Şərh: “Rusiya-Türkiyə: geosiyasi savaş, yoxsa rəqabətli tərəfdaşlıq?”
Rusiya və Türkiyə ikinci Qarabağ müharibəsi zamanı ən fəal xarici aktorlar oldu. Bu ölkələrin prezidentləri və XİN rəhbərləri arasında çoxsaylı danışıqlar, hər iki dövlətin hərbçilərinin Monitorinq Mərkəzində iştirakı bu fikri bir daha təsdiqləyir.
Bu vəziyyət münaqişə zonasında həssas sülhün asılı olduğu Rusiya və Türkiyə arasında münasibətlərin gələcəyini təxmin etməyə çalışan siyasi şərhçilər üçün xeyli səbəb yaradır.
“İki dövlətin maraqları Cənubi Qafqaz da daxil olmaqla, bir çox regionda toqquşur. Amma önəmli bir detal da var ki, bunu nəzərdən qaçırmaq yanlış qənaət və təhlillərə səbəb olur: liderlərin – Putin və Ərdoğanın qlobal vizyonu üst-üstə düşür”, – azərbaycanlı politoloq Şahin Cəfərli qeyd edib.
Onun fikrincə, Türkiyə və Rusiya prezidentlərini dünya düzəninə revizionist münasibət birləşdirir: “Onların hər ikisini mövcud dünya düzəninə revizionist yanaşma birləşdirir. Dövlətlərinin imperial keçmişini sahiblənən hər iki lider Rusiya və Osmanlı imperiyalarının vaxtilə hökm etdiyi coğrafiyada yenə söz sahibi olub, çoxqütblü qlobal sistemin formalaşmasına və orada öz yerlərini almağa çalışırlar”.
“Bu baxımdan Ərdoğan Rusiyada nə qədər qıcıq doğursa da, Putin üçün qiymətli tərəfdaşdır. Məsələn, Ərdoğan hazırkı siyasətini ABŞ və NATO ilə bərabər yeritsəydi, Putinin reaksiyası tamam fərqli olardı (Rusiya təyyarəsinin vurulmasından sonra baş verənləri xatırlayın), amma Putin Ərdoğanın müstəqil hərəkət etdiyini bildiyi üçün ona hörmətlə yanaşır, hətta Rusiyanın maraqlarına qarşı yönəlmiş addımlarına da dözüm göstərir.
Lavrov ötən günlərdə demişdi ki, bir dövlət (ABŞ) min kilometrlərlə uzaqdan gəlib burada maraqlarını təmin etməyə cəhd göstərirsə, bölgə ölkəsi olan Türkiyə niyə etməsin?
NATO üzvü olmasına və Qərblə siyasi, iqtisadi, hərbi inteqrasiyaya getməsinə baxmayaraq, Türkiyənin dərin dövlət qatlarında və toplumunda hər zaman bir Avrasiya vizyonu da olub. (Bu, Ərdoğanla başlayan bir məsələ deyil.) Xüsusən 2016-cı il 15 iyul hadisəsindən bəri avrasiyaçı xəttin dövlət içərisində güc qazandığı məlumdur. Cari mərhələdə mövcud Türkiyə iqtidarı bu amildən daha çox Qərbə qarşı təzyiq kimi istifadə edir, “maraqlarımı nəzərə almasanız, alternativim var”, deyir.
…İndiki mərhələdə Ərdoğan bu qırılmanın baş verməsinə çalışmır və NATO-dan ayrılmağı düşünmür. Hələ ki Türkiyə belə bir geosiyasi zəlzələyə davam gətirəcək durumda deyil. (Demokratik seçki institutu olmasa, bəlkə bu tip riskli qərarları daha rahat vermək olardı.)
Demək istədiyim odur ki, Türkiyə ordusunun gəlib burada Rusiyanın qarşısını kəsəcəyi, onu Qafqazdan sıxışdırıb çıxaracağı şəklində radikal gözləntilər mövcud gerçəkliklərə uyğun gəlmir. Bəli, aralarında rəqabət var, bölgədəki maraqları toqquşur, amma hər iki lider praqmatik siyasətçidir və haraya qədər getmək, harada dayanıb, digərinə yol vermək lazım olduğunu yaxşı bilir.
Fakt odur ki, Türkiyənin Azərbaycanda ən güclü olduğu, bura hərbi qüvvə yerləşdirdiyi, Bakının qərarlarına ciddi təsir imkanları əldə etdiyi bir dönəmdə Rusiya ordusu yenidən ölkəmizə (Qarabağa) qayıtdı. Biz bu rəqabətli tərfdaşlıqdan əvvəlcə faydalandıq və ərazilərimizin böyük hissəsini geri qaytardıq, amma yekunda problemi qeyri-müəyyən müddətə yenidən donduran və Rusiyanın bölgə maraqlarını daha çox təmin edən məlum sənədi imzaladıq.
İndi görünən odur ki, həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə qurduğu bu həssas dəngələr dağılmadığı və münasibətlərdə ciddi problemlər yaranmadığı təqdirdə, Moskva burada bədnam Abxaziya, Cənubi Osetiya modelini təkrarlamağa ehtiyac duymayacaq. Əksi olsa, tutaq ki, biz Rusiyanı onun iradəsi ziddinə buradan çıxarmağa cəhd etsək, onda həmin təhlükə realdır (Moskva artıq müvafiq zəmin hazırlayır), hətta Türkiyə də bunun qarşısını ala bilməz. 10 noyabrdan sonrakı yeni status-kvo Putin, Ərdoğan və Əliyev dövründə pozulmayacaq.
Putinin dediyi kimi, məsələnin yekun həlli gələcəyə və gələcək rəhbərlərin öhdəsinə buraxılır”, – Şahin Cəfərli Facebook səhifəsində yazıb.