Rusiya və Azərbaycan arasında pomidor-alma müharibəsi davam edir
Rusiyanın Azərbaycanla pomidor-alma müharibəsi
Rusiya Azərbaycandan gətirilən böyük həcmdə pomidor, kartof və gilası öz ərazisinə buraxmayıb. Bir çox ekspertlər Rusiyanın qonşu ölkərə qarşı həyata keçirdiyi bu tədbirləri siyasi əsaslı hesab edirlər. Azərbaycanlı ekspertin fikrincə, hazırkı vəziyyətdə Rusiya tərəfinin səsləndirdiyi rəsmi bəyanatların səmimiliyinə inanmaq çətindir, amma Rusiya bununla birinci növbədə özünə ziyan vurur.
- Azərbaycanın quru sərhədləri açılmayacaq
- “Paşinyandan nəyi nəzərdə tutduğunu soruşun”: ABŞ dövlət katibinin müavini Yerevanda
- Azərbaycan, Ermənistan, Gürcüstan: alyans yaratmaq, yoxsa həyatda qalmaq üçün böyük ölkələrlə dostluq etmək?
Nə baş verib?
Rusiya Federal Baytar və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan 530,6 ton bostan və bağ məhsulunun RF ərazisinə daxil olmasına qadağa qoyulduğu haqda məlumat yayıb.
“İnterfaks”ın quruma istinadən verdiyi xəbərinə görə, 2022-ci ilin iyununda Azərbaycandan Rusiya ərazisinə 30 yük partiyası buraxılmayıb: 320,9 ton təzə pomidor, 99,8 ton sənaye kartofu və 109,9 ton təzə gilas.
Rəsmi məlumatda deyilir ki, məhsulun geri qaytarılmasına onda “zərərvericilərin – Cənubi Amerika pomidor güvəsinin (Tuta absoluta Povolny), kartof güvəsinin (Phthorimaea operculella – Zeller) və Şərq güvəsinin (Grapholitha molesta)” aşkarlanması səbəb olub.
Tarixçə
Rusiya tərəfinin Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması tarixi 2020-ci ilin dekabrında, ikinci Qarabağ müharibəsindən demək olar ki dərhal sonra başlayıb.
Rusiya həmin vaxtdan vaxtaşırı olaraq Azərbaycandan gətirilən təzə pomidor və almanı öz ərazisinə buraxmayıb. Maraqlıdır ki, bu cür qadağalar demək olar ki, həmişə Moskva və Bakı arasında gərginliyin artması ilə üst-üstə düşüb.
Amma Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan və misilsiz beynəlxalq sanksiyaların tətbiqindən sonra Moskva xaricdən meyvə və tətəvəzin idxalına münasibətini yumşaldıb. Beləliklə, 2022-ci il martın 5-dən “Rosselxoznadzor” beş ölkədən bağ və bostan məhsullarının gətirilməsinə daha əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
“Azərbaycandan alma, Bosniya və Herseqovinadan armud, Çindən fındıq və çəyirdəkli meyvələr, Moldovadan və Serbiyadan çəyirdəkli və tumlu meyvələr, Banqladeşdən kartof gətirilməsinə icazə verilir”, – qurumun rəsmi məlumatında deyilir.
Bu dəfə nə baş verib və Azərbaycandan Rusiyaya kəndtəsərrüfatı məhsullarının daxil olmasına qoyulan qadağa nə ilə bağlıdır? JAMnews ekspert Asim Kərimova bu sualla müraciət edib.
Şərh
Kərimovun sözlərinə görə, Azərbaycanın istehsal etdiyi məhsulun geri qaytarılması ilə bağlı hazırkı insident əvvəlkilərdən heç nə ilə fərqlənmir:
“Açıq danışsaq, təbii ki, bu cür faktlar nəticəsində böyük zərərə uğrayan istehsalçıların özlərindən başqa heç kim guya məhsulların tərkibində aşkarlanan zərərvericilərin mürəkkəb adlarının sadalandığı “Rosselxoznadzor”un rəsmi məlumatlarını ciddi qəbul etmir.
Bircə o aydın deyil ki, Rusiyanın dövlət strukturları niyə belə parçalanmış vəziyyətdə işləyirlər. Axı sabah Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir və bütün məsələlər həmin pomidorlara qadağa qoymadan diplomatik yolla həll oluna bilərdi.
Rəsmi Bakı və Moskva arasındakı münasibətlərə gəlincə, onlar artıq 2020-ci ilin sonundan, Rusiya ikinci Qarabağ müharibəsini zorla dayandırdıqdan və Qarabağın erməni əhalinin yaşadığı hissəsinəöz ordusunu yeritdikdən sonra korlanıb. Tomat-alma müharibəsi də elə məhz o vaxtdan başlayıb.
Rusiya ordusu Ukraynanın suveren ərazisinə soxulduqdan sonra isə bu münasibətlər tamam pisləşdi. Heç kim üçün sirr deyil ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və həmişə mübahisəli məsələlərin həllində beynəlxalq hüququn yerinə yetirilməsinə istinad edir.
Bu yanaşma Moskvada kimlərinsə xoşuna gəlmir. Və bu beş ay müddətində biz artıq informasiya saytlarına qoyulan qadağaların şahidi olmuşuq, hətta nüvə silahı ilə təhdidə qədər gedib çıxmışdı. Bütün bunlar elə belə deyil.
Təzə bir nümunə gətirəcəm. artıq iki gündür ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağ üzrə xəritələrindən Xankəndi şəhəri yoxa çıxıb. Sülhməramlıların nəzarətində olan ərazilərin xəritələrində bu şəhər sadəcə yoxdur. Düşünürsüz ki, RF Müdafiə Nazirliyində şəhərin adını xəritəyə salmağı unudublar? Yox, o həmişə orda olub. Bu, yəqin ki, Moskvanın Yerevana nəsə mesajıdır.
Kremldə bax belə metodlarla işləyirlər. Kiməsə şəhərin mövcud olmadığına eyham vururlar, kiməsə pomidor gətirməyi qadağan edirlər.
Ən maraqlısı isə odur ki, xaricdən kəndtəsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoymaqla Rusiya birinci növbədə özünə ziyan edir. Sərt beynəlxalq sanksiyalar dövründə ölkədə onsuz da lazı olan hər şeyin qıtlığı yaşanır, ərzaq gətirilməsinə qadağa qoymaq, yumşaq desək, çox da ağllı hərəkət deyil”.