Rusiya və Ukrayna “qaz müharibəsini” bitirdi. Bu nə demək ola bilər?
Ukrayna Rusiya ilə Rusiya qazının Avropaya Ukrayna qaz nəqliyyatı sistemi ilə nəqlinin davam etdiyilməsi haqda razılığa gəlib.
Bu məsələ 2014-cü ildən açıq hərbi münaqişəyə cəlb olunmuş hər iki ölkə üçün mürəkkəb və ağrılı idi. Razılaşmanın əldə edilməsi mümkünsüz hesab olunurdu, amma buna rəğmən dekabrın 20-də saziş imzalandı.
Ukraynadakı ekspertlər hesab edirlər ki, sazış imzalamaqla Kiyev Moskva tərəfindən iqtisadi şantaj imkanının qarşısını alıb.
________________________________________________________________________
•Ukrayna və Rusiya: ikiqat rəqib, yoxsa ticarət tərəfdaşı?
__________________________________________________________________________
Ukrayna nə əldə edir və Rusiya nə əldə edir?
•Ukraynanın Hromadske teleşirkətinin verdiyi məlumata görə, ölkələr arasında qaz nəqli haqda müqavilə 5 il müddətinə və eyni şərtlərlə 10 il uzatmaq imkanı ilə bağlanacaq. Köhnə müqavilənin müddəti 2020-ci ildə artıq sona çatır.
•Nəql həcmi hazırkı müqavilədə nəzərdə tutulandan daha çoxdur – 2020-ci ildə 65 milyard kubmetr.
•Rusiya Stokholm arbitrajının qərarına əsasən, 2019-cu ilin sonuna qədər tərəfi Ukraynanın “Naftoqaz” şirkətinə 3 milyard dollara (pul ilə) yaxın vəsait ödəyir;
•Ukrayna tərəfi cavabında yeni iddialardan imtina edir və daha əvvəl Rusiyanın “Qazprom” şirkətinə qarşı qaldırdığı 12,25 milyard dollarlıq iddianı geri çəkir. Bundan başqa, Ukrayna “Qazprom” üzərinə Ukrayna İnhisara qarşı Komitəsinin qoyduğu 7,4 milyard dollar həcmində cərimədən imtina edəcək;
•Razılaşmaların bütün maddələri yerinə yetiriləndən sonra “Qazprom” potensial olaraq Ukraynaya 2015-ci ilin noyabrından dayandırılmış qaz təchizatını bərpa edə biləcək.
__________________________________________________________________________
•“Rusiyanın” olandan beş il sonra Krım necə yaşayır?
__________________________________________________________________________
Ukraynanın Krımdakı “Naftoqaz” şirkətinin aktivlərinin qaytarılması məsələsi həllini tapmayıb. Kiyev 2014-cü ilin martından yarımadadakı fiziki qaz obyektlərinə nəzarət edə bilmir.
O zaman referendum keçirilmiş, yerli əhalinin 96 faizindən çoxu “Krımın Rusiyaya birləşdirilməsinə” səs vermişdi və bu referendumdan cəmi iki gün sonra – 2014-cü il martın 18-də Rusiya Krımı öz tərkibinə qəbul etdiyi haqda bəyanat verdi. Ukrayna Rusiyanı Krımın işğalında ittiham edir və bütün beynəlxalq aləm onu bunda dəstəkləyir.
Saziş imzalandığı zaman Ukrayna və Rusiya qalan ağrılı məsələləri həll etsələr də, Krımdakı “Naftoqaz” aktivləri mövzusu danışıqlarda ümumiyyətlə müzakirə olunmayıb.
Kiyev hələ də bu məsələni Haaqa arbitrağında həll etmək niyyətindədir.
Yeni razılaşma nə deməkdir?
2015-ci ildən Ukrayna Rusiyadan qaz alır. Qaz ölkəyə Avropa İttifaqı ölkələrindən daxil olur, bununla yanaşı Avropa ölkələrinin çoxu mavi yanacağı Rusiyadan alır.
Amma Rusiya qazının Avropaya nəqlini Ukrayna fasiləsiz həyata keçirir.
Ukrayna həmçinin “virtual revers”, yəni Avropa istehlakçıları üçün nəzərdə tutulan qazın bir hissəsini öz ərazisində birbaşa borudan götürüb, Avropa öölkələrindən alınmış kimi sənədləşdirmək imkanına da malikdir.
Bununla belə Rusiya iki alternativ layihə həyata keçirir ki, qazı Ukraynadan yan ötməklə Avropaya nəql edə bilsin – “Şimal axını – 2” və “Türkiyə axını”.
“Şimal axını- 2” Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanır. “Türkiyə axını” Qara dənizin dibi ilə Türkiyəyə qədər gedib çıxır. Hər iki layihə bitmək üzrədir.
Ukrayna vasitəsilə nəql imkanından məhrum olsaydı, Rusiya 3 milyard dollar həcmində illik gəlirini itirmiş olardı. Həmçinin nəql xidmətini həyata keçirən insanlar da işlərindən məhrum olardı.
Bundan başqa, nəqlin dayandırılması Avropada və qazı Avropadan alan Ukraynanın özündə qazın qiymətinin artmasına səbəb olardı.
Amma ən əsası, Ukraynadakı siyasətçilərin və ekspertlərin fikrincə, nəql dayandırılacağı halda Rusiya Ukraynaya siyasi təzyiq rıçaqına sahib olacaqdı, çünki öz qazının Avropa istehlakçılarına nəqli məsələsində ondan asılılığı qalmayacaqdı.
Bu isə Moskva tərəfindən daha çox təzyiq və hərbi münaqişənin yenidən qızışdırılması demək olardı.
Ukrayna saziş bağlamaqla bütün maliyyə və siyasi xeyri ilə tranzit ölkə statusunu saxlayır.
Cavabsız suallar
1.
Rusiyanı Ukrayna ilə saziş bağlamağa nə vadar edib?
Son məqama qədər Rusiya tərəfi qaz nəqli ilə bağlı bütün imkanları inkar edirdi.
Danışıqların başlanması üçün Rusiya tərəfi şərt olaraq Ukraynanın “Naftoqaz” şirkətinin “Qazprom”a qarşı iddialarından və kəsilmiş cərimələrdən imtina etdiyini göstərib.
Bununla belə rusiyalılar müddəti bir ili aşmayan müqaviləyə razı idilər.
2.
Hələlik Ukrayna ərazisi vasittəsilə qazın nəqlinin hansı tariflə həyata keçiriləcəyi bəlli deyil.
Müvafiq olaraq, aydın deyil ki, Ukraynanın Rusiya qazının nəqlindən qazancı nə qədər olacaq.
Ukrayna tranzit xidmətinə görə indi olduğu kimi ildə 3 milyard dollar alacaqmı? Yoxsa bu məbləğ daha az və ya çox olacaq?
Həmçinin Kiyev özü üçün nəyin daha sərfəli olduğuna qərar verməli olacaq: qaz tranzitinin davam etdirilməsi, yoxsa məhkəmə qərarlarına əsasən Rusiyadan 22,65 milyard sollar həcmində cərimənin alınması? Yeni razılaşmaya əsasən, Ukrayna bu iddialardan imtina etməlidir.