“Rusiya ilə maksimum ehtiyatlı olmaq lazımdır” – Bakıdan şərh
Qarabağda Rusiya sülhməramlılarının yerləşmə xəritəsinin dəyişməsi, Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin aparılmasına qoyulan qadağa Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Politoloqlar qonşu ölkələrin münasibətlərindəki bu gərginliyi ikinci Qarabağ müharibəsinin nəticələri və Bakıda dekabrın 10-da keçirilən Zəfər Paradı ilə izah edirlər.
- Qarabağda dəyişən xəritələr, mühasirələr, yeni əsirlər: nə baş verir? – Bakıdan şərh
- Pomidorlarda ziyanvericilər, yoxsa Rusiyanın Azərbaycana təzyiq vasitəsi?
“Rusiya silahının imicinə bir dəfə Yom Kippurdan sonra böyük zərbə dəymişdi. [Dördüncü Ərəbistan-İsrail müharibəsi – bir tərəfdən ərəb ölkələri koalisiyası digər tərəfdən isə İsrail arasında hərbi münaqişə. 1973-cü il oktyabrın 6-da Misir və Suriyanın hücumu ilə başlayıb və 18 gün sonra bitib — JAMnews]. Yəni NATO silahlarından texnoloji cəhətdən ciddi geridə qaldığı barədə rəy formalaşmışdı.
İkinci Qarabağ müharibəsindən sonra da bu rəy formalaşıb. Üstəgəl, bu müharibədə təchizat və hərbi taktika, strategiya məsələlərində Sovet-Rusiya ordu sisteminin geridəqalmışlığının bütün çılpaqlığı ilə üzə çıxdığı hər gün dünya mətbuatında müzakirə olunur.
Paradda [2020-ci il dekabrın 10-da Bakıda baş tutan Zəfər Paradı — JAMnews] vurulmuş silahlarının nümayiş etdirilməsi ilə isə sanki təzə yaranın üstünə duz səpildi. Bu çox mənfi psixoloji təsirə malik olub ki, Rusiyanın mətbuat məkanından görmək mümkündür.
Üstəgəl, istər Azərbaycan, istər Ermənistan rəhbərləri ya dolayısı, ya açıq şəkildə Rusiya texnikasının yararsız olduğunu da dilə gətiriblər.
Fikir verirəm ki, Rusiya müdafiə kompleksi hər gün bu təəssüratı dağıtmaq üçün hansısa yeni texnikanın sınaqdan keçirildiyini bəyan edir.
İndi əmin ola bilərsiniz ki, elə vaksində də fərq Jiquli ilə Mercedes arasındakı fərq kimi olacaq. Ona görə yox ki, mütəxəssisləri pisdir. Ona görə ki, sistem belə işləyir. Tez edə bilərlər, keyfiyyətli edə bilmirlər. Keyfiyyət sistemin vecinə deyil, prioritetləri fərqlidir.
Bütün bunlarla yanaşı onu da mütləq deyim ki, bütün bunlar Rusiyanın ümumi hərbi gücü və potensialını görməzdən gəlməyə səbəb olmamalıdır. Rusiya özü haqqında bu zəiflik təəssüratının yaranmasının necə böyük təhlükə olduğunu hamıdan yaxşı bilir və bu təəssüratı dağıtmaq üçün mütləq çalışacaq. Buna görə də onunla maksimum ehtiyatlı olmaq lazımdır”, – azərbaycanlı politoloq, tarix elmləri namizədi Altay Göyüşov Facebook səhifəsində yazıb.