Rusiya təbliğatı Avropa üçün qorxuludurmu?
“Novaya qazeta”nın materialları əsasında
Strasburqda Avropa Parlamentinin sessiyasında İttifaqda təhlükəsizlik sahəsini kurasiya edən Aİ komissarı Culian Kinq qeyd edib ki, Rusiya hakimiyyəti Qərbə qarşı başlatdığı dezinformasiya kampaniyasında qətiyyən təvazökarlıq etmir. Bu gün informasiya hərbi silahdır – deyə o bildirib.
Tarixinin ən yaxşı dövrünü yaşamayan Avropa İttifaqı hadisələrin bu cür gedişatına hazır deyildi, çünki özünün əsas silahına – “yumşaq qüvvəsinə” əmin idi. İqtisadi böhran Qərbdən gələn maddi dəstəyi azaldan kimi sosialist düşərgəsinin keçmiş məhbuslarının qərb dəyərlərinə inamı sarsıldı. Miqrasiya böhranı isə əhval-ruhiyyəyə iqtisadi böhrandan daha dağıdıcı təsir göstərdi.
İspaniyadan olan xristian demokrat Esteban Qonsales Pons Avropa Parlamentinin bu sessiyasında çıxış edərkən vurğulayıb ki, Kremlin təbliğata ayırdığı büdcə müqayisəyə gəlməyəcək qədər böyükdür: ildə bu dövlətin milyard avrosu Aİ-nin büdcəsindəki milyon avroya qarşı. Və iki il əvvəl yaradılan Aİ-nin strateji kommunikasiya üzrə operativ işçi qrupunun (East StratCom) 17 nəfərlik ştatlı əməkdaşına qarşı çoxsaylı təbliğatçı ordusu.
Ehtimal olunan reaksiya yolları o qədər də çox deyil. Birincisi, strateji kommunikasiya üzrə operativ qrupun gücləndirilməsi və genişləndirilməsi. İkincisi, söz azadlığını “Aİ-nin fundamental dəyərlərinə hücum edənlərə” qarşı qoymaq. Daha sonra siyasi partiya və KİV-lərin maliyyələşdirilməsində tam şəffaflıq.
Parlamentarilərin məruzələrində və çıxışlarında trollaşmış sosial şəbəkələrlə rəqabətdə keyfiyyətli mətbuata maddi dəstək təklifi açıq səsləndirilib.
Sessiyada Rusiyanı həmişə olduğu kimi kommunist yönlü parlamentarilər, amma onlardan da çox ultra-sağ millətçilər, populistlər və Avropa İttifaqına qarşı nifrətini nümayiş etdirmək üçün Avropa Parlamentində oturduqları yerə milli bayraqlarını sancan avroskeptiklər dəstəkləyib.
Fransanın Xalq Cəbhəsindən Stiv Briua və “Breksit”ə hamıdan fəal rejissorluq edən UKIP partiyasından Cerard Batten də öz çıxışlarında Rusiyanı müdafiə edib.
İtaliyanın sol qüvvələrinin nümayəndəsi Barbara Spinelli bəyan edib ki, Rusiyadakı rejimi dəstəkləmir, amma Aİ-nin siyasi həyatının bütün problemlərinin səbəbini bu dövlətin üzərinə yıxmağın da tərəfdarı deyil. O qeyd edib ki, Rusiyanın Qərbdə seçkilərə müdaxilə etməsi ilə bağlı bir çox ittihamlar əsassızdır.
Həqiqətən də Avropa seçicisi Russia Today-in verilişlərinə baxdığı üçün “Breksit”in, Marin Le Penin və ya “Almaniya üçün Alternativin” lehinə səs verməyib. Avropada bunun öz səbəbləri var. Amma şübhəsizdir ki, Brüssel əvvəllər demək olar ki, mövcud olmayan məqsədyönlü yalan və feyk hesab etdiklərinin ifşası mexanizmini gücləndirəcək.