Rusiya və Abxaziya: sürünən “harmonizasiya”
Görünən odur ki, Rusiya Abxaziyanın tam “birləşməsini” yaxınlaşdırır – Gürcüstandan qopan bu respublikaya böyük subsidiyalar ayırır, əvəzində isə qismən tanınan Abxaziyanın müxtəlif yaşam sahələrinin Rusiyaya “harmonizasiyasını” nəzərdə tutan razılaşmanı imzalamağa vadar edir.
Abxaziya məmurları bu razılaşmaların imzalanmasını açıqlamırlar, amma arzu edildiyi təqdirdə onları Rusiyanın dövlət strukturlarının saytlarında tapmaq mümkündür. Beləliklə, Rusiyanın “Novaya qazeta” nəşri 2020-ci ildə Vladimir Putin və Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniyanın görüşündən sonra Rusiya və Abxaziya arasında təsdiqlənən “ümumi sosial və iqtisadi məkanın formalaşdırılması” proqramını nəzərdən keçirib.
Gürcüstanda bu proqramı Rusiyanın son onilliklərdə həyata keçirdiyi ilhaq siyasətinin davamı hesab edirlər. Həm hakimiyyət, həm də cəmiyyət Rusiya tərəfindən istənilən “harmonizasiya” cəhdini etirazla qarşılayır. Amma az əvvəl Suxumiyə səfər etmiş “Novaya qazeta” müxbiri İrina Tumakovanın yazdıqlarından belə qənaətə gəlmək olar ki, birləşmə xəyalları Abxaziyanı da heç də az qorxutmur.
- Tənzimlənməmiş gürcü-abxaz münaqişəsi, nəticələr – Abxaziyada sorğu. Video
- Abxaziya niyə “kriptovalyuta cənnətinə” çevrilib?
- Gürcü-abxaz münaqişəsi: həll yolu və danışıqlar görünmür
“Biz Rusiyanı sevirik”, – “Novaya qazeta”ya Abxaziyanın keçmiş baş prokuror müavini, indi isə “Aidqılara” müxalifət hərəkatının liderlərindən biri Eşsou Kakaliya deyib. – “Amma biz Rusiyaya birləşmək niyyətində deyilik. Biz o qədər illər gürcülərlə müstəqillik uğrunda ona görə döyüşməmişik ki, sonra Rusiyaya birləşək”.
“Biz Rusiyaya birləşəndən sonra Krımda baş verənləri izləyirik”, – “Novaya qazeta”ya keçmiş yüksək vəzifəli abxaz məmur deyib. – “Əgər rusiyalılar bizdən torpaq almağa başlasalar, tezliklə biz özümüz heç bir çimərliyə yaxın düşə bilməyəcəyik. Sizinkilər istəsələr, Ritsa qoruğunda [Ritsa dağ gölü ətrafındakı ərazi] tikinti apararlar”.
“Harmonizasiya” xronikası
Rusiya hakimiyyətinin 2009-2020-ci illər və 2021-ci ilin yanvarına aid rəsmi statistikasına əsaslanan “Novaya qazeta”nın məlumatına görə,Abxaziyanın “rifahının yüksəlməsi” Rusiyanın vergi ödəyicilərinə 63,2 milyard rubla başa gəlib (830 milyon dollara yaxın). Rusiya büdcəsi üçün bu o qədər də çox deyil, amma Abxaziya büdcəsinin 50-70 faizi deməkdir.
Rusiya və Abxaziya 2008-ci ilin noyabrında – Cənubi Osetiyada Rusiya və Gürcüstan arasında beş günlük müharibədən az sonra “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda Saziş” imzalayıb. O zaman Rusiya rəsmən Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Elə həmin vaxt Rusiya büdcəsinə “Abxaziya Respublikasının sosial-iqtisadi inkişafı məqsədilə maliyyə yardımının göstərilməsi” sətri əlavə olunub.
2010-2011-ci illərdə Rusiya və Abxaziya parlamentləri dövlət sərhədlərinin birgə qorunması, investisiyaların qarşılıqlı müdafiə olunması, vizasız səfərlər və gömrük işlərində qarşılıqlı yardım haqda razılaşmanı ratifikasiya edib.
