcə elita və xalqın hazırkı hakimiyyətin onları sürüklədiyi hərbi illərə müqavimətsiz qayıtmağa razı olub-olmayacağından asılıdır”.
“Hazırkı avtoritar rejim öz gücsüzlüyü halında tamhakimiyyətliliyə can atır və o, həyatda qalmaq vasitəsi kimi tabu və qaydaların dağıdılmasından istifadə etməsi ilə təhlükəlidir”, – Rusiyanın xarici siyasəti üzrə nüfuzlu mütəxəssis Liliya Şevtsova baş verənləri belə şərh edir.
Yaxın zamanlarda Vladimir Putinin daxili stabilliyinin onu xarici siyasətdə daha aqressiv olmağa sövq edəcəyini gözləmək olar, bununla əhaliyə göstərmək istəyir ki, onları xarici təhlükədən yalnız o, müdafiə edə bilər.
Putin güman ki, ABŞ və Avropa İttifaqı ilə açıq münaqişədən çəkinəcək. Bu da onu aqressiyasını yönəltməyə qorxmadığı tərəflər – Cənubi Qafqaz respublikaları başda olmaqla bütün postsovet ölkələri üçün xüsusi olaraq təhlükəli edəcək.