2012-ci ildə Abxaziyada Rusiya hərbi bazası yerləşdirilib, Rusiyanın ayırdığı məbləğlər isə ildən-ilə yüksəlib. 2015-ci ilin fevralında Rusiya “Müttəfiqlik və strateji tərəfdaşlıq haqda” yeni saziş təklif edib, 2015-ci ildən sonra Rusiya parlamenti bütün bunlardan başqa Abxaziya ilə diplomatların qarşılıqlı tanınması, cinayət işlərində hüquqi yardım, cəzalarını çəkmələri üçün canilərin təhvil verilməsi haqda razılaşmanı ratifikasiya edib.
Risklər
Bu gün Abxaziyada küçələrdə bütün məlumat lövhələri, reklam, mağazadakı qiymət göstəriciləri rus dilindədir. Avtomobillərin nömrə nişanları Rusiyadakından təxminən fərqli deyil. Təcili Yardım cə FHN maşınlarının rəngləri Rusiyadakı ilə eynidir. İndi Rusiya Abxaziyaya israrla maşın nömrələri kimi qanun vericiliyin də “surətini çıxarmağı” təklif edir.
“Harmonizasiya” proqramı iki illik nəzərdə tutulub. 40 maddəsi var, ikili vətəndaşlıq və ikili vergi ödəyiciliyi, gömrük qaydaları, tariflər və sairə məsələlərin nizamlanması da onların arasındadır. Amma məsələn, Abxaziyanın üzərinə “qeyri-kommersiya təşkilatlarının və xarici agentlərin fəaliyyətini” nizamlayan normaları yaxın aylarda qəbul etmək (yəni Rusiyadakı normaların surətini çıxarmaq) öhdəliyi qoyan maddə də var.
Ən vacib maddələrdən biri Abxaziya energetikasına “Rusiya Elektrik Şəbəkəsi Şirkəti” tərəfindən investisiya yatırmaq imkanını nəzərdə tutur. Bu, 2021-ci ilin iyununa qədər artıq baş verməlidir. Bu, Gürcüstan üçün böyük riskdir, “Novaya qazeta”dakı reportajın müəllifi güman edir:
“Kökdən düşmüş Abxaziya energetikası ləzzətli tikə deyil. Amma Abxaziya-Gürcüstan sərhədi ilə yarıbayarı bölünən İnqur SES də faktiki olaraq ona daxildir. Gürcüstan ona tam xidmət edir, Abxaziya buna bir qəpik də yatırmır, sadəcə elektrik istehlak edir. Kobud şəkildə desək, Abxaziyanın energetikasını ələ keçirən Gürcüstanın elektrik stansiyasının “açarını” da ələ keçirəcək”.
Əgər indi Abxaziyanın enerji sistemini borclarına görə qanuna əsasən ələ keçirmək mümkün deyilsə, tezliklə “harmonizasiya” sayəsində bu dəyişəcək.
Şərhlər
Abxaziyanın artıq Rusiyanın tərkibinə qarışmağa can atmadığı ilə bağlı jurnalist Anton Krivenyuk razı deyil.
“Abxaziya hakimiyyəti üçün Rusiyaya birləşmək “ehtiyat aerodromu” dur”, – o deyir. – “Bir növ, biz burda hər şeyi tamam məhv edəndən sonra ana-Rusiya var. Onlar anlamırlar ki, bu cür onları heç Rusiya da qəbul etməyəcək. Bu insanlar 30 ildir nəinki fiziki, həm də intellektual təcriddə yaşayırlar. Onlar Rusiyanı özlərinə “Soçi şəhəri, 1999-cu il” formatında təsəvvür edirlər”.
Rusiyanın birinci sinif dövlət müşaviri, Rusiya XİN-in keçmiş əməkdaşı, Rusyadan kənarda yaşayan rusiyalılara fokuslanmış layihələrdə çalışan Tatyana Poloskova Abxaziyada vəziyyətin yaxın zamanda üç ssenari üzrə inkişaf edə biləcəyini proqnozlaşdırır:
“Əgər Bjaniya proqramı həyata keçirməyə başlasa, Abxaziyada dərhal müxalifət ayağa qalxacaq, prezident yerində çox qala bilməyəcək”, – Tatyana Poloskova hesab edir. – “Əgər həyata keçirməsə, o zaman hadisələrin inkişafının üç variantı mümkündür. Birincisi: Rusiya Abxaziyaya “xarici idarəçi” kimi birini otuzdurur, kim ki yerdə onun maraqlarını qoriyacaq. İkincisi: Maliyyə dayandırılır. Üçüncüsü: müstəqilliyin tanınmasını geri çəkir. Hərçənd dördüncü variant da var: hər şey olduğu kimi qalır”.
Məqalə müəllifinin təqdim etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